Kikboks üzrə 6 qat dünya çempionu Pərviz Abdullayev AzTV-də yayımlanan "Görüş yeri" verilişində qonaq olub.
Teleqraf.com xəbər verir ki, Pərviz Abdullayev idman karyerasına son qoyacağını deyib.
"İdman sahəsi yavaş-yavaş sonlanır, bu, yaşla əlaqədardır. Yəqin ki, son bir-iki akkord alıb, idman karyerasını bitirmək lazımdır. Çünki hər şeydən zamanında getmək gözəldir", - o bildirib.
İdmançı “Ən yadda qalan məğlubiyyətiniz hansıdır?” sualına “Məğlubiyyətlərimə səbəb kimi ya burnum sınıb, ya qaşım açılıb, buna texniki nakaut deyirlər, həkimlər döyüşməyə icazə vermirlər. Bütün məğlub olduğum döyüşlər yadımdadır. Çox az məğlubiyyətim var, amma çox pis olmuşam, əsəbləşmişəm”, - deyə cavab verib.
İdmançı xarakterindən də danışıb: "İnsanın xarici görünüşünə baxmayın, çox sərt ola bilər, amma daxili başqadır. İdman sahəsi məni sərtləşdirmədi. Amma aldığın zərbələrdən dolayı bir az yaddaşsız, unutqan olursan, duyğusallıq xarakterinin bir hissədir. Onu öldürmək çətindir. Necə doğulursan, elə də davam edirsən".
Pərviz Abdullayev böyük oğlu Yusifin rep deməsindən də bəhs edib: “Oğlum rep deyir, idmanla məşğul olur. Özünü göstərməyi xoşlayır. Türkiyədə məktəbdə oxuyur. Gələcəkdə hansı sahəni istəyirsə davam etsin, repçi olmaq istəsə olsun, daha yaxşı”.
Qeyd edək ki, Pərviz Abdullayev ailəsiylə Türkiyəyə köçüb.