"O gün onu son dəfə çəkirəmmiş, xəbərim olmayıb. Mənə dedi ki, videoya çəkirsən? Çəkmə, nə olar, sonra götürüb qoyacaqsan internetə, istəmirəm. Çəkdim, amma internetə qoymadım. Gizlincə ailəsinə göndərdim. Beyin əməliyyatından sonra onunla olan hər anı çəkib saxlamaq istəyirdim. Noyabrın 2-si, Tahir Əkbərin son çəkilişi... Nə yaxşı ki, bu videonu çəkmişəm. Hətta ona qoşulub zümzümə də etmişəm”.
Teleqraf.com xəbər verir ki, bu sözləri əməkdar artist Aybəniz Haşımova İnstaqramda əməkdar incəsənət xadimi Tahir Əkbərin videosunu payalaşarkən deyib:
“Çox təvazökar, alicənab, aristokrat insan idi, musiqiləri onun daxili dünyasının aynasıydı. Yeri heç vaxt dolmayacaq. Hər nöqtə-vergülü bir qızılgül bağçası idi, düzülmüşdü onun not sətirlərinə. Mahnıları özündən xoşbəxt doğulmuşdu. Özü isə bu dünyada xoşbəxt ola bilmədi.
Allah bir tərəfdən verəndə, digər tərəfdən mütləq alır. Görünür, necə şanssız doğulubmuş ki, bir qəbir yeri belə ona qismət olmadı. Sonda atasının məzarını açıb, balasını onun qucağına qoydular. Sanki, balana yiyə dur, biz sahib çıxa bilmədik, dedik. Budu həyatın ədalətsiz, qəddar, acımasız həqiqəti.
Eybi yox, əsas odur ki, atasının yanındadır. Yoxsa ona dəfn üçün verilən gölün ətrafında, qamışlığın içində qurbağaların səsi dahi Şövkətimizin ifasında səslənən mahnıları bəstəkara unutduracaqdı. Olan-qalan beynini də onların səsi dağıdacaqdı.
Neçə ildir noyabrın 2-də qızı Bəhriyyə, həyat yoldaşı Aybəniz xanım gedib onu ziyarət edirlər, məzarına gül qoyub gəlirlər. Onun da nağılının sonu belə bitdi, əbədi rəhmət olsun sənə, Tahir Əkbər".
Qeyd edək ki, Əməkdar incəsənət xadimi, bəstəkar Tahir Əkbər 2018-ci ildə 72 yaşında vəfat edib.