Kriminal avtoritetlərin ölümü, “qanuni oğru”ların həbsi xəbərlərindən sonra bəzən onların “döyüşkən sevgililəri” haqqında da əfsanələr yayılır. Həyatını quldurlara həsr edən qadınlar kimdir?..
Teleqraf.com Rusiya mediasının həmin qadınlardan hazırladığı materialı təqdim edir.
Bu qadınların həyatı sevdiyi quldurların həyatından kəskin fərqlənmir. 90-cı illərin əvvələrində məktəblərdə aparılan sorğunun nəticələri rusiyalı ekspertləri dəhşətə gətirmişdi. İlk illər sorğu iştirakçılarının əksəriyyəti foto-model olmaq istədiklərini bildirirdilər, sonralar isə onların arasında quldurla ailə həyatı qurmaq ənənəsi peyda oldu. Buna isə “Briqada”, “Banditlərin Peterburqu”, “Oliqarx” və sair bu kimi seriallar yardım elədi...
Aleksandra Petrova
2000-ci il sentyabrın 16-sı Çeboksarı sakinləri dəhşətli atəş səsi eşitdilər. Yerli polis idarəsindən verilən məlumata görə, hadisə zamanı 3 nəfər avtomat silahdan açılan atəş nəticəsində öldürülmüşdü. Onlardan biri 20 yaşlı Rusiya gözəli Aleksandra Petrova idi.
Qətlə yetirilən digər iki nəfər Petrovanın həyat yoldaşı Konstantin Çuvilin və onun dostu Radik Əhmədov olduğu aydınlaşdı.
Çekobsarı mərkəzi bazarının rəhbəri olmuş Radik Əhmədovla uzun müddət şəriki olmuş Anatoliya Doronitsin arasında ədavət yaşanmışdı.
Beləliklə, Doronitsin Əhmədovun aradan götürülməsi üçün killer tutur.
Əhmədovun çirkli işlərinin arxasında Petrovanın əri Çuvilin dayanırdı. Hadisə zamanı üçlük gənc xanımın doğum gününü qeyd etmək üçün yığışmaq qərarına gəlir. Bu isə sui-qəsd üçün ən ideal fürsət olur.
Petrovanın anası olanları belə xatırlayır: “Uşaq yaşlarından o, Rusiya gözəli olmaq istəyirdi. Arzusuna çatdı. Bir neçə serialdan təklif gəldi. Mən razılıq vermədim. Çuvilin ilə münasibətindən narazı idim. Bilirdim ki, bu münasibətin axırı belə qurtaracaq. Onu xəbərdar eləmişdim...”
Svetlana Kotova
Kriminal aləmin ən dəhşətli sui-qəsdi Aleksandr Solonikin və sevgilisi Svetlana Kotovanın öldürülməsidir.
Makedonski ləqəbi ilə tanınan Solonik 1987-ci ildə təcavüz ittihamı ilə 8 il həbs cəzasına məhkum edilmişdi. Ancaq o, həbsdən qaçır, 90-cı illərdə killer kimi ilk sifarişini icra edir və İşimsk qrupun lideri Nikolay Priçiniçi qətlə yetirir.
O, 1994-cü ildə Moskvanın Petrovsk-Razumoskv bazarında həbs edilir. Bölmədən qaçmaq istəyərkən, 3 polis əməkdaşını yaralayır, özü də ağır xəsarət alır. 8 ay sonra Solonik yenidən həbsdən qaçır. O, yeni adla Yunanıstana gedir və Afina yaxınlığında 3 möhtəşəm malikanə alır.
Qonşuların sözlərinə görə, Solonik qadın düşkünü idi və tez-tez gözəl xanımları evinə dəvət edirdi. Ən uzun sevgi macərası Svetlana Kotova ilə olub.
Svetlana 1996-cı ildə keçirilən “Miss Rusiya” yarışmasında birincilik qazanır. Bundan sonra o, müdriyyətdən icazə alaraq, Afinaya istirahətə gəlir, burada Soloniklə tanışlaşır. O, zəng vasitəsilə anasına İtaliyada keçirilən gözəllik yarışına qatılmaq istədiyini bildirir. 1997-ci il yanvarın 30-da isə model yoxa çıxır.
Həmin il fevralın 2-də Afina polisi Solonikin cəsədini aşkarlayır. O, boğularaq öldürülmüşdü. Killerlə bağlı heç bir sübut aşkar edilmədi. 3 ay sürən araşdırmalar zamanı onun sevgilisi ilə bağlı şübhələr üzə çıxdı. Həmin ilin mayında Saronida şəhərciyinin yaxınlığında Svetlananın doğranmış və çamadana yığılmış cəsədi aşkar edildi.
Bu qətllərlə bağlı çoxsaylı versiyalar irəli sürüldü. Bəziləri cütlüyü italyan mafiyasının aradan götürdüyünü deyirdi. Ancaq aparılan araşdırmaların yekununda onların mütəşəkkil cinayətkar dəstə üzvləri tərəfindən qətlə yetirildiyi sübut edildi.
Lüdmila Matıtsina
Ötən əsrin 90-cı illərində Tolyatti ABŞ-ın Çikaqosu ilə müqayisə edilirdi. Çünki bu bölgədə “Avtovaz” zavoduna nəzarət uğrunda kriminal avtoritetlər arasında qanlı toqquşma gedirdi. Bəzi mənbələrə görə, bununla əlaqədar həmin dövrdə bölgədə 400-dən çox insan öldürülmüşdü.
Ən böyük intriqa isə Vladimir Aqiya və Aleksandr Voronetskovun rəhbərlik etdiyi dəstə ilə Volqovsk cinayətkar qruplaşması arasında yaşanırdı.
Volqovsk qruplaşmasının rəhbərləri Dmitri Ruzlyayev və Sovok ləqəbli avtoritet Yeveqni Sovkov idi. Həmin zaman Sovok Rusiyada axtarışa verilmişdi və Moskva ətrafında 28 yaşlı sevgilisi Lüdmila Matıtsin ilə birlikdə yaşayırdı.
Sovkov və sevgilisi də Tolyatti üzərində gedən qanlı intriqanın qurbanı oldular. 2000-ci il dekabrın 26-da Yevgeni və Lüdmila cütlüyü “Zelyonı” ləqəbli avtoritet Andrey Milavanovun gülləsinə tuş gəldi. Lüdmilanın başına iki dəfə atəş açılmışdı.
Öldürülən avtoritetlər və sevgililərin hamısı Tolyattinin Banıkinsk qəbirstanlığında dəfn edilib...