Xalq artisti Afaq Bəşirqızı aparıcı Xoşqədəm Hidayətqızından "Səni axtarıram" verilişinə üz tutan Gülxanım adlı qadının efirdən uzaqlaşdırılmasını istəyib.
Teleqraf.com xəbər verir ki, Afaq Bəşirqızı proqrama telefon vasitəsilə qoşularaq bu sözləri deyib:
"Gülxanım adlı xanımı efirdən çıxarın. Azərbaycan qadınları "Sənin alimentin başına dəysin", "Kül sənin başına", "Bayram, sən mənə layiq deyilsən", "Onun qarşısında alçalmaram" və sair deyən qadından tərbiyə götürə bilməzlər.
Mən Şabran Rayon İcra Hakimiyyətindən tutmuş bölgənin bütün camaatına bələdəm, həmyerlilərimdir. Gülxanım hamını aldada bilər, amma mənə deyə bilməz ki, niyə Şabrana qayıtmır. Gülxanım çox gözəl bilir ki, Bakı şəhərində 500 manata 3 uşaqla, özü də kirayədə qalaraq dolanmaq olmaz. Sağ olsun, bir şəxs ona 700 manatlıq iş verib. Uşaqlarını gətirsin və 700 manatla Bakıda baş çıxarsın. Əsas odur. Görüm nə edəcək.
Hər gün bir paltarda, bir qolbaqda efirə çıxır. İki gün idi ki, verilişə gəlirdi, üçüncü günü restoranda idi. Sən bu qadından nə gözləyirsən?! Hər gün bir paltar geyinib efirə çıxır. Ona başa salın ki, o paltarlar sırğalarına uyğun deyil. Əsəblərimiz dözmür, uşaqlarımızın tərbiyəsi pozulur.
Çox xahiş edirəm, o qadını efirdən kənarlaşdırın".
Xoşqədəm Hidayətqızı Afaq Bəşirqızına cavabda deyib: "Siz də məni tanıyırsınız, bilirsiniz ki, həmişə uşaqların yanındayam. Gülxanımın yox, üç uşağın taleyindən nigaranıq. Uşaqlara yara düşüb. İstəyirəm ki, uşaqları ananın yanına gətirsinlər".
Xalq artisti isə Gülxanım xanımın uşaqlara deyil, özünə qulluq edəcəyini vurğulayıb.