6 Oktyabr 2019 23:54
1 069
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belçikada bir canavarın ehtimal olunan ölümü ilə bağlı məlumat üçün ətraf mühiti mühafizə fəalları 30 min avro mükafat təklif ediblər.

Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, keçən il Naya adlı bir dişi canavar son 100 il ərzində Belçikada görünən ilk canavar olub.

Lakin yerli təbiət agentlikləri bildirib ki, may ayından bəri nə dişi canavarın, nə də onun küçüklərinin izi görünməyib.

Fəalların ehtimal etdiyinə görə, çanavara taxılmış elektron xaltanın batareyaları, görünür, tükənərək boşalıb.

Bir sıra təbiət qrupları çanavarın yoxa çıxmasına görə ovçuları günahlandırıb.

Təbiət və Meşə Tədqiqat İnstitutunun (INBO) sözçüsü qeyd edib ki, canavarın məskunlaşdığı meşəlik ərazidə sıx izləmə kamera şəbəkəsi qurulduğundan, heyvanın öldüyü birmənalıdır.

Üç özəl ekoloji qrup canavarın necə öldüyü barədə məlumat üçün ilk əvvəl €20000 təklif edib.

Ekoloji qruplardan biri bildirb ki, adı açıqlanmayan bir belçikalı biznesmen bu fonda €10000 pul verib.

Şərqi Almaniyada doğulan canavar Naya Belçikanın şimal-şərqində ilk dəfə 2018-ci ilin yanvarında görünüb.

Sonradan ona August adlı erkək canavar qoşulub.

INBO sözçüsü BBC-yə deyib ki, sonuncu dəfə Naya kameralarda mayın 10-da görünüb və o zaman dişi canavar balalamaq ərəfəsində imiş.

O eləcə də qeyd edib ki, son həftələrdə August adlı canavar özünü tənha heyvan kimi aparmağa başlayıb, bu isə Nayanın və onun küçüklərinin öldüyündən xəbər verən daha bir siqnaldır.

August Belçikada təbiətdə yaşayan üç vəhşi canavardan biridir.

Bir çox Avropa ölkələrində vəhşi canavarların kökü ovçular tərəfindən bir əsr bundan əvvəl kəsilib, indi isə bu heyvanlar həmin Avropa ölkələrində tədricən yenidən görünməyə başlayıb.

Canavarların geri qayıtmasını mal-qaraya hücumlardan şikayətlənən yerli fermerlərin narazılığına səbəb olur.


Müəllif: Teleqraf.com