17 Aprel 2021 09:05
2 362
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un “Tanımadığımız azərbaycanlılar” rubrikasında dünyaca məşhurlaşan, amma azərbaycanlı olduğunu çox az adamın bildiyi, çoxumuzun isə heç bilmədiyi şəxsiyyətlər haqda məlumatlar təqdim edilir.

Haqqında internet vasitəsilə məlumat əldə etdiyimiz şəxs Türkiyə teatr və kinosunun ən məşhur simalarından biri olub.

Muəmmər Qaraca – türkiyəli teatr və kino aktyoru. Türk teatrının unudulmaz tamaşalarından biri olan “Cibali Polis Bölməsi”nin müəllifi və “Muəmmər Qaraca” Teatrının qurucusudur.

Muəmmər Qaraca 1906-cı il noyabrın 8-də İstanbulda anadan olub. Əsl adı Muəmmər Rövşəndir. Aktyorun azərbaycanlı kökənli ailədə doğulduğu deyilir.

Muəmmər Qaracanın qohumluq bağları olmasa da, başqa bir Azərbaycan əsilli həmkarı Məhmət Qaraca ilə yaxın dostluq münasibətləri saxlayıb. Məhmət Qaraca məşhur rokçu Cem Qaracanın atasıdır.

Baytarlıqdan sənətə

Hələ uşaqlıqdan sənətə maraq göstərən Qaraca baytarlıq təhsilini yarımçıq qoyaraq teatra üz tutub. İlk dəfə 1923-cü ildə Sahir Opera Teatrında səhnəyə çıxıb. 1924-cü ildə Darülbədayidə (İstanbul Şəhər Teatrı) fəaliyyətə başlayıb və “Rəngli fənər” tamaşasında rol alıb.

1930-cu ildə Sürəyya Operasında qısamüddətli təcrübədən sonra Darülbədayiyə qayıdıb. 1942-ci ilədək burada işləyib. Həmin dönəmdə “Kəllə və ölü evi” (Nazim Hikmət), “Per Günt” (İbsen), “Dəbdəbəli həyat” (Rey Qardaşları) və “Dəli-dolu”, “Müfəttiş” (Qoqol), “Yarasa” (Strauss) kimi bir çox tamaşa və operettalarda rol alıb.

Atatürkün silahdaşı

İzmirdə qastrol səfərində olarkən Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün silahdaşlarından biri olan dönəmin İzmir valisi Kazım Dirikin qızı Şükran xanımla tanış olub və evlənib.

Bu evlilik ailəsi icazə vermədiyi üçün Şükran xanımın qaçırılması nəticəsində baş tutub. Dövrün mətbuatında bu olay rezonans doğurub. Qayınatasının istəyi ilə teatrdan ayrılıb. Bir müddət Turhalda yaşayıb və Turhal şəkər zavodunda inzibati nəzarətçi olaraq işləyib.

Lakin tezliklə teatra qayıdıb. Şükran xanımla evliliyi 1950-ci illərin əvvəllərində sona çatıb.

Teatr səhnəsində

1933-cü ildə Səfiyyə Ayla ilə birgə rol aldığı “Alabanda revusu” tamaşası ilə məşhurlaşıb. 1945-ci ildə bir müddət Səs Operasında işlədikdən sonra Qaraca Operasını qurub. 1950-ci ildə bağlanan Qaraca Operasında Cəlal Sururi, Tevhid Bilgə, Toto Qaraca, Müzəffər Həpgülər və Adilə Naşid kimi oyunçular səhnəyə çıxıb.

Dönəmin Baş naziri Adnan Menderesi satirik tənqidə məruz qoyan “Adnan bəy eşitməsin” adlı tamaşası çox populyar olub. Muəmmər Qaraca bununla yanaşı “Sabiq nazir”, “Lahmacun cümhuriyyəti”, “Dəmirələ söyləyərəm” və özünün yazdığı “Senator” kimi satirik tamaşaları dövrünün siyasi olaylarından bəhs edib. Tamaşaçı auditoriyası tərəfindən böyük maraqla qarşılanıb.

1955-ci ildə İstanbulda Muəmmər Qaraca Teatrını qurub. Teatrın açıldığı il “Cibali Polis İdarəsi” adlı tamaşanı səhnələşdirib. Cibali qəsəbəsində yaşayan insanlarla polis arasındakı yaxın əlaqələrdən bəhs edən tamaşa 16 ildə üç mindən çox səhnəyə qoyulub.

1966-cı ildə Hülki Sanərin rejissorluğu ilə bədii film kimi ekranlara çıxarılıb.

Rol aldığı filmlər

Kino karyerası 1933-cü ildə başlayan Qaraca müxtəlif illərdə çəkilən “Söz bir, Allah bir (1933), “Milyon ovçuları” (1934), “Allahın cənnəti” (1939, “Akasya sarayı” (1940), “İstanbulun ulduzları” (1952), “Rəisin qızı” (1974) kimi filmlərdə rol alıb.

Aktyora məşhurluq qazandıraan Möhsün Ərtuğrulun 1938-ci ildə çəkdiyi “Arvadım mənə xəyanət edərsə” idi. “Cibali Polis İdarəsi” kimi teatr əsaslı bəzi filmlərdə baş rollarda oynayıb.

Qaracanın rol aldığı sonuncu film ölümündən üç il əvvəl çəkilən “Şəhvət qurbanı Şövkət bəy”dir. Aktyor karyerası ərzində ümumilikdə 19 filmdə rol alıb.

Son illəri

Teatr rəhbəri olduğu dönəmlərdə Münir Özkul və Tevhid Bilgə kimi sənətkarların truppalarının səhnəyə çıxmasına yardım edib.

Öz truppası dağıldıqdan sonra isə başqa teatrlarda rejissor və aktyor kimi fəaliyyət göstərib.

