18 Fevral 2022 09:41
2 317
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış aparıcı Vüsalə Kərimova Teleqraf.com-un "Sözünü de" layihəsində qonaq olub.

Onunla müsahbəni təqdim edirik.

- Vüsalə xanım, Azad Azərbaycan Televiziyasında yayımlanan "Xoş-beş" verilşi ilə efirə qayıtdınız.

- Bəli, ATV-də gündəlik verilişlə tamaşaçılarımın görüşünə gəlirəm. Verilişimiz gündəmlə bağlıdır, efirdə həftəiçi beş gün yayımlanır.

- Hər zaman televiziya ekspertlərə bu sualı ilə müraciət edirik. Televiziyada çalışan bir aparıcı kimi sizin də fikriniz maraqlıdır. Televiziya məkanında hazırkı durumu necə dəyərləndirirsiniz?

- Hazırda televiziyada çalışan bir aparıcının televiziya məkanınını dəyərləndirməsi bir az düzgün çıxmaz. Teleməkanda belə bir hal mövcuddur, telekanallar tamaşaçıların arxasınca düşüb, tamaşaçı televiziyaların yox. Bu da məcburi bir qaydadır, televiziyalarımızı qınamıram. Bəzən gözəllik salonlarında və ictimai yerlərdə xanımların televiziyaları tənqid etdiyini görürəm, deyirlər ki, televiziyalarda intellektual xarakterli verilişlər hazırlasınlar, təbliğ etsinlər.

Mən isə misal çəkirəm ki, həmin mövzuda filan kanalda veriliş var, axı, siz baxmırsınız. Onlar can qoyurlar, veriliş reytinq vermədiyinə görə kanal verilişi bağlamaq məcburiyyətində olur. Məsələn, mən və sözünü, danışığını bilməyən, özünü hansısa yollarla reklam etməyi bacaran, aparıcılığa aidiyyəti olmayan bir aparıcı ilə küçəyə çıxaq, məni yox, onu tanıyacaqlar. Günah məndədir?!

Bu baxımdan işin içində olduğum üçün kanalları qınamıram. Tamaşaçı kimi iradım ola bilər, televiziyada çalışan bir insan kimi isə susuram. Çünki vəziyyətdən xəbərdaram.

- Cəmiyyətdə belə bir şakər də yayılıb, insanlar tənqid etdikləri verilişləri daha çox izləyirlər. Məsələn, Xoşqədəm Hidayətqızının "Səni axtarıram" verilişi bir çox tənqidlərə məruz qalır, amma hər kəs proqramda baş verənlərdən xəbərdardır. Eləcə də Zaur Kamal və Zaur Baxşəliyevin aparıcılıq etdiyi verilişlərdən. Buna səbəb nədir?

- Media çox böyük qüvvədir, bildiyiniz kimi kütləvi informasiya vasitələri dördüncü hakimiyyət sayılır. Bu məsələdə televiziyanın üzərinə daha çox məsuliyyət düşür. Təbii ki, saytların, qəzetlərin və dövrü mətbuatın üzərində böyük yük var. Hazırda elə bir keçid dönəmini yaşayırıq ki, nəinki televiziyalara baxan, heç qəzetləri, saytları oxuyan da yoxdur. Hər kəs sosial şəbəkələrdə aktivdir. Sosial şəbəkədəki izləyicilərin də çoxu bekar adamlardır. Sosial şəbəkədə ancaq qarşılarına çıxan görüntüləri görürlər.

Bu məsələdə ailədə çox böyük asılılıq var, insanın ailədən gördüyü tərbiyədən çox şey asılıdır. İnsanın mühiti, baxışı da ailədən dəyişir. Sənin marağın nəyədirsə, onu da sosial şəbəkələrdən izləyirsən. Belə olan halda televiziyaları niyə qınayaq ki?!

- Yeni aparıcıların efir məkanından tez getməsinin səbəbi nədir? Köhnə aparıcılar gənclərə imkan vermirmi?

