7 Dekabr 09:06
1 239
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cinayətkar, yoxsa cəmiyyət tərəfindən yanlış anlaşılmış adi bir insan?.. Onun adı hələ də tarixçilər, turistlər və əfsanəsevərlər arasında maraqla müzakirə olunur.

Laviniya Fişer Amerika tarixində ilk qadın seriya qatil olaraq tanınır. Həyatı və cinayətləri ilə bağlı çoxlu mübahisələr olsa da, Laviniya və həyat yoldaşı Con Fişer XIX əsrin əvvəllərində Cənubi Karolinanın ən qorxunc cütlüyü kimi yadda qalıb.

Laviniya 1793-cü ildə doğulub. Uşaqlıq illəri və gənclik həyatı haqda məlumatlar çox məhduddur. Bioqrafiyasında cazibədar, ağıllı və manipulyativ bir qadın olduğu yazılır.

Con Fişerlə "Six Mile Wayfarer House" adlı oteli işlədirdi. Çarleston şəhəri yaxınlığında yerləşən otel səyyahlar üçün dayanacaq yeri idi.

Əfsanəyə görə, Laviniya və Con otelə gələn qonaqları öldürərək onların pul və qiymətli əşyalarını oğurlayırdı. Laviniya zərif davranışları ilə qurbanlarını aldadır, onlara xüsusi çay təqdim edirdi. İddialara görə, bu çay zəhərli idi. Qonaqlar çay içdikdən sonra halsızlaşırdı. Daha sonra cütlük onları ya boğur, ya da xüsusi bir mexanizm vasitəsilə yataqlarından zirzəmiyə salırdı.

Daha sonra oteldə bir neçə insanın yoxa çıxması yerli əhalini narahat etdi. Bu şübhələr nəticəsində Laviniya və Con həbs edildi. Amma onlara qarşı konkret sübutların olmaması səbəbindən əvvəlcə azad edildilər. Bir müddət sonra digər cinayətlərin aşkara çıxması ilə cütlük yenidən həbs olundu.

1819-cu ildə cütlük məhkəməyə çıxarıldı. Onlar soyğunçuluq və qətllərdə təqsirli bilinərək edam cəzasına məhkum edildilər. Laviniya Fişer 1820-ci ildə asılaraq edam edildi.

Əfsanələrə görə, edam zamanı Laviniya ağ gəlinlik geyinmişdi və son sözləri belə olmuşdu:
"Mən günahsızam! Ancaq şeytanla görüşəcəyimə əminəm!"

Laviniya rəsmi olaraq ABŞ-ın ilk qadın seriya qatili kimi tanınır. Amma törədiyi qətllər ilə bağlı dəqiq heç nə sübut olunmayıb, ABŞ-ın kriminal tarixində mübahisəli sima olaraq qalır.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər