İTV xəbərlər proqramının aparıcısı Alidə Mustafayeva "Fatehin divanı" verilişinə qonaq olub.
Teleqraf.com xəbər verir ki, Alidə Mustafayeva ailəsindən danışıb:
"Bakıda ziyalı ailəsində doğulmuşam. Atam çox zəhmli olub, anam sərbəstliyimizə toxunmayıb. Atam əl qaldırmayıb, amma zəhmindən, səsinin qalxmasından qorxmuşuq. Buna görə də çox utancaq olmuşam".
Alidə Mustafayeva aparıcılıq fəaliyyətindən də danışıb: "Kastinqə 2009-cu ilin dekabrında qatıldım. Orada yüzlələrlə insan iştirak edirdi. Kastinqdə məni Elçin Əlibəyli seçdi və həmin seçimlərdən keçən xanım aparıcı mən oldum.
Uşaq vaxtı səsimdən utanırdım. Sonra elə oldu ki, səsimlə pul qazandım. Xəbərlərə də ilk dəfə radioda başladım. Atam Amerikada fərdi qaydada iki dəfə müəllim işləyib. Orada qəzetlər gətirirdi. İngilis dili və Azərbaycan dilində qəzetlər oxuyurdum. Anamın ayaqqabısıni geyinib məşq edirdim. Amma heç vaxt demirdim ki, aparıcı olacam.
Kastinqdə şou üzrə seçilmişdim. Gördülər ki, məndə şou alınmır, xəbərlərə keçdim. ATV-ə gələndən bir həftədən sonra rubrika ilə efirə çıxdım, amma mənə doqquz ay maaş vermədilər".
Aparıcı onu da deyib ki, uşaqlıq illərində iki ay karate idman növü ilə məşğul olub: "Qardaşım karateyə gedirdi. Bir dəfə ağladım ki, mən də karateyə getmək istəyirəm. Beləliklə, dördüncü sinifdə karateyə getdim və iki ay karate idman növü ilə məşğul olmağa başladım".
Alidə Mustafayeva qeyd edib ki, aparıcı olanda sinif və qrup yoldaşları şoka düşüblər: "Birinci sinifdən 9-cu sinifə qədər ən axırıncı partada oturan və utancaq şagird olmuşam. Məktəbimi dəyişəndən sanki həyatım dəyişdi. Orada sinif nümayəndəsi oldum".
Aparıcı onu da deyib ki, Türkiyə və Azərbaycanın ortaq layihəsi olan filmdən təklif alıb: "Azərbaycan və Türkiyənin Mədəniyyət Nazirliyinin birgə layihəsi idi. "Mahmud və Məryəm" filmi idi. Filmin bücdəsi 15 milyon lirə idi. Rejissorla görüşdük və niyəsə alınmadı. Səbəbi hələ də müəmmalı qaldı".