Bu gün Beynəlxalq Mətbuat Mərkəzində sözləri Sona Vəliyevaya, musiqisi Xumar Qədimovaya məxsus “Əl-ələ verək, gedək” mahnısına çəkilmiş klipin təqdimatı olub.
Teleqraf.com xəbər verir ki, tədbirdə Milli Televiziya və Radio Şurasının üzvü Sona Vəliyeva, müğənni Xumar Qədimova, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, telejurnalist Qulu Məhərrəmli, Bəxtiyar Qaraca və başqaları iştirak edib.
Tədbiri giriş sözü ilə açan Rəşad Məcid kompazisiyanın özəlliyindən danışıb: “Bu, Sona xanımla Xumar xanımın ilk iş birliyi deyil. Bundan öncə də çox gözəl bir kampazisiya təqdim etmişdilər. Bu gün yeni bir mahnının təqdimatına yığışmışıq. Xumar xanımın səsi, ifası mənim üçün çox fərqli olub. Onun səsində, ifasında qeyri-adilik. var sözləri hiss edib, yaşayıb, onu musiqi dilinə çevirə bilib”.
Sona Vəliyeva şeirin yaranma tarixçəsindən danışıb: “Bu dağların o üzündə” xalq mahnısı elə zəngülələrlə oxunur ki, insanın ürəyində nisgil yaradır. Yazdığım şeir məhz o mahnıya həsr edilib, o mahnıdan alınan təəssüratdan yaranıb. Bu şeir Xumar xanımın ürəyində hansısa hissləri yarada bilibsə, buna çox sevinirəm. Azərbaycan dərdi, işğal olunan torpaqlar, əsirlikdə qalan torpaqlar, dağlar hamımızındır. Dərd böyükdür və o paylananda biz həmrəy oluruq. Kompazisiya janrının elə bir böyük qüvvəsi var ki, o səslənəndə geniş tamaşaçı kütləsinə yayılır. Vətən, torpaq və ümumiyyətlə bu mövzuda olan dərdlərimizə bəstəkarın, müğənninin müraciəti həmin insanın böyüklüyüdür, mövqeyidir və bu təqdirəlayiqdir haldır. Xumar xanımla çox əsərlər yaratmaq olar və bundan məmnun qalmaq olar. Mən bu musiqini sözlərdən qat-qat güclü hesab edirəm”.
Xumar Qədimova çıxışına Sona xanımın misrası ilə başlayıb: “Mən bu qısa çıxışımı Sona xanımın sözləri ilə başlamaq istəyirəm. “Şükür ki, ölməmişəm. Elə-belə bu dünyadan getmişəm” Bu sözləri əbəs deyə demirəm. Tam səmimiyyətimlə deyirəm ki, bu işi ərsəyə gətirənə qədər şükür ki, ölmədim. Çünki mən bu işə varlığımı, ürəyimi, vətənə, torpağa sevgini, ailəmdən aldığım sevgi, Sona xanımın qələminə, ona olan sevgidən bu işə canımı qoydum. Şükür Allaha ki, mən ölmədim nəticədə gözəl bir iş ortaya çıxara bildik. Bu iş tək Sona xanımın, Xumar Qədimovanın işi deyil. Bu hamımız üçün əlamətdardır. Gələcəkdə yeni işbirliyimiz olacaq”.
Qeyd edək ki, klipin rejissoru Ramil Ağasıyevdir. Xumar Qədimova, Alim Qasımov və Novruz Novruzlu tərəfindən ifa edilən mahnının klipindəki şeir Nurəddin Mehdixanlı tərəfindən səsləndirilib.
Nərmin Muradova
Foto: Rəşad Abbasov