Müğənni İlahə Fəda Teleqraf.com-un suallarını cavablandırıb.
Müsahibəni təqdim edirik.
- Prezident İlham Əliyev tviter hesabında Azərbaycan Ordusunun Laçın şəhərinə yerləşdiyini açıqladı. Laçınlı məşhur kimi sizin təəssüratlarınızı eşitmək istərdik.
- Təəssüratlarımı dilə gətirmək çox çətindir, sözlər yetmir. Özümü çox xoşbəxt hiss edirəm. Axır ki, nəfəs alacam. Doğulduğum Laçının havasını 30 ildən sonra udacam. Çox duyğuluyam. Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allah rəhmət eləsin. Şəhid analarının qarşısında baş əyirəm. Ali Baş Komandanımıza çox sağ ol deyirəm. İlham Əliyev ömürlük prezidentimdir! Cənab prezident torpaqlarımızı nankorlardan geri aldı. Prezidentimiz böyük iş gördü və adını tarixə yazdırdı.
- Laçınlı illəri necə xatılayırsınız?
- Laçında doğulmuşam, 15 yaşıma qədər orada böyümüşəm. Kəndimizi, qonşularımızı, qohumlarımızı, məktəbimi, müəllimlərimi həmişə qəlbimdə yaşadıram. Nə xoş ki, artıq kəndimə, el-obama gedə biləcəm.
- Laçına gedərkən öncə nə edəcəksiniz?
- Bu haqda çoxdan düşünmüşdüm. Çoxları ümidini üzmüşdü ki, artıq Qarabağ bizim deyil. Heç vaxt ümidsiz olmamışam və bilirdim ki, ədalət bir gün yerini tapacaq. Arzum var idi və onu edəcəm. Öz kəndimdə ocaq qalayacam, Üzeyir Hacıbəyovun əsərlərini dinləyəcəm. 30 ildə ən böyük arzum bu olub.
- Yenidən Laçında yaşamaq istərdinizmi?
- Əlbəttə, öz kəndimdə, öz elimdə yaşayacam. 30 ildir suyu qaynadıb içirəm. Artıq bulaq suyu içəcəm, təmiz hava qəbul edəcəm. Ömrümün qalan hissəsini Laçında, öz kəndimdə yaşayacam. Kəndimin adı Alxaslıdır.
- Bacınız Fədayə Laçınla kəndinizdə musiqi məktəbi açmaq kimi fikriniz varmı?
- Hələ ki elə bir fikrimiz yoxdur. Əsas odur öz doğma kəndimdə yaşayım, sonrasına baxarıq. Həyat nə gətirər-gətirər. Əsas odur ki, dediyim kimi öz kəndimdə yaşayım. İşim olanda isə Bakıya gəlib qayıdaram.