- Azərbaycan izləyicisinə belə gəlir. Xarici kanallara diqqət etsək görərik ki, efirdə daha çox oturuşmuş aparıcılara üstünlük verirlər, nəinki təzə çıxan aparıcılara. Heç bir dünya televiziyasında azyaşlı aparıcı yoxdur. Cəmiyyətdə ağzından çıxan kəlməyə inanan aparıcıları efirə çıxarırlar. Çünki insanlar efirə hörmət edirlər. Bizim kanallarda da həmçinin.

Məsələn, kimsə Zaur Baxşəliyevi, Zaur Kamalı, Xoşqədəm Hidayətqızını, Nanə Ağamalıyevanı, məni və həmkarım Vüsalə Əlizadəni bəyənməyə bilər. Zövqlər müxtəlifdir və bu da çox normal haldır. Həmin aparıcıların həyat tarixçəsinə baxanda görürük ki, sırf medai mənsublarıdırlar, bu işin özəyində dayanıblar. İllərini, həyatlarını televiziyaya həsr ediblər. Adını çəkdiyimiz insanlar, mən də daxil olmaqla, heç vaxt televiziyadan uzaqlaşmamışıq. Biz bu işə tramplin kimi gəlməmişik, iki gün efirdə görsənək və harasa işə çağırsınlar...

Amma təəssüf ki, televiziyada yeni addım atanların əksəriyyətinin məqsədi yalnız puldan ibarətdir. Məsələn, mən bir il maaş almamışam, heç qonorar da istəməmişəm. Ona görə yox ki, ehtiyacım olmayıb... Rayondan gəlib şəhərdə təhsil alan tələbənin niyə ehtiyacı olmasın ki?!

Sadəcə düşünmüşəm ki, pul istəməyə hələ nə haqqım var... Hamı bizim zamanımızda mənim kimi idi, ona görə də öyrənə bildik. Amma bu gün televiziyaya gələn aparıcı ilk öncə sual verir ki, nə qədər maaş alacam.

Oğlum Türkiyədən təhsil alır, dostları bilir ki, anası televiziyada çalışır. Uşaqlar ona deyirlər ki, anan çox yüksək maaş alır. Deyir, ana, sənin maaşının qədərini deyəndə utanıram. Oğlumun sözündən mən də utandım...

- Sizin gözəllik salonundan əlavə biznes sahəniz yoxdur?

- Xeyr, gözəllik salonu Yaşar Cəlilovla birgə işimizdir. Sadəcə onlayn olaraq Türkiyədən bir fabriklə razılaşma əsasında ayaqqabı satışı ilə bağlı sifarişlər edirəm. Özümü və uşağımı dolandırmaq üçün əlavə əl atağım işlər bunlardan ibarətdir. 26 ildir televiziyada işləyirəm, bu, bir insanın ömrü deməkdir. Bu səviyyəyə asanlıqla çatmamışam.

- Tanınmış bir aparıcının televiziyada ləhcə ilə danışmasına necə baxırsınız? Bu, Zaur Kamalda daha çox hiss edilir...

- Mən Türkiyənin TRT kanalında bir ay kurs keçmişəm. Orada televiziya və radioda bölgələri əhatə edən, onların dilində danışmağı bacaran, onları televiziyaya cəlb edən aparıcılar da fəaliyyət göstərirlər, xüsusi olaraq verilişlər hazırlanır. Bəlkə o vaxta qədər mən də düşünə bilərdim ki, bu nəyə lazımdır, qulağa yad ifadələr gətirir. Amma bu danışıq tərzi ekrana tamaşaçı cəlb edir. Zaur Kamalın şirin ləhcə və ifadələrlə dediyi sözləri bu kontekstdə qiymətləndirsək, düzgün olmazmı?!

Bəlkə də elə deyil, amma mən məsələyə o istiqamətdə baxıram. Mən də digərləri kimi Zaur Kamalı daşlayaram, deyərəm, danışa bilmir... Bu sözü deyə bilərəm, çünki nitqim çox təmizdir. Deməyə haqqım da çatar.

Zaur Kamalın təmiz və gözəl nitqi var. Sadəcə veriliş üçün bir obraz yaradıbmı - bunu bilmirəm. O da tamaşaçısını efirə bu cür cəlb edir...

