Müğənni Nura Suri Sevgililər günü ərəfəsində “Sevgimiz dənizdir” adlı klipi üçün təqdimat mərasimi keçirib.
Teleqraf.com xəbər verir ki, sənətçi “CinemaPlus”da media nümayəndələrini başına yığaraq həm onların suallarını cavablandırıb, həm də klipi onlarla birgə seyr edib.
Nura Suri media nümayəndələrinin "Niyə ekran işində seçiminiz məhz aktyor Rüfət Nəzərli oldu?" sualına "Yaşımız bir-birimizə uyğundur. Rüfət görünüşcə birinci həyat yoldaşıma bənzəyir(gülür). Məni kim birinci həyat yoldaşımla birgə görürdü, deyirdilər ki, “siz Hollivudun ulduz cütlüyünə bənzəyirsiniz”. O zamanlar mən müğənni deyildim. Deyə-deyə məni "ulduz" elədilər. Amma o "ulduz" da olmadı, çünki mən ondan ayrıldım və yazıq bədbəxt oldu. Mən onun yanında olanda o, xoşbəxt idi. Təbii ki, bu, bir zarafatdır... Rüfətin görünüşü "brutal" kişini xatırladır. Klipimin rejissoru da söylədi ki, “siz bir-birinizə çox yaraşırsınız”. Rüfətdə ispan aktyorlarının xarizması var",-deyə cavab verib.
Nura söz və musiqisi Saybuya aid mahnı üçün Xəyal Səlimovun kamerası qarşısına keçib.
Klipdə onun tərəf müqabili aktyor Rüfət Nəzər olub. Sənətçilər iki sevgilini canlandırıblar. Fotosessiyanı isə fotoqraf Kamran Ağayev lentə alıb.
Klip artıq müğənninin rəsmi kanalında yayımlanıb, 16 fevraldan isə bütün dijital platformalarda yerini alacaq.