Xalq artisti Eyyub Yaqubov Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edib.
Eyyub Yaqubov Teleqraf.com-a açıqlamasında konsert haqqında təəssüratlarını bölüşüb:
"Bu konsertimiz Novruz bayramı və müqəddəs Ramazan ayının ilk günlərində baş tutur. Bu müqəddəs ayda konsert verməyimiz çox gözəldir. Bu gün gözəl bir niyyət gecəsi olacaq. Bir yerdə dua edəcəyik, mahnılarımızı ifa edəcəyik. Konsertimdə məhəbbət mövzusunda nəqledici olacam. Fuad Musayev və Natavan Cəbizadə iki gəncin məhəbbətini ifadə edəcəklər".
Xalq artisti konsert tarixinin təxirə düşməsindən də danışıb: "Qardaş Türkiyədə baş verən böyük faciəyə görə konsert verə bilməzdik. O qədər insanlar həlak oldular. Allah hər birinə rəhmət eləsin. Ona görə də konsertimizi martın 25-26-a keçirdik".
Eyyub Yaqubov onu da deyib ki, konsertdə Elçin İmanovun iki yeni mahnısını ifa edəcək: "O, Balaxanı haqqında gözəl bir mahnı bəstələyib. Hazırda Bakı kəndləri abadlaşır. İlk olaraq Balaxanı kəndi abadlaşıb. Ona görə də hələlik Balaxanıdan başlamışıq. Balaxanının çox maraqlı tarixi var. Bu gün Elçin İmanovun
"Sevən ürəklər" və "Balaxanı" haqqında mahnısını təqdim edəcəyik. Avqustda da konsert proqramı ilə çıxış etməyi düşünür. Konserti "Sea Breeze" də planlaşdırırıq".
Konsertin bədii rəhbəri, estrada müğənnisi Fuad Musayev isə bildirib ki, bu konsert digərlərindən fərqli olacaq: "Konsertimiz şou xarakterli olacaq. Keçən konsertlərdən fərqli olaraq Eyyub Yaqubov yeni mahnılar da ifa edəcək. Bu gün mən və Eyyub Yaqubov yeni mahnılarımızı təqdim edəcəyik".
Qeyd edək ki, Eyyub Yaqubovun “Big bang sound pro” ilə birgə planlaşdırılan konserti fevralın 15-16-dan martın 25, 26-sına keçirilib. Buna səbəb Türkiyədə baş verən dəhşətli zəlzələ olub.