11 Dekabr 2015 18:54
1 093
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kolin Fert özünəməxsus xarizması və mimikaları ilə qadınların ürəyini fəth edən aktyorlardan biridir.

Karyerası müddətində bir çox filmdə rol alsa da, onu ən çox məşhurlaşdıran rol 1995-ci ildə “BBC”-də yayımlanan “Pride and Prejudice” serialındakı Mister Darsi obrazı olub.

Xarizmatik, yaraşıqlı, eyni zamanda da lovğa Darsi obrazı yaddaşlara necə həkk olunubsa, ingilis aktyorun sonrakı illərdə ifa etdiyi uğurlu obrazlar kölgədə qalıb. Halbuki, Fert 2001-ci ildə “Bridget Jones’s Diary” filmindəki aşiq obrazı və 2010-cu ilə damğa vuran “The King Speech” filmindəki kəkəmə kral obrazı ilə hər kəsi valeh edib. Hətta kəkəmə kral performansı ona “Oskar” mükafatı da gətirib.

Bütün bunlara baxmayaraq, hələ də çoxları Kolini Mister Darsi kimi tanıyır. Aktyor obrazın onun üzərinə yapışmasından şikayət etsə də, Ceyn Ostinin romanı əsasında çəkilən serialın həyatındakı rolundan məmnundur.

O, 2007-ci ildə “The Times”a verdiyi müsahibədə Mister Darsi obrazı barədə “bu, məktəbdə qoyulan ləqəb kimidir, canını xilas edə bilmirsən” - deyərək şikayətlənib. Aktyorun sözlərinə görə, hətta bəzən həyat yoldaşı da onu evdə “Mister Darsi” çağırırmış.

Buna baxmayaraq, “Madam Figaro” jurnalına verdiyi müsahibə zamanı jurnalistin: “Həyatınıza təsir etmiş qadınlar kimlərdir?”- sualını aktyor belə cavablandırıb:

“Həyatımda 3 qadın var - anam, həyat yoldaşım və Ceyn Ostin”.

Çoxları Kolini aciz, susqun, ikincidərəcəli rolları seçməkdə tənqid edir. Ancaq o, tənqidlərə belə cavab verir:

“Həmişə keyfiyyətli işə üstünlük vermişəm. Filmə çevrilməsinin vacib olduğunu düşündüyüm ssenariləri seçmişəm. Bunların uğurla nəticələnməməsi mənim üçün problem deyil”.

Kolin Fertin həyata, sənətə olan qeyri-adi baxış bucağı onun danışığında, hərəkətlərində kifayət qədər hiss olunur. Lakin Kolini tanımaq üçün onun hekayələrini də oxumaq lazımdır. Xeyr, səhv başa düşməmisiniz, Kolin Fert həm də yazıçı kimi fəaliyyət göstərir. Tənqidçilər onu yaxşı hekayə yazarı hesab edir.

Buna baxmayaraq, əsərlərini kitab halına gətirməyi düşünmür. Dediyinə görə, bu işi yalnız hobbi kimi görür. Fertin hekayələrində yetkin insanların darıxdırıcı həyat tərzi, məntiqə sığmayan qayda-qanunları, zamandan asılılıqları tənqid olunur.

Kolin fert heyranlarına onun filmlərini izləməklə kifayətlənməməyi, hekayələrini də tapıb oxumağı məsləhət görürük.


Hələlik isə sizin üçün topladığımız Kolin Fert fotolarına nəzər salın!


Müəllif:

Oxşar xəbərlər