19 Noyabr 2015 15:57
1 093
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Xalq artisti Nazpəri Dostəliyeva ilə müsahibəni təqdim edir.

- Xeyli müddətdir efirdə görünmürsüz. Bu, yaradıcılığınıza nə dərəcədə təsir göstərdi, həvəsdən düşən anlarınız oldumu?

- Televiziyalara çıxmamağımın yaradıcılığıma mənfi təsiri olmadı desəm, yalan olar. Amma buna son qoyulacağını gözləyirdim. Həyatda hər şeyin başlanğıcı və sonu var. Düşünürdüm ki, bunun sonu olacaq və mən sözümü deyəcəm. O ərəfədə kiminsə qapsını döymədim, kömək istəmədim. Kiminsə qapısını döymüş olsaydım, belə çıxırdı ki, günahkaram. Mən heç bir günah iş görməmişəm. Heç kimə də müraciət eləmədim.

- Sənət dostlarınızdan kimlərsə sizə dəstək olur?

- Bəzi sənət dostlarım ilə bu günə qədər də dostluq münasibətimiz davam edir. Amma çox təəssüf olsun ki, sənət adamları içində əcaib, əttökən, xoşagəlməz insanlar, yaltaqlar, ikiüzlülər gördüm və onlar içlərindəki hissləri büruzə verdilər. Onların hərəkətləri isə mənim üçün deyildi, özləri üçün idi. Çünki həyatımda heç nə dəyişməyib, bu gün də həmin Nazpəriyəm. Onları həyat nəyinsə xatirinə elə əcaibləşdirib ki, özləri-özlərini görmürlər. Amma necə olduqlarını insanlar görürlər.

- Bir müddət efirdə olmadığınıza baxmayaraq əvvəlki kimi sevilirsiniz. Şöhrətinizi saxlayırsınız...

- Sevgini, hörməti sənətimlə, yaxşı münasibəti isə ürəyimlə, insanlığımla qazanmışam. Hər zaman insanları yaxşı görməyə çalışmışam. Hətta ətrafda baş verən pislikləri belə... Bu sevgimiz məni sevənlərlə qarşlıqlı idi. Heç vaxt özümü insanlardan fərqləndirməmişəm. Deməmişəm ki, mən bir nömrəyəm, sizdən yuxarı pillədəyəm, yaxşı müğənniyəm və s. Hər dəfə səhnəyə çıxanda özümü xalqdan bircə pillə də yuxarıda görməmişəm. Buna səbəb mənim sənətim olub. Bütün insanları çox sevirəm. Əgər yekəxanalıq edib, məni sevənlərlə şəkil çəkdirməsəm, yaxud da şəkil çəkdirənin qarşısına keçib yox, mənimlə şəkil çəkdirmə desəydim bu istəyi, sevgini qazana bilməzdim. Xalq da hiss etdi ki, Nazpəri hər kəsi öz qəlbi kimi sevir.

- Xarici görünüşüz dəyişməyib. Formadasınız…

- Hər zaman idmanla məşğul oluram və bütün xanımlara deyirəm ki, idmanla məşğul olun. Nə dieta, nə də dərmanların formada qalmaq üçün kömək etmir. Sadəcə, süfrə başında oturanda “bismillah” deyib hər yeməkdən doyana qədər deyil, bəsdi deyənə qədər yeməlisiniz. Şəxsən mən süfrə arxasında oturanda, hətta toy məclislərində də çörək yemirəm. Mənə sual verirlər ki, Nazpəri xanım, bu süfrədə olan nemətlərin qoxusu, dadı sizə təsir etmir? Mən süfrədəki nemətlərə baxıb düşünürəm ki, artıq bütün yeməklərdən yemişəm, dadmışam. Harasa gedən zaman bir saat da otursam, on saat da otursam çayla kifayətlənirəm.

- Mətbəxlə aranız necədir?

- Evdar xanım kimi məni tanıyan, mətbəximdə olan sənət dostlarım bilər. Onlardan soruşsanız daha dürüst cavab verərlər. Çünki hazırda bəzi insanlar özlərini tərifləyirlər. Mən elə hallara pis baxıram. Özümü tərifləmək deyil, amma bir faktı açıqlayacam. Türkiyənin “Kanal D” telekanalından "Mutfağım" verilişi 17 nəfər çəkiliş heyəti ilə evimdə qonaq oldu və bişirdiyim yeməkləri işıqlandırdılar. Sonra aparıcı verilişdə dedi ki, biz hansı evə getmişiksə sənət adamı gün ərzində bir yeməyi bişirə bilməyib. Amma Azərbaycanda sevilən dövlət sənətçisi Nazpəri Dostəliyeva beş yeməyi 4 saat ərzində bişirdi və hazırladıqları çox dadlı idi.

- Türkiyə ilə bağlı layihənizin olacağını demişdiniz. Bəs, qardaş ölkədə kanallara çıxacaqsınızmı?

- Hələ ki, bilmirəm. İstanbulda Lütfi Kırdar salonunda konsert proqramı ilə çıxış etmişəm. Heç bir müğənnimizin böyük bir konsert salonunda çıxış etdiyini görməmişəm. Onda şoumen Mehmet Ali Erbil verilişinə dəvət etmək üçün üç gün qaldığım otelə gəldi. Dedi ki, mənim verilişimə nəinki Azərbaycandan, hətta xarici ölkələrdən qonaq gələn zaman xahiş ilə gəlirlər. Sizi üç gündür ki, dəvət edirik gəlmirsiniz. Ona dedim ki, Mehmet Ali bəy, sizi incitmək fikrim yoxdur, dünya şöhrətli şoumensiniz. Amma verilişinizdə həddindən artıq zarafatlar edirsiniz. Mən isə qorxuram ki, o zarafatları qəbul edə bilməyim. Canlı yayımda siz yox, mən pis vəziyyətdə qalaram. O isə qeyd etdi ki, Nazpəri xanım mənim verilişimə gələn qonaqlar öz səviyyələrinə görə qarşılanırlar. Siz bir xanımsınız və sizi özünüzə görə təqdim edəcəm. Yəni hər kəs özünü necə təqdim edirsə elə də qəbul edilir. Bir müğənnimiz ayaqlarını stolun üstünə qoymuşdu və Mehmet Ali isə onunla məzələnirdi. Ondan sonra mən onun verilişinə getməyə qorxdum. Onu da deyim ki, mənə Türkiyədə sual verdilər ki, Nazpəri xanım niyə bizim müğənnilərin adını bilmirsiniz? Dedim ki, siz bizim müğənnilərin adını bilirsinizmi? Heç bildiyinizi də demirsiniz.

- Türkiyədə siz və Zeynəb Xanlarova daha çox hörmətlə qarşılandınız…

- Zeynəb Xanlarova böyük sənətkarımızdır. Sözsüz ki, Zeynəb Xanlarova nəinki Türkiyədə bütün ölkələrdə fəxr olunası dərəcədə səviyyəli qarşılanıb. Mənim Türkiyədə konsertim olanda çox yüksək səviyyədə qarşılandım. Amma özümü Zeynəb xanımla müqayisə etmirəm. Zeynəb Xanlarova sözünü demiş dünya şöhrətli sənətkarımızıdır. Amma mən də Allahıma şükür edirəm ki, Almaniyada insanlar məni gül-çiçəklə qarşıladılar. Bu, məni çox sevindirdi.

- Türkiyə şou-biznesinə qatılmaq fikriniz varmı?

- Türkiyə şou-biznesinə qatılmaq fikrim yoxdur. Heç vaxt belə bir arzum olmayıb. Çox sağ olsunlar, onlar mənim sənətimi yüksək səviyyədə qiymətləndiriblər.

- Hətta Türkiyədə Özcan Dəniz tərəfindən “Haziran gecəsi" serialına da təklif almısınız…

- Bəli, serialda çəkilmək təklifi almışdım. Amma qəbul etmədim. Ümumiyyətlə, Türkiyədə heç nəyə qarışmaq istəmirəm. Bəlkə, bu mənim vətənpərvərliyimdən irəli gəlir. Mənim yerimə kim olsaydı təkliflərə yox deməzdi. Amma mən yox dedim.

- Serialda çəkilmədiyinizə görə peşmansınızmı?

- Xeyr, peşman deyiləm.

Rəqsanə


Müəllif: