2 İyun 2022 00:43
1 091
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Brilliant Dadaşova Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edib.

Teleqraf.com xəbər verir ki, Brilliant Dadaşova konsert haqqında təəssüratını bölüşüb: "Səs Azərbaycan" yarışmasından sonra söz vermişdim ki, 2022-ci ili müsabiqənin iştirakçılarına həsr edəcəm. Çünki onları tamaşaçılara tanıtmaq üçün sizə ehtiyacım var. Tək əldən səs çıxmaz.

"Səs Azərbaycan" yarışmasında münsif olarkən hər bir iştirakçını oyundan kənarlaşdırdıqca əziyyət çəkirdim. Görürdüm ki, uşaqlar qazanmaq, evlərinə bir parça yemək aparmaq, ailələrini təmin etmək istəyirlər. Mən isə münsif olaraq məcburən hər həftə birini oyundan kənarlaşdırırdım. Onları kənarlaşdırdığıma görə özümə nifrət edirdim. Sonra bir yolunu tapdım. Düşündüm ki, 2022-ci ili onlara sərf edəcəm. Onları bütün proqramlara çıxardım, indi isə konsertə. 35 ildir ki, solo oxuyuram. Öz mahnılarımı bu dəfə şagirdlərimlə oxuyacam. Hətta digər komandanın iştirakçılarına da dedim ki, kim istəyir gəlsin, yerimiz boldur, ürəyimiz genişdir".

Xalq artisti konsertə görə avtomobilini də satdığını da etiraf edib: "Avtomobilimi satdım, təşkilatçı haqlı olaraq dedi ki, sizin konsertinizi təşkil etmişik. Amma uşaqlarımı səhnəyə çıxardığım üçün bəzi texniki avadanlıqlar aldım. Bunlar hamısı xərc tələb edir. Tamaşaçılarınız sağ olsunlar, biletlər alınıb. Salon doludur. Başqa cür də ola bilməzdi. Amma bu bizim "Səs Azərbaycan" yarışması ilə bir yerdə çıxmağımıza dəlaləti yoxdur. Hər şey mənim boynumadır. Təşkilatçı buna qatılmır".

Xalq artisti "Avtomobilinizi satmağınıza üzüldünüzmü?" sualına isə "Bəli, avtomobilimi satmağıma üzüldüm. Yeni avtomobil almamışam",-deyə cavab verib.

Xalq artisti Vaşinqtonda konsert verən zaman bronxlarının soyuqladığını da deyib: "20 gündür ki, iynə vurdururam. Bronxlarım soyuqlamışdı".

Brilliant Dadaşova səhnədə geyindiyi dərin yırtmaclı mavi rəng geyimi haqqında da danışıb. O zarafatyana oğlunun geyimlərinə müdaxilə etdiyini də deyib: "Oğlum məni öldürəcək(gülür). Balaca olanda əla idi, istədiyim geyimi geyinirdim".


Müəllif: Rəqsanə Həsənova