20 İyun 2019 07:05
982
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin “Rafael” şirkəti müxtəlif obyektlər arasında verilmiş hədəfi aşkarlamağa imkan verən süni intellektə malik “Spice 250” adlı süzən aviasiya bombası yaradaraq uğurla sınaqdan keçirib.

Teleqraf.com “ICTnews”a istinadən xəbər verir ki, hazırda süzən bombalar müxtəlif tuşlama sistemləri ilə təchiz edilirlər, lakin hədəf ətraf obyektlərə bənzəyən zaman sursat lazımi yerdə partlamaya bilər. “Spice 250” bombasının qeyri-adiliyi ondadır ki, quraşdırılmış süni intellekt üçölçülü modellərə malik məlumat bazası və təlim görmüş neyroşəbəkələr vasitəsilə hədəfi fərqləndirə bilir. Perspektivdə sursatın əsas hədəfi aşkarlamayacağı təqdirdə ikinci dərəcəli hədəfin avtomatik seçilməsi imkanının tətbiqi planlaşdırılır.

İsrailin yeni aviabombasının əsas xüsusiyyətlərinə gəldikdə, onun döyüş başlığının çəkisi 75 kq təşkil edir. Süzmə üçün qatlanan qanad bombaya atılma nöqtəsindən 100 km uzaqda yerləşən hədəfləri vurmağa imkan verir. Bundan başqa, “Spice 250” uçub yaxınlaşmaya bir neçə saniyə qalmış hədəfin vurulmasını ləğv edən sistemlə təchiz edilib, quraşdırılmış kameradan təsvirlər isə hədəfin vurulması anınadək qəbuledicidə göstərilir. Bombanın digər texniki xüsusiyyətləri barədə məlumat verilmir.


Müəllif: Teleqraf.com