- Bu sahədə aparıcılar bir-birinə mane olurlarımı? Aparıcılar arasında səmimi münasibət varmı?

- Var... Özünə güvəni olan insan heç vaxt heç kimə pislik, paxıllıq etmir və heç kimin qarşısını almır. Əksinə, əlindən gələni başqasına edir, eləcə də mən. Özümə güvənən insanam və televiziyada özümə rəqib görmürəm. Hansısa aparıcının etdiyini mən bacara bilmərəm deyə bir şey yoxdur. Bəli, bacara bilmədiyim hərəkət də var - mən "şpaqat" aça bilmərəm. Bunu bacarmıram.

- Mətanət Əliverdiyeva ilə münasibətiniz necədir?

- Mətanət Əliverdiyevaya ilə münasibətim çox gözəldir. Bu dəqiqə zəng edim, elə "can" deyə cavab verir ki, adam ürəyini çıxarıb ona bağışlamaq istəyir. Yəni insan bacardığını edər. Əgər "şpaqat" açmağı Mətanət xanım bacarırsa, bu, onun müsbət keyfiyyətidir.

- Siz İTV-də "İnformasiya" departamentinin direktor müavini və "Carçı" informasiya proqramının aparıcısı olmusunuz. ATV-də də çalışmısınız...

- 14 il xəbərlər proqramında işləmişəm. İlk dəfə aparıcı kimi "Sara" televiziyasında çalışmışam. Sonra ATV və İTV kanalında fəaliyyət göstərmişəm. Hətta İTV-də "İnformasiya" departamentinin direktor müavini omuşam.

- Sizin xəbər sahəsindən şouya gəlməyinizi jurnalistika fəaliyyətinizdə eniş kimi qiymətləndirənlər də oldu...

- Xəbərlərdən şou sahəsinə deyil, MTV-Azərbaycan televiziyasına rəhbər təyin edildim. Bu isə şou sahəsi deyil, öz sahəndə inkişaf deməkdir. MTV Azərbaycan kanalından öncə "Araz" radiosunun rəhbəri oldum, oranın da qurucusu və yaradıcısı mən olmuşam.

Bu gün MTV-Azərbaycan kanalı mənim üçün çox doğmadır. O kanalın üstündə çox insanlar dava edə bilərlər, amma təməlinin qoyuluşu, materialları, hətta elə işçilər var ki, onları da işə mən götürmüşəm. İndi də həmin işçilər orada çalışırlar. Bu, fəaliyyətimdə enişdirsə, razıyam.

- Qeyd etdiyiniz kimi MUZ TV-də icraçı direktor oldunuz. Yenidən hansısa kanalda rəhbər olmaq istərdiniz?

- Rəhbər vəzifə tutmaq mənlik deyil, çünki xaraktercə çox düzgün adamam. Mən haqsızlığı görüb, onun kökünü tapmayana qədər əl çəkən deyiləm. Sizcə, belə insan kanala necə rəhbər ola bilər?! Mümkün deyil.

Yaxın günlərdə rəhbər vəzifəyə təklif aldım, cavab verdim ki, mən çox düzgün insanam, rəhbər olmaq məndə alınmayacaq. Haqsızlığa etiraz edən insanam. Özüm də ətrafımda haqsızlığı görüb, susan insana yox, danışan insanlara daha çox üstünlük verirəm.

İnsan ondan qorxmalıdır ki, biri haqsızlığı görüb susur, sənə yalandan yaltaqlanır və hər şeyə "baş üstə" deyir.

Bəlkə yaşlananda məndə də rəhbər vəzifədə çalışmaq alınar, amma nə qədər ki, canımda su var, aparıcı işləmək istəyirəm.

- Vüsalə Əlizadə və Vüsalə Kərimova - hər ikiniz tanınmış aparıcısınız. Eyni adlı aparıcı olmağın hər hansı çətinliyi və maneçiliyi olmur ki?

