Ölkəmizi "Avroviziya-2021" mahnı müsabiqəsində “Mata Hari” mahnısı ilə təmsil edən Samirə Əfəndi ARB televiziyasında şəxsi həyatından danışıb.
Teleqraf.com xəbər verir ki, Samirə Əfəndi müsabiqədə ona sevgisini elan edən Norveç təmsilçisi, Tix təxəllüsü ilə tanınan müğənni Andreas Haukeland ilə münasibətindən söz açıb: "Yaxın günlərdə Bakıya gəlmək istəyir, amma məhdudiyyətlər var. Pandemiyaya görə gələ bilmir. Mən də koronaya görə israr etmirəm.
Yaxşı oğlandır, amma üç həftə tanışlıqdan sonra evlilik düzgün deyil. Biz danışmalıyıq, bir-birimizi tanımalıyıq. Bizim mədəniyyətlərimiz tam fərqlidir. Hələ ki, düşünürəm".
Samirə Əfəndi aparıcının "Oğlan ciddidirmi?" sualına "Hər halda ciddidir. Mən də özümü ciddi göstərmişəm" - deyə cavab verib.
Samirə Əfəndi müsabiqədə 20-ci yer tutmasına da münasibət bildirib: "20-ci yer ilə razı deyiləm, istər vokal, istər səs, istər rəqs baxımından. Mənim öhdəmə düşənin artıqlaması ilə yerinə yetirdim. Yəqin ki, üçüncü dəfə də müsabiqədə iştirak etməyə hazırlaşmalıyıq".