7 Aprel 2015 00:39
1 604
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yarımdünya” gün üzünə çıxdı

Bu gün müğənni Miri Yusifin baş rolda oynadığı “Yarımdünya” filminin jurnalistlər üçün qapalı nümayişi baş tutub. Teleqraf.com xəbər verir ki, nümayişdə filmin rejissoru Osman Albayraq, prodüseri Tural Əsədov, filmdə rolları canandıran Miri Yusif, Gülsara Rzayeva, Pərvin Abıyeva, Kamran Ağabalayev də iştirak ediblər.

Filmin qapalı nümayişindən sonra yaradıcı heyət jurnalistlərin suallarını cavablandırıb.

Tural Əsədov filmin ideyasının Osman Albayraq tərəfindən irəli sürüldüyünü deyib. Onun sözlərinə görə, ssenari 19 Group-un icraçı direktoru, prodüser Vüqar Aldülrahmanovun ölümündən sonra yazılıb: “İdeyanı Osman verdi. Daha sonra ideyanı gerçəkləşdirmək üçün öncə Miri Yusiflə danışdıq”.

Bu filmin, filmdəki səhnələrin onun üçün əziz olduğunu xatırladan Miri Yusif “Yarımdünya”nı dostu Vüqar Aldülrahmanovun xatirəsinə həsr etdiyini bildirib: “Bu filmin ssenarisi mənə Vüqarla hər zaman oturduğumuz kafedə təqdim olundu. Və mən “yox” demədim. Mənə ssenarini verəndə bir xahişim oldu. Dedim, mən filmdə həyatda necə danışıramsa elə danışacam, hansı hərəkətləri edirəmsə, onları da edəcəm. Filmdə eşitdiyiniz bəzi ifadələri mən həyatda da deyirəm. Əgər hirslənirəmsə o ifadələri işlədirəm. Əgər səhnədəyəmsə və siqaret çəkmək istəyirəmsə, zalda kimin əyləşməsindən asılı olmayaraq siqaret yandırıb çəkəcəm. Necə varamsa, eləyəm. Ona görə filmdə məni Miri Yusifi həyatda necə görürsünüzsə, elə də görəcəksiniz. Heç bir fərqi yoxdur, adımdan başqa... Bu kollektivlə işləmək rahat və keyfli idi”.

“Döyülmə səhnəmdə burnum sınıq idi”

Filmdə Kamran Ağabalayev tərəfindən son səhnələrdə döyülməsinə də münasibət bildirən Miri Yusif o səhnələrin əyləncəli çəkildiyini deyib: “Həqiqətən çəkilməsi çətin, amma əyləncəli səhnələr idi. O səhnələri çəkərkən mənim burnum sınıq idi. Amma Kamrandan aldığım zərbələrin sayəsində burnum düzəldi”.

Filmdə Miri Yusifin canlandırdığı Anar sevdiyi qadın -Dənizi xilas etmək üçün təkbaşına mübarizəyə razı olur. Jurnalistlərin “Sevdiyiniz qadın üçün həyatda da belə bir addım atarsınızmı” sualına ifaçı özünəməxsus şəkildə cavab verib: “Mən sevdiyim qadın üçün nəinki oliqarxın evinə təkbaşına gedirəm, yeri gəlsə, heç kimi tanımadığım materikə də gedə bilərəm”.

Bu yaxınlarda təqdim edilən “Tərkedilmiş” filmində mənfi qəhrəman obrazında çıxış edən Kamran Ağabalayev “Yarımdünya”da da Dənizin sevgilisi, pis niyyətli varlı bir biznesmeni canlandırır. Amma aktyor iki mənfi obrazın bir-birindən kəskin fərqləndiyi fikrindədir: “Yarımdünya” və “Tərkedilmiş”dəki rolların ümumi anlanma mənfi qəhrəmandırlar. Amma hər ikisinin arasında kifayət qədər fərq var. “Tərkedilmiş”də pul üçün qaçan birini, burda “mənim olmalısan” eqosu üçün mübarizə aparan birini canlandırıram. Bəli, məhz eqosu üçün...Çünki onun Dənizə olan hisslərini sevgi adlandırmazdım. O mənada bu iki xarakterin bir-biri ilə oxşar tərəfləri yoxdur”.

O.Albayraq bildirib ki, filmin quruluşçu rejissoru olaraq aktyor heyətinin oyunundan razıdır: “Rejissor olaraq aktyorları özüm təyin etmişəm. Ssenaridə olan obrazları kimin yaxşı canlandırdığını təxmin edirdim. Və hər birinin oyunundan razı qalmışam”.

Filmin prodüseri və ekran əsərində Fuad rolunun ifaçısı Tural Əsədov filmi belə xarakterizə edib: “Bütün filmboyu dostluğun dəyərindən danışılır. Dostluq əbədidir. Belə dostluq pulla, sosial statusla müqayisə olunmur. Dostluq dostluqdur. Və belə dostluq üçün sözün əsl mənasında hər şey etmək olar. Mənə elə gəlir ki, bu filmlə biz düzgün dostluğu təbliğ edirik. Mənim necə bir dost olmağıma gəlincə, Osman Albayraq və Miri Yusif bu barədə danışa bilərlər. Çünki mən onlarla iş yoldaşından əlavə dostam”.

Qeyd edək ki, “Yarımdünya” Azərbaycanın bütün kinoteatrlarında aprel ayının 9-dan etibarən nümayiş olunmağa başlayacaq.

Nərmin

Fotolar: Rəşad Abbasovundur


Müəllif: