17 İyun 2022 11:25
713
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Bəhram Bağırzadə sosial şəbəkə hesabında rus dilində paylaşım etdiyinə görə onu tənqid edənlərə cavab verib.

Teleqraf.com xəbər verir ki, Bəhram Bağırzadə feysbuk hesabında bu sözləri yazıb: "Uzun illər feysbuk səhifəmi izləyən bütün izləyicilərimə və oxucularıma müraciət etmək istəyirəm. Etdiyim iş çoxlarının xoşuna gəlir, bəziləri isə o qədər bəyənmir ki, mənə hər cür bədlik və bəla arzulayırlar. Səhifəmi oxuya, ya da yan keçib yazılarımı görməməzliyə vura, ana və ya xarici dildə şərh yaza bilərsiniz.

Amma mənim səhifəmdə gördüyüm işlərə görə üstümə neqativ tökməyin! Xarici dildə yazmağımı bəyənməyənlərə bir sual vermək istəyirəm - bəs siz kimsiniz? Ana dilimdə deyil, xarici dildə arayış gətirdiyim mənzil istismar idarəsinin rəhbərləri, dövlət qurumlarının nümayəndələri, hansısa komissiyanın üzvlərisiniz?

Təbii, ölkəmizin dövlət dili Azərbaycan dilidir, amma siz bu qədər ağıllı və maarifçi insanlar necə bilmirsiniz ki, Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinin II hissəsi və 45-ci maddəsinin I hissəsi var, bu da istənilən Azərbaycan vətəndaşına - mən də daxil olmaqla imkan verir ki, istənilən dildə oxuyaq, yazaq, danışaq və yaradaq!

Biz müasir, demokratik və azad ölkədə yaşayırıq və əgər dövlətin ali qanunu mənə hər hansı dildən istifadə etmək hüququ verirsə, onda sizin nə haqqınız var ki, mənə nəyisə qadağan edəsiniz?

Özünüzü Konstitusiyadan üstün hesab edirsiniz? Əgər belədirsə, onda bir psixoloq və ya psixiatrla əlaqə saxlamalısınız. Mən isə Bəhram Bağırzadə özüm üçün lazımlı və faydalı hesab etdiyim işlərlə məşğul olacam.

Mənimlə eyni dalğada olan bütün dostlarıma və həmfikirlərimə sülh, xeyir və firavanlıq arzulayıram. Səhifəmi, statuslarımı, hekayələrimi və digər mətnlərimi bəyənməyənlərə isə çıxış yolunu bildiyiniz üsulda səhifəmi tərk etməyi tövsiyə edirəm. Mən rəqəmlərin dalınca getmirəm, ona görə də bu gündən bütün neqativ insanları bloklayıb siləcəyəm. Əlvida, qaranlıq enerjinizi atmaq üçün başqa yer axtarın".


Müəllif: Rəqsanə Həsənova