28 Dekabr 2023 12:01
5 742
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur müğənni Elnarə Xəlilova Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Elnarə xanım, yaxın günlərdə reper Uranla “Söylə” adlı klipinizi təqdim etdiniz. Duetiniz tamaşaçılar tərəfindən necə qarşılandı?

- Bəli, reper Uranla “Söylə”ni təqdim etdik. Düşünürəm ki, klip tamaşçılarımız tərəfindən sevildi. Solo fəaliyyətimə gəlincə, ən son “Kukla” mahnısını təqdim etdim. Artıq ayda iki layihə təqdim etməyə başlamışam.

- Reper Elşad Xose ilə ifa etdiyiniz “Gənclik”, “Uzaqlara” duetləri illər keçsə də yenə aktuallığını saxlayır. Bunun səbəbi nədir? Sizin Elşad Xosedən başqa duet ortaqlarınızı qəbul etməyənlər də var.

- Düşünürəm ki, 20 il öncə ifa edilən musiqiləri hazırkı musiqilərlə müqayisə etmək düzgün deyil. Çünki o vaxt seçim az idi. Məsələn, 20 ifaçı var idisə, televiziya kanalları və radioların da sayı az idi. İnformasiya azlığı vardı, sosial şəbəkələr yox idi. Televiziya və radiolara yalnız peşəkar müğənnilər dəvət edilir və peşəkar mahnılar səslənirdi.

Elşad Xose ilə duetlərimizin 20 yaşı var. Birgə duetimizin üzərindən 20 il keçsə də yenə aktualdır. Həmin duetlər bu il çox səsləndirildi, klublarda, sosial şəbəkələrdə... Eləcə də ifa etdiyim “Pəncərəndə” mahnısı “Spotify” platformasında birinci yerə çıxdı. Mahnının bəstəkarı Gövhər Həsənzadədir. Mahnı sanki indi yazılıb.

Ötən il eyni hal ifa etdiyim “Qəm otağı”, “Məhəbbət payım” mahnısı ilə baş verdi. Söhbət ancaq mənim repertuarımdan getmir, o dövrdə ifa edilən mahnıların səviyyəsi ayrı idi.

- Bir müddət əvvəl əməkdar artist Sevda Ələkbərzadə bayağı musiqiləri və ifaçıları tənqid etdi və bildirdi ki, həmin müğənnilərlə eyni verilişlərə çıxmaq istəmir. Bu haqda nə deyə bilərsiniz?

- Sevda Ələkbərzadənin çıxışını mən də dinlədim. Bu məsələdə günah müğənnidə deyil, biz həmkarıq. Mən həmkarımla eyni ortama düşsəm, utanaram və heç vaxt üzünə qarşı deyə bilmərəm ki, sən kim, mən kim... Mən səninlə eyni yerdə olmaq istəmirəm. Bu onun yox, onu efirə dəvət edən şəxslərin günahıdır.

Ümumiyyyətlə, bu sahəyə nəzarət edən qurum olmalıdır. Bilmirəm, buna hansı qurum nəzarət etməlidir... Milli Televiziya və Radio Şurası, Mədəniyyət Nazirliyi var.

- Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin hazırladığı "Mahnılarımız monitorinq aynasında" adlı kitabda zərərli vərdişlərdən istifadəni, tüfeyli həyat tərzini, mental dəyərlərimizə zidd davranışları təbliğ edən, aqressiv hərəkətlərə və özünəqəsdə sövq edən mahnıların siyahısı tərtib edildi. Necə düşünürsünüz, bu siyahı davam etməli idi?

- O məsələ gündəmə gəldi, bitdi, amma tədbir görülmədi. Həmin mahnıların heç yerdən çıxarıldığını görmədim. Qadağa qoyulmadı ki, bu ifadələr olan mahnı oxunmasın... Yutubun senzurası var, müəllif hüquqları qorunur. Radiolarımızda peşəkar mahnılar səslənir. Bu gün hamımız "bayağı mahnı" və "bayağı ifaçı”lardan şikayət edirik.

