Əməkdar artist Elza Seyidcahan Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Elza xanım, öncə planlardan başlayaq. Nə kimi yaradıcılıq planlarınız var? Bu il konsert proqramı ilə çıxış etməyi düşünürsünüzmü?
- Mən heç vaxt yaradıcılıqla bağlı plan qurmuram. Amma arzularım olur, onu həyata keçirirəm. Planla da hərəkət etdiyim vaxtlar olur. Hansısa orkestr üçün əsər yazıram və sair. Yaradıcı insanıq, işimizi görürük. Plan isə Allaha məxsusdur.
- Yazıçılar Birliyinə üzv olmağınızı bəzi insanlar birmənalı qarşılamadı. Ünvanınıza xoş sözlərlə yanaşı tənqidi fikirlər də bildirildi. Hətta Çingiz Abdullayev sizi müdafiə də etdi...
- Ətrafım, yaxınlarım Yazıçılar Birliyinə üzv olmağımı sevinclə qarşıladılar. Amma mediada və sosial şəbəkələrdə mənə görə qırğın düşdü. İnsanlar iki hissəyə bölündülər. Qırğın isə aqillər və cahillər arasında baş verdi. Ona görə narahatlığım yoxdu...
Mənim üçün maraqlı odur ki, məni kim müdafiə edir, haqqımda gözəl sözlər deyir. Eşitdiyimə görə deyirlər ki, Elza Seyidcahan çox ağıllıdır.
Özümə qarşı həmişə tənqidi yanaşmağı bacaranlardanam. Bəzən özümə həddindən artıq kompleksli, tənqidi yanaşmağa çalışıram. Bəlkə də savadımız o qədər genişdir ki, kiçik və dar düşüncəli insanlar bizə birtəhər baxırlar. Onlar da cavablarını layiqincə alırlar.
Hərdən bəzi insanlar tənqiddən silah kimi istifadə edirlər. Onlara da dəyərli, müdrik cavabımızı veririk. Şükür, Allahın köməyi ilə özümüzü qorumağı bacarırıq.
- Elza xanım, sosial şəbəkədə əyninizdə kürk, əlinizdə İmadəddin Nəsiminin kitabı fotonuz yayılıb. Şəbəkə izləyiciləri "heyvanlara konsert verən Elza Seyidcahan..." yazıb sizi tənqid ediblər.
- Həmin fotodan xəbərim yoxdur, sosial şəbəkədə qarşıma çıxmayıb. Yəqin ki, fotoşop ediblər.
- Bir neçə gün öncə xalq artisti Flora Kərimova ilə geyim tərzinizə görə qalmaqal yaşadınız. Sonra isə barışıq addımı atdınız. Hazırda münasibətiniz necədir?
- Bu haqda danışmaq istəmirəm. Hazırda Flora Kərimova ilə küsülü deyilik. Mən sənətkarlarımızı həmişə qorumuşam. Həmkarlarıma sağikən qiymət verməyə çalışıram.