Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib.
Teleqraf.com xəbər verir ki, Mahsun Kırmızıgül Hava Limanında mətbuat nümayəndələrinin suallarını cavablandırıb.
"Dostlar, yaxşı olduğumu deyə bilmirəm. Bir aya yaxındır ki, zəlzələ bölgəsindəyəm. Dünən İstanbula gəldim, bu gün isə Bakıdayam", - o qeyd edib.
İfaçı Prezident İlham Əliyevə və xalqımıza Türkiyəyə dəstək olduğu üçün təşəkkürünü bildirib: "Acımız çox böyükdür. Çoxlu itkilərimiz var. Öz adımdan yardım və dəstək üçün Prezident İlham Əliyevə və Azərbaycan xalqına təşəkkür edirəm. Elbistanda, Adıyamanda, Hatayda azərbaycanlı dostlarımızla birlikdə iş gördük, görüşdük. Ona görə sizə təşəkkürümü bildirirəm. Konsertdə görüşənədək".
İfaçı "Zəlzələ bölgəsində film çəkəcəksinizmi" sualını isə belə cavablandırıb: "Ölkəmizdə baş verən fəlakətlə bağlı film çəkə bilmərəm. Orada həm qızımı, anamı, həm də qardaşlarımı gördüm. Yaxınlarımızı itirdik. Onlar bizim xalqımızdır. Doğrudan da bu, əsrin fəlakətidir. Həyatımda belə bir şey yaşamamışam. Biz bu acı və travmanın öhdəsindən necə gələcəyik, özüm də bilmirəm. Allah heç kimin başına belə bir bəla göndərməsin".
Mahsun Kırmızıgül onu da deyib ki, konsertdən əldə etdiyi gəliri zəlzələ qurbanlarına bağışlayacaq: "Konsertdən əldə etdiyim gəliri zəlzələ bölgəsinə verəcəyəm. Mən bu hadisənin ikinci günü Adıyamana, sonra isə Hataya və Elbistana getdim. Əlimizdən gələni etməyə çalışdıq və indi də yardım etməyə davam edirik. Çünki hələ dağıntılar altında insanlar və ölənlər var. Həqiqətən çox çətindir".
Qeyd edək ki, Mahsun Kırmızıgül martın 12-də Bakı Konqres konsert verəcək.
.