Bu sahədə təhsil aldığıma görə mənim bu haqda danışmağa ixtiyarım var. Radiolarda bayağı musiqilərin səsləndiyini eşitməmişəm, amma nə yazıq ki, bu fikirləri televiziyalarımız haqqında deyə bilmərəm. Təxminən on ildir bu fikirləri yumşaq və sərt şəklində bildirirəm. Bu məsələdə həmkarlarımda günah görmürəm. Buna birbaşa televiziya rəhbərləri nəzarət etməlidir. Hər bir kanallarımızda bədii şuralar yaradılmalıdır.

- AzTV və İTV-də Bədi Şura yaradılıb.

- AzTV və İTV kanallarında həmişə Bədii Şura olub. Bu kanallarda bayağı musiqi və ifaçı görə bilmərik. Digər kanallara gəlincə, senzura qoyulmasa, Bədii Şura yaranmasa, nəzarət edən qurum olmasa, vəziyyət düzəlməyəcək.

- Bayağı ifaçılarla efirə çıxarsınızmı?

- Mən heç vaxt heç bir televiziya kanallarına çıxarkən şərt qoymaram ki, filan ifaçı gəlirsə, iştirak etməyəcəm. Maksimum təklif edə bilərəm ki, verilişlərdə tək qonaq olmağı sevmirəm. Hərdən bəzi verilişləri izləyəndə bilirəm ki, həmkarlarım o şərti qoyublar.

- Heç vaxt efirə çıxarkən şərt qoymamısınız?..

- 25 ildir səhnədəyəm, amma heç vaxt şərt qoymamışam ki, efirdə tək qonaq olacam. Çünki özümü təsdiq etməyə ehtiyacım yoxdur. “Verilişə tək gəlmək istəyirəm” o deməkdir ki, birdən məni kiminləsə müqayisə edərlər və görərlər ki, biri yaxşıdır, biri yox. Axı, hər şey müqayisədə bilinir.

Mənim özünütəsdiqə ehtiyacım yoxdur, ona görə də heç vaxt bu şərti qoymuram. “Mən Hürrəm Sultanam və efirə tək gəlməliyəm və sair…” (Gülür). O zaman proqramda ürəyim sıxılar. Mən Azərbaycan musiqi mədəniyyəti üçün təmənnasız çalışan, vuruşan əsgərəm. Mənə heç kim deməyib ki, bunu etmək, ya etməmək lazımdır, mən hər şeyi qəlbən edirəm.

Dörd ildir El Yaradıcılıq Mərkəzi yaratmışıq. Bu mərkəzin yaradılmasının başlıca məqsədi bayağı musiqilər və bayağı ifaçılarla mübarizə aparmaqdır. Onu da bildirim ki, tək musiqi sahəsi deyil, verilişlərin də bir çoxunun səviyyəsi bərbaddır. Aparıcı efirdə özünü apara bilmir, qalsın ki, aparıcılıq eləmək...

Seriallarımızın keyfiyyəti aşağıdır. Hansı birini qeyd edim? El Yaradıcılıq Mərkəzində mənim əqidəmdə, zövqümdə olan istedadlı insanlar fəaliyyət göstərir.

Tofiq Yadigar “Qorxma” adlı mahnısını təqdim etdi. Firuzə Məmmədova və İlhamə Qasımovanın “Taleyim gəl” adlı dueti baş tutdu. Mahnının klipini də özüm çəkdim. Mərkəzimizin üzvləri aya bir layihə təqdim edirlər. 30-a yaxın tələbəm var.

- Hansısa bayağı mahnını maraqdan dinləmisinizmi?

- Bəli, İnstaqramda qarşıma çıxanda özümü məcbur edib, dinləmişəm. Düşünmüşəm ki, necə ola bilər, bu mahnının 40 milyon izlənmə sayı olsun? Özümü məcbur etmişəm ki, dinlə, bax gör mahnıda nə deyilir.

Dinləyirəm və görürəm ki, sözlər, musiqi bərbad vəziyyətdədir. Heç bir tələbəmə bu musiqini nümunə çəkə bilmərəm. Amma nə yazıq ki, bu gün onların tamaşaçısı çoxdur. Buna da televiziya kanallarımız səbəbkardı. Çünki televiziyalar evimizə çağırılmamış qonaq qismində daxil olurlar.

Bəzi verilişlərimizdə aparıclarımızın ağzından "kartof", "soğan" tökülür. Aparıcı efirdə özünü apara bilmir, intellektual səviyyəsi aşağıdır. Dəvət etdiyi qonağı təhqir edir, ələ salır. Qonaq da aparıcının səviyyəsinə düşür.

Mən bu verilişə niyə baxmalıyam? Bizə maarifləndirici nə verir? Niyə uşağımın tərbiyəsini pis təsir etməlidir?

- Elnarə xanım, toy mərasimlərinə gedirsinizmi?

- Toy mərasimlərinə gedirəm, amma hər məclisə yox.

- Yeni il gecəsi hansısa şou-proqramda iştirak edəcəksinizmi?

- Təkliflər var, amma düşünürəm.

- Yeni il gecəsi şou-proqramlarda iştirak edən həmkarlarınızın qonorarını gördünüzmü? Hər birində qiymət çox yüksəkdir.

- Bu məsələyə sosial media hesabımda münasibət də bildirdim. Qeyd etdim ki, xahiş edirəm, həmin siyahıya mənim də adımı əlavə edin və 51 min manat qonorar yazın.

- Necə düşünürsünüz, sihahıdakı qiymətlər düzgün rəqəmlərdir? Xalq artistləri Aygün Kazımova və Röya Ayxanın qonorarı 50 min manat qeyd edilib.

- Siyahıda yer alan müğənnilərin öncə adlarına baxmadım, ancaq rəqəmlərə nəzər saldım. Sonra adları oxudum və gördüm, siyahıda adım yoxdur. Yazdım ki, 51 min manat da mənim qonorarımdır.

Yaşayarıq, görərik. Yeni ilə saylı günlər qalıb. Həyat hər şeyi göstərəcək. Pul çox şeydir, amma hər şey deyil. Ona görə də pula mənəviyyatı, heysiyyəti, əxlaqı, tərbiyəni satmaq olmaz. Yenə də efirlə bağlı məsələyə qayıdıram. Mən pul qazanmaq istəmirəm!? Toy mərasimlərində pul qazanmaq üçün toy mahnıları ifa edə bilmərəm? Mən də o tip mahnılar oxuya bilərəm. Amma mən edə bilmərəm.

İfaya gəlincə, hamıdan yaxşı ifa efirəm, xarici görünüşüm də heç kimdən əskik deyil. Zeynəb Xanlarova sənətkatdır, xalq artistimizdir, bütün dünyada tanınır. O bir dəfə də toy mərasimlərində ifa etməyib. Hazırda da tamaşaçı kütləsini qoruyub saxlayır. O xanım milli dəyərimizdir, onlara oxşamaq lazımdır. Mənim üçün musiqi sahəsində hədəf odur. Hər birimiz Zeynəb Xanlarovaya oxşamağa çalışmalıyıq.

- Şou-biznesdə ilk üçlükdə xalq artistləri Aygün Kazımova, Röya Ayxan və Faiq Ağayevdir. Bu üçlüklə razısınızmı?

- Şou-biznesdə qadınlar arasında prima Aygün Kazımovadır. Onu uşaqlıq illərindən dinləyirəm. Kişilər arasında isə Faiq Ağayevin adını vurğulamaq istəyirəm. Amma musiqi mədəniyyətimizdə xalq artistlərimiz Gülyaz, Gülyanaq Məmmədovalar, Nəzakət Teymurova və Alim Qasımov kimi dünyaya səs salan sənətkarlarımız da var. Baxmayaraq ki, onlar şou-biznesdə deyillər. Onlar bizim milli-mənəvi incilərimizdir, onları əl üstündə saxlamalıyıq. Şounun və mədəniyyət xadimlərimizin hər birinin öz yeri və gözəlliyi var.

- Keçmiş "W-Trio" qrupunun üzvləri ilə münasibətiniz necədir?

- Heç vaxt heç kimlə qalmaqalım olmayıb.

- Şou-biznesdə hər kəsdən uzaq durmağınızın səbəbi nədir?

- El Yaradıcılıq Mərkəzini açandan sonra həmkarlarımı, televiziyada çalışan dostlarımı dəvət etdim. Bir neçə televiziyada müsahibələrim yayımlandı. Bütün müsahibələrimdə ilk olaraq keçmiş "W-Trio"nun üzvlərinin adını qeyd etdim. Onlara çağırış etdim, El Yaradıcılıq Mərkəzinə dəvət etdiyimi bildirdim. Vurğuladım ki, qapım onların üzünə hər zaman açıqdır.

Bu gün də deyirəm. Mən heç kimlə düşmən deyiləm. Bölə bilmədiyimiz ortaq heç nəyimiz yoxdur. Mərkəzin işi, sənət fəaliyyətim, dörd övladım var, onlarla məşğul oluram. İşlərim çox olur, bütün günü qaçaqaçdayam. Dövlət tədbirlərində iştirak edirəm. Mənim kiminləsə konflikt yaratmağa, ədavət aparmağa, düşmənçilik və dava etməyə vaxtım yoxdur. Bunu artıq hər kəs bilsin.

Kindən, ədavətdən uzaq insanam. Bəlkə elə ona görə hamıdan qaçıram. Amma bu mərkəzi açan gündən bütün həmkarlarımın adını da çəkmişəm, demişəm ki, filan həmkarımın başım üzərində yeri var. Bir sözümlə Samirə Allahverdiyeva İbrahim Ayazla, İlhamə Qasımova Firuzə Məmmədova ilə duet ifa etdi, sağ olsunlar.

- "W-Trio"nun keçmiş üzvlərindən sizin çağırışınıza reaksiya gəlmədi?

- Reaksiya gəldi, amma səhv etmirəmsə Natavan Həbibi məni səhv başa düşmüşdü. O, müsahibəsində demişdi ki, şərikli iş yaxşı deyil. Mən onları şərikli işə yox, sadəcə öz sevincimi paylaşmağa dəvət etmişdim. Yəni ki, belə bir mərkəzimiz fəaliyyətə başladı.

Hazırda həmkarım İradə İbrahimova Türkiyədədir, amma bizim mərkəzdə Nərmin xanımdan vokal dərsləri alır. Biz onunla əməkdaşlıq edirik. Ona deyirəm ki, Bakıya gələndə xəbərdar et, duet ifa edək.

Dörd ildir bu sözü deyirəm, yenə də sözümün üstündə dururam. Bizim mərkəzimizin qapısı bütün həmkarlarımızın üzünə açıqdır. Hər formada dəstək olmağa hazırıq. Mərkəzimizdə hər cür şərait var. Bu gün də onlarla hər cür əməkdaşlığa hazıram, amma qarşı tərəfi bilmirəm.

- Röya Ayxan və Natavan Həbibi ilə əlaqə saxlayırsınızmı?

- Əlaqə saxlamıram. Onların məndə telefon nömrələri yoxdur.

- Dörd övladınız var, hər iki valideyn yaradıcı insandır. Övladlarınızın incəsənət sahəsinə marağı varmı?

- Hər biri çox istedadlıdır, şeir yazmağı, rəsm çəkməyi, rəqs etməyi bacarırlar. Musiqi duyumu və zövqləri var. Baxmaraq ki, istedadlıdırlar, amma hələ musiqi sahəsinə yönləndirmək fikrim yoxdur.

Həyatdır, gələcəkdə kim hansı sahədə olacaq, bilmək olmaz. Amma görsəm övladımda fitri istedad var, ona dəstək olacam.

- Həyat yoldaşınız Rövşən bəyi necə xarakterizə edərsiniz?

- 2006-cı ildə ailə qurmuşuq. Çox vaxt özüm və ailəm haqqında dediklərim birmənalı qarşılanmır. Həyat yoldaşım daim hər mənada yanımdadır və dəstəkdir. Göydə Allah, yerdə o… Həmişə Allaha dua edirəm ki, hər kəs xoşbəxt olsun. Başım aşağı ailəmlə məşğulam.

Allah mənə ailəmi çox görməsin, valideynlərimə cansağlığı versin!

- Gələn il konsert proqramı ilə çıxış etmək fikriniz varmı?

- Üç il əvvəl “Ellektra Events Hall”da "Konsert payım" adlı proqramla çıxış edəcəkdim. Pandemiya oldu, müharibə başladı və sonra bir neçə əməliyyat baş tutdu. Mütləq gələn il "Ellektra Events Hall"da konsert proqramı ilə çıxış edəcəm.


Müəllif: Foto: Elnur Muxtar, Rəqsanə Həsənova

Oxşar xəbərlər