Müğənni Damla prodüser Tarix (Tolik) Əliyevin yutubda yayımlanan "Səmimi" verilişində qonaq olub.
Teleqraf.com xəbər verir ki, yaxın günlərdə doğum gününü qeyd edən müğənni özəl gününə şou-biznes nümayəndələrini dəvət etməməsinin səbəbini açıqlayıb:
"Bu sahədə olduğum vaxtdan indiyə qədər həmişə təklənmişəm və barmaqla göstərilən olmuşam. Həmişə mənə qarşı ironiyə və qəribə baxışlar olub. Bunu hiss etmişəm. Bütün şou əhlini başıma toplayıb, doğum günü keçirsəydim, böyük səs-küyə səbəb olacaqdı. Şou-biznes nümayəndələri bütün günü restoranlarda olurlar, yaxşı da yeyirlər, sağlıqlarına qismət yaxşı geyinirlər və yaxşı da evlərdə yaşayırlar, amma kimsəsiz uşaqlar valideyn himayəsindən məhrumdurlar".
Müğənni Tolikin "Saf insansan?" sualına "Həyat və şou-biznes bəzən insanı elə bir həddə gətirib çıxarır, saf olmaq, böyük-kiçik yeri gözləmək görürsən ki, səni geri çəkir. Hörmətlə yanaşırsan, o gələndə ayağa qalxırsan, hər addımlarımı ölçüb-biçən adamam. Həyatımı əzmədən, zərər vermədən, yıxmadan, qırmadan, tökmədən, heç kimin ahını almadan yaşayıram. Bu Allahdan ən böyük qorxumdur. Görürəm ki, illər keçdikcə şou-biznes insanda saflığın qalmasına qoymur", - deyə cavab verib.
İfaçı onu televiziyalarda tənqid atəşinə tutan xalq artistilərindən də danışıb:
"Bəzən limit var və onu aşanda insan istər-istəməz özü də tükənmişlik sindromuna yoluxur, baxırsan ki, əməyin heyif olur. Əməyə dəyər vermirlər. Hansı ki, özləri də əmək sərf edən, əziyyət çəkən və yaxud da kimlərinsə təkanı ilə bu vəziyyətə gələn insanlardır. Görürsən ki, hər şeyi bilə-bilə sənin əziyyətini yerə vurur, görməzdən gəlirlər. Bu, insana toxunur. 9-10 il öncəyə nəzər salsaq repertuarımda çox dəyişiklik və kliplərin keyfiyyət fərqi var. Oturduğum yerdə saymamışam. Mən özümə hörmət edirəm, işimə hörmətlə yanaşıram. Bu gün başqaları kimi lazımsız mətnlərə mahnı oxuyaram. Amma ilk növbədə gözümün qabağında Fikrət Əmirov adına Musiqi Məktəbi, İncəsənət Universitetində dərs aldığım müəllimlər, sonra televiziya qarşısında əyləşən xalq artistlərini düşünüb geri çəkilirəm. Onların təhsili yoxdur, böyük ustadlar qarşısında imtahan verməyiblər. Onların məsuliyyəti yoxdur və bunu dərk etmirlər. Məni qınayırlar ki, niyə efirlərə tez-tez çıxmırsan?! Bəzən efir vasitəsilə verilən ağıllı məsləhətlərdən yoruluram. Hamı alimdi, psixoloq, pedaqoqdur. Hərdən düşünürəm ki, mənə nəyi öyrətmək istəyirlər!? İradlardan nəticə çıxaran insanam".
Damla Aygün Kazımovanın Xəzər televiziyasında onun mahnısı yayımlanan zaman səsini tanımamasına da münasibət bildirib: "Heç vaxt xalq artistlərini həsədlə izləmirəm, çünki bilirəm ki, onsuz da yaxşı danışmayacaqlar. Amma Aygün Kazımova səsimi bəyənib. Əminəm ki, Aygün Kazımova növbəti verilişlərdə səsimi tanıyacaq və onun çox gözəl musiqi duyumu var".
İfaçı televiziyalarda haqqında danışan həmkarlarından incidiyini də dilə gətirib:
"Uman yerdən küsərlər. Məsələn, mən 20-30 ilimi səhnəyə sərf etmiş bir insanam, xalq artistiyəm, şöhrət ordenli müğəniyyəm və yaxud da diplomum var. Efirə çıxıram və hansısa gənc və orta yaşlı sənətçini tənqid edirəm, ona milyonların içində göstəriş verirəm, sarkazmla danışıram, oturuşumu bilmirəm, aparıcının varlığını görmürəm, sözünü kəsirəm, o zaman mənim aldığım diplom başıma dəysin. Şərhlərdə görürəm ki, o, sənətçilər çox təhqir olunurlar, onların yerinə mən utanıram".
Damla Tarix Əliyevin "Vaxtilə səni tənqid edənlərdən biri Nadir Qafarzadə idi və övladının toy mərasimində idin. Nəyi sübut etmək istəyirdin?" sualına isə belə cavab verib: "Məndəki dəyişikliklər onu fikrindən daşındıra bilər və danışdırıb. Çox sevgi və həvəslə övladının toyunda iştirak etdim".
Damla müğənni Xatirə İslamın televiziyalara qonorar müqabilində çıxmasına da münasibət bildirib: "Efirə çıxarkən ödəniş olunur, dünyada da belədir. Buna qarşı deyiləm və tərəfdarıyam. Çox istərdim ki, zamanla bizim televiziyalarda da qonorar bərpa olunsun".