- Adla bağlı maneə varsa, bu barədə Vüsalə Əlizadə düşünməlidir. Vüsalə Əlizadədən yaşım və təcrübəm böyükdür. Onu özünə görə, məni idə özümə görə tanıyırlar. Bu məni narahat etmir.

- Gələcəkdə xəbər aparıcılığına dönüş etməyi düşünürsünüzmü?

- Elə bilirəm ki, nə zamansa olacaq...

- Sizin "Ev işləri görən kişini qəbul etmərəm" fikriniz birmənalı qarşılanmadı...

- Bəli, cəmiyyətimizdə səhv anlamaq şakəri var. Mən normal bir qadınam və normal qadın kimi də kişinin evdə iş görməsini istəmirəm. Mənim evimdə kişi qadın işi görə bilməz, bunu sevmirəm.

- Romantik, yoxsa realist insansınız?

- Realistəm. Bilmirəm, sabah yaşayacam, yoxsa yox. Xəyal qurum, xəyallarda yaşayım və sair mənlik deyil. Nə var burdadır, bu gün yaşayıramsa, bu günü də dəyərləndirməliyəm.

- Siz bir dəfə ailə qurmusunuz və bir oğlunuz var. İkinci dəfə ailə qurmağı düşünürsünüzmü?

- Özümə söz vermişəm ki, bir daha ailə qurmayacam. Dəfələrlə şahid olmuşam ki, Allahın insana yazdığı bir tale var. Allah sənə bir yol cızır, sən bu yolda ya irəliləyirsən, xoşbəxt olursan, yaxud əksinə, ayrılırsan, yarımçıq qalır. Sonra sən o yolu daha yaxşı gedəcəksən deyə bir qayda yoxdur. İnsan ailəni niyə qurur? Övladı olmaq üçün... Mənim də övladım var.

- Niyə, həyat yoldaşından ayrılan xanımların ailə qurması çətindir?

- İllər əvvəl "Speys" kanalında aparıcılıq etdiyim "Günaydın" proqramında qonaqlarımdan biri dedi ki, "boşanmış qadınlar cəmiyyət üçün təhlükəlidir". Bu ifadə heç vaxt beynimdən getmədi. Onun cavabını verdim, çünki o ifadə mənə çox pis toxundu ki, nə üçün cəmiyyətimizdə boşanmış qadınlara belə baxırlar?!

Əgər boşanmış qadınlar pis yola düşsələr, günahkarı cəmiyyətdir. Çünki mərdi qova-qova namərd edirlər. Ona görə mən kim nə dedi, kim necə yaşadı və sair kimi ifadələrdən çox uzaq insanam. Heç kimin həyatı mənim üçün maraqlı deyil. Kim kiminlə yaşayır, həyatını hansı formada yaşayır, heç vaxt mənə maraqlı gəlmir. Bildiklərimi, hətta bilmədiklərimi belə bir gün ərzində üzə çıxararam.

Allah insana şüur verib, dəyərləndir. Yoxsa qohum, qonşu, filankəs nə deyəcək deyə yaşayacaqsansa, bunu da özün bilərsən. Get bədbəxt ol. Çox təəssüf ki, cəmiyyətimizin doxsan faizi bu fikirdədir. Ətrafıma nəzər salanda düşünürəm ki, bu dünyanın adamı deyiləm.

- Səhv etmirəmsə namaz qılırsınız?

- Bəli, 2005-ci ildən namaz qılıram.

- Namaz qılmağa necə keçdiniz? Namazda rahatlıq tapırsınızmı?

- Əvvəl namaz qılmaq istəyirdim, amma sözlərini əzbərləyə bilmirdim. Yaşar Cəlilovun anası Ayişə xanımla ziyarətə getmişdik. Ziyarətdən gələndən sonra axşam namazının vaxtı idi, Ayişə xanım dedi ki, gəl, namaz qılaq. Sözləri mənə təkrar elətdirdi. Beləliklə namaza başladım. Namaz mənə mane olmur, yetər ki, mən namaza mane olmayım.


Müəllif: Rəqsanə Həsənova, Foto: Ceyhun Rəhimov

Oxşar xəbərlər