"Mənim faciəm 16 yaşımdam başlayıb. Bunda anamın da rolu olub. 15 yaşımda atam rəhmətə gedib. Atamın başqa ailəsi var idi, anamdan ayrılmışdı. Amma həmişə atam bizə baxıb. Atamın anamla nikahından dörd övladı olub. İkisi rəhmətə gedib. Mənim evim də, avtomobilim də olub. Onları narkotik və içkiyə görə satdım. Bir neçə il kirayədə, son bir ayda isə küçədə yaşadım. Mikrofonu belə satıb narkotikə verdim".
Teleqraf.com xəbər verir ki, bu sözləri zərərli vərdişlərdən əziyyət çəkən mərhum meyxanaçı və şair Nizami Rəmzinin qızı Reyhan "Bizimləsən" verilişində deyib:
"16 yaşımdan yaşadığım zərbədən sonra restoranlarda rəqqasə kimi çıxış etməyə, mahnılar oxumağa və pul qazanmağa başladım. Gördüm ki, mənim seçdiyim yol ilə həyat tərzim düz gəlmir. İnsanlar içkili olurdular".
Reyhan şəxsi həyatından da danışıb: "Anam məni bir kişiyə yüksək məbləğə satmışdı. Buna görə evimizə çox sayda polislər də gəlib. Onlar məndə izahat almaq istəyirdilər. Mən isə heç bir izahat vermədim və həmin şəxsi də şikayət etmədim. Onu həbs etdirsəydim, anamı da həbs edəcəkdilər. Anamın bu işdə marağı vardı. Çünki ortada külli miqdarda pul məsələsi var idi. Kim istəyər ki, bu həyatı yaşasın. Mən bilərəkdən özümü o həyata salmazdım. Toylarda oxuyurdum, Rusiyaya məclislərə gedib, pulumu qazanırdım. Amma heç kim bu həyatda heç nədən sığortalanmayıb. Bilirəm ki, məni qınayanlar çoxdur. Mən bu gün Nizami Rəmzinin adını atam kimi yox, dahi bir sənətkar, ustad kimi çəkirəm".