Nizami Kino Mərkəzində “Mən burada tək olmuşam” filminin təqdimat mərasimi baş tutub.
Filmin rejissoru Emil Quliyev Teleqraf.com-a açıqlamasında ekran əsərindən danışıb:
"Dram-triller janrında olan filmdə baş rolları Hikmət Rəhimov və Azər Aydəmirov canlandırıb. Çəkilişlər çox çətin keçdi. Hava soyuq idi, çəkilişlərimizi dağlıq ərazidə aparırdıq. Filmin hekayəsini mənə 2014-cü ildə Bahh Tee kimi tanınan reper Bəxtiyar Əliyev göndərmişdi. Maliyyə ayrıldıqdan sonra ssenaristlərimiz Nurlan Həsənli və Nicat Muxtarov qısa vaxt ərzində ssenarini yazdılar. Beləliklə, film çəkilişləri başladı.
Çəkiliş üçün bizə kimsəsiz bir ev lazım idi. Evin ətrafında heç nə olmamalı və dağlıq ərazidə yerləşməli idi. Evi tapdıq, məlum oldu ki, oraya getmək üçün yol yoxdur. Qısa müddətdə yol çəkməyə məcbur olduq. Elektrik dirəkləri basdırdıq. Hava şəraitinə görə bəzi səhnələrdən keçmək məcburiyyətində qaldıq".
Rejissor "Əqrəb mövsümü" çoxseriyalı bədii filmin davamının çəkilməsi haqqında da məlumat verib:
"Ümid edirik ki, "Əqrəb mövsümü"nün davamı çəkiləcək. "Körpü" serialı da marqlıdır. Amma tamaşaçı tərəfindən "Əqrəb mövsümü" daha geniş yayıldı. "Körpü" birinci yayımlandı və tamaşaçılar televiziyaya üz tutdular. Onlarda inam yarandı".
Qeyd edək ki, filmdə aktyorlar Hikmət Rəhimov, Arzu Abdulova, Nəsibə Eldarova, Zemfira Əbdülsəmədova, Sanura Cafarova rol alıblar.