Xalq artisti Emin Ağalarovun dəvəti ilə SSRİ xalq artisti Nani Breqvadze Bakıya gəlib.
Teleqraf.com xəbər verir ki, Nani Breqvadze “Sea Breeze Walk of Famе”də (Sea Breeze Şöhrət Xiyabanı) iştirak edib.
Emin Ağalarov Nani Breqvadzeyə ölkəmizə gəldiyi üçün təşəkkür edib: "Nani xanım, sizə ayrıca minnətdarlığımı bildirirəm. Biz sizi burada çox gözləyirdik. Ümid edirəm ki, Nani xanım buraya növbəti dəfə gələndə konsert proqramını bizə ərmağan edəcək. Təbii ki, bu da onun əhvalından asılı olacaq".
Nani Breqvadze isə bu sözləri deyib: "Deməyə söz tapmıram. Sizə hər şeyə görə təşəkkürümü bildirirəm. Əlbəttə, mən çox şadam və imzamın "Ulduzlar xiyabanı"nda olacağına hazır deyildim. Şadam ki, Emin, səninlə birlikdə əfsanəvi ifaçı Bubanın (mərhum Vaxtanq Kikabidze - red.) “Kvavilebis kvekana” ("Çiçəklər ölkəsi") mahnısını duet şəklində ifa etdik. Düşünürəm ki, bu mahnı ifamızda pis alınmayıb. Bu əsərdə böyük sevgi var. Məhəbbət isə hər zaman qalib gəlir".
Açılış mərasimindən sonra Emin Ağalarov və Nani Breqvadze jurnalistlərin suallarını cavablandırıblar.
Mərhum əfsanəvi müğənni Vaxtanq Kikabidzenin repertuarında yer alan “Kvavilebis kvekana” ("Çiçəklər ölkəsi") mahnısından söz açan Emin Ağalarov bu əsəri duet şəklində oxumağa razılıq verdiyinə görə Nani Breqvadzeyə təşəkkürünü bildirib:
"Nani xanımla mən dostumuz, mərhum əfsanəvi müğənni Bubanın bəstələdiyi “Kvavilebis kvekana” mahnısını duet oxuduq. Bu gürcü nəğməsini uşaq vaxtlarımdan sevirəm. Nani xanım da bu mahnını çox gözəl bilir. O, mənə onun yaradıcılığına və istedadına toxunmağa, bu mahnını birlikdə oxumağa icazə verdi. Mən bunu çox yüksək qiymətləndirirəm və ona minnətdaram. Bu musiqi mənim ürəyimdəndir, böyük aktyor, mənim dəyərli dostum Vaxtanq Konstantinoviç Kikabidzenin xatirəsinədir. Bizim Kikabidzeni sevməyimiz hamıya aydın məsələdir. Amma Buba ilə Nani xanım arasında bütün həyatları boyu daşıdıqları xüsusi bir sevgi var".
Ağalarov vurğulayıb ki, yaxın zamanda “Sea Breeze Walk of Famе”da (Sea Breeze Şöhrət Xiyabanı) mərhum Vaxtanq Kikabidzenin də imzası yer alacaq:
"Çox şadam ki, Nani xanımın adını daşıyan və pərəstişkarlarını hər zaman sevindirəcək, onun yaradıcılıq yolunu xatırladan "Ulduz xiyabanı"nda imzasını yerləşdirdik. Onu burada solo tədbir və ya konsert proqramı ilə səbirsizliklə gözləyirəm. Biz yaxın zamanda mərhum Vaxtanq Kikabidzenin də "Ulduz xiyabanı"na imzasını həkk edəcəyik. Öz adımdan Naniyə dərin təşəkkürümü bildirmək istəyirəm".
Nani Breqvadze Emin Ağalarovu "Qızıl oğlan" adlandırıb: "Emin Ağalarova minnətdaram. Etiraf edim ki, Eminin mənə duet təklifindən qorxdum. Emini mən "Qızıl oğlan" adlandırmışam. Duetimiz mənim üçün xüsusi hadisə oldu. Bu, elə-belə sözlər deyil. Emin Ağalarovun repertuarında olan bütün mahnıları sevirəm. O, səhnədə ilk addımlarını atandan diqqətimi çəkdi. Onu sevməmək mümkün deyil. Emin çox təvazökar, səmimi, yaraşıqlı, ağıllı bir oğlandır. Mən isə bu keyfiyyətləri olan insanları çox sevirəm. Emini Gürcüstanda hamı sevir və ona hörmət edir. Emini məndən soruşanda deyirəm ki, o, qeyri-adi və tərbiyəli insandır".
Nani Breqvadze Azərbaycan xalqına olan sevgisini də dilə gətirib: "Siz təsəvvür belə etmirsiniz ki, bu məmləkəti mən necə sevirəm. Kiçik yaşlarımdan Bakıda çox olmuşam. Azərbaycan xalqı çox istiqanlı və musiqisevərdir. Müğənnilərinizin ifası məni ovsunlayır".