Əməkdar artist Bəhram Bağırzadə qalmaqallı videosu ilə bağlı videomüraciət ünvanlayıb.
Teleqraf.com xəbər verir ki, Bəhram Bağırzadə İnstaqramda video paylaşaraq Araz adlı şəxsdən üzr istəyib: "İki gecədir ki, özümə gələ bilmirəm. Narahatçılıq keçirirəm, gecələr yatmıram, fikir çəkirəm. Çünki Allahın bəndəsinin haqqını yemişəm və qəlbinə toxunmuşam. Videoya çəkdiyim həmin o şəxs mənim məhəllə uşağımdır. Onunla neçə ildir salamlaşıb-sağollaşırıq. Həmin gün "Tık-Tok"da məsləhətlərlə bağlı bir canlı yayım açdım. İnsanlara yaxınlaşıb, sual verirdim ki, "Nə məsləhət görürsən?". Onlar isə öz peşəsinə uyğun cavab verməli idilər, bərbər və s. Bu zaman isə məhəllə uşağım rastıma çıxdı. Çox emosional idim. Evə gəlib həmin o videonu sosial şəbəkələrdə yayımladım. Sonra isə özüm də hiss etmədim ki, başıma belə bir işgələ bilər. "Qurani Kərim"də belə bir misralar var ki, əgər kiminsə qəlbinə toxunmusansa, birinci Allahdan yox, insandan üzr istə. Üzr istə, gəl mənə dua et, bəlkə sənin günahından keçdim. 50 yaşına kimi gəlib çatdım, amma bu işləri görməmişdim. Hər zaman çalışmışam xeyirxah işlər görüm. Amma belə alındı. Mən öz hərəkətimə görə hamıdan üzr istəyirəm. Əgər kiminsə qəlbinə toxunmuşamsa, hamıdan üzr istəyirəm. Birinci növbədə də mənim məhəllə uşağım Araz qardaşımdan...Araz, keç günahımdan. Bilirsən ki, pis niyyətlə etməmişəm. Allah millətimizi qorusun, bizi də onun içində ".
"Araz adlı şəxs də Bəhram Bağırzadənin yanında olub. O, əməkdar artistə "Mən kiməm ki, Allah keçsin günahından. Səhvsiz insan olmur. Hər bir şəxsin başına iş gələ bilər. Sən məndən yaşca da böyüksən, nə olub-olub, öz aramızda qalsın. Allah köməyin olsun. Mən sənə halal edirəm. Lənkəranda qohumlarım narahatdırlar. Onlar və anam bu videoya baxıb rahatlanacaq ki, ciddi bir şey yoxdur. Sən təmiz ürəklə etmişdin, amma başqa cür alındı", - deyə cavab verib.
Qeyd edək ki, bir neçə gün öncə Bəhram Bağırzadə səfil həyatı yaşayan şəxsə “Nə məsləhət görürsən?" deyə müraciət edib. O, isə "Çəkmə, lazım deyil, başına dönüm”,-cavab verib. Videonu sosial şəbəkədə paylaşan əməkdar artist isə tənqidə məruz qalıb.