24 Mart 17:32
1 376
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış aktrisa Pərvin Abıyeva Xəzər televiziyasında yayımlanan "Dəyişən cavab" verilişində açıqlaması ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Pərvin Abıyeva bu sözləri deyib:

"Karyeramdan deməyim, öz sferamdan, kino industriyasından küsmüşəm. Küskünlüyümün səbəbi aktyora dəyər verilməməsi, aktyora hörmətin göstərilməməsidir. Xaricdə çəkiliş meydançasında əsas sözü rejissor, ondan sonra isə aktyorlar deyir. Təəssüf ki, bizdə bu hal yoxdur. Yalnız Azərbaycanda günlərlə aktyoru işlədirlər. Bizim kino sahəsində çox böyük yeyinti var. Aktyorun özünə verdiyi dəyərdən də çox şey asılıdır. Əgər mənə günə 200 manatdan çəkilmək təklif olunsa, heç vaxt razı olmaram. Buna razı olan aktyorlar var. Yeyinti tək bir nəfərə aid deyil, elə edirlər ki, nə aktyora, nə də texniki heyətə pul çatmır. Son iki-üç ildə çox nadir rejissorlar nadir hallarda filmlər çəkirlər. Son illərdə Azərbaycanda çox az film təqdim olunub. Mənə seriallardan təkliflər olur, görüşürəm, amma qonorar məsələsində razılaşa bilmirik. Özümü peşəkar aktrisa hesab edirəm".

Aktrisa rejissor Kənan M.M ilə münasibətindən də danışıb: "Kənan M.M-in çox böyük dəstəyi olub. Ümumiyyətlə, yalnız Kənan M.M-dən deyil, son günlər çox insandan uzağam. Kənan ilə aramızda söz-söhbətimiz olmayıb. Kənanla dörd film işlədik. Düşünürəm ki, başqa aktrisalar ilə də işləməlidir. Biz əvvəlki kimi yaxın deyilik".

Pərvin Abıyeva serial təkliflərini qəbul etmədiyini də etiraf edib: "Əvvəl seriala günü 500 manata çəkilmişəm. İndi isə desəm ki, günümə 1000 manat verin, razılaşacaqlar, amma bir aya çəkiləcək serialı 10 günə çəkəcəklər. Belə olan halda mənim canım gedir. Dünyanın hər yerində aktyor 8 saat, bizdə isə 12-24 saat çəkilir".

Aktrisa şəxsi həyatından da danışıb: "Ailə qurmaq fikrindən qorxuya düşmüşəm. Gələcəyimlə bağlı tam başqa planlarım var. Məsələ, film çəkmək istəyirəm. Təəssüf ki, sənətimin ən zirvəsində özümü dayandırdım. Küsdüyüm məqamlar var, sənət dostlarımdan, iş yoldaşlarımdan...Sənətimi kənara qoyaq, öz yaxınlarımdan küsdüm. Çox hadisələr yaşadım və ondan sonra özümü kənara çəkdim. Çevrəmi dəyişdim və artıq hər kəsdən uzağam. Onu da deyim ki, Təhminə obrazını canlandırmaq çox istəyirəm".

Aktrisa Anar Ağakişiyevin "Yeni "Təhminə" filmi çəkilər və rejissoru da Kənan M.M olar" sualına "Kənan M.M "Təhminə" filmini çəkə bilməz",-deyə cavab verib.


Müəllif: Rəqsanə Həsənova