“Bozun 50 çaları” əsərinin personajlarından biri kimi geyinmiş şagird məktəbdə keçirilən Dünya Kitab Günü tədbirindən uzaqlaşdırılıb. Bu barədə onun anası bildirib.
Teleqraf.com xəbər verir ki,11 yaşlı Liam Şoles açıq-saçıq romanın personajlarından olan Kristian Grey kimi boz kostyum geyinərək və əlində məftil bağlar və göz maskası ilə İngiltərənin Mançester şəhərindəki Sale Liseyinə gedib.
Məktəbdən uzaqlaşdırılan gənc oğlan “kostyumu dəyişdirildikdən” sonra geri qayıda bilib.
Məktəbin direktoru Lin Nikolls hadisə ilə bağlı bunları deyib: “Bizim dünya kitab günlərinin məqsədi oxumağa həvəsləndirmək, kitab bayramını qeyd etməkdir. Biz şagirdlərimiz üçün möhtəşəm günün belə bir hadisəyə görə korlanmasına təəssüflənirik”.
Şagirdin anası Şoles bildirib ki, onun fikrincə, oğlunun kostyumu digərlərinin geyindiyi bəzi kostyumlardan daha münasibdir.
Şoles deyib ki, “müəllimin qatil kimi geyinməsi” və “uşaqların digərlərini qətlə yetirən şəxs kimi geyinmələri” və “silahlarla (oyuncaq) tədbirə gəlmələri münasib” sayılıb.
“Oğluma məsləhət görülüb ki, Ceyms Bond kimi geyinsin. Lakin “Bond” insanları qətlə yetirən bir obrazdır. Mən şəxsən qatilə görə daha şox narahat oluram”, - xanım Şoles deyib.
Qeyd edək ki, “Bozun 50 çaları” filmi Britaniya Film Təsnifatı Kollegiyası tərəfindən 18+ sertifikatı alıb.
Rüstəm