“Bu həyatda nə kimi əməlisalehlik etmisiniz? Həddi-buluğa çatmayan qız uşağını ərə verənlərə "el adətidir" deyib, bəraət qazandırdınız. Zorlanan qıza yox, cinayətkara can yandırdınız”.
Teleqraf.com xəbər verir ki, bu sözləri sosial şəbəkədə xalq artisti Faiq Ağayev intihar edənlərdən yazarkən qeyd edib:
“Özgənin halal zəhmətlə qazandığı mal-mülkünə qarətçi tək göz dikib, "haramla yığıb da!" dediniz. Qız uşağı doğulmasın deyə, nəsillikcə şiddət göstərib, həyat yoldaşlarınızı aborta məcbur etdirdiniz. Uşaqlarınızın gələcəyini düşünmədən "həzmi-rahat" edib, onları təhsildən uzaqlaşdırıb, bu gününüzə qurban etdiniz.
İndi də intihar edənləri araşdırmadan, "Allaha qarşı çıxdı" adıyla, ağzınız köpüklənə-köpüklənə lənətləyirsiniz. Yaradana ən böyük itaətsizlik edənin, ona qarşı çıxanın ən yekəsi elə özünüzsünüz. Özünüzdən başlayın bu dünyanı səliqə-sahmana salmağa. Əlbət ki, onda Allah özü sizə yar və yardımçı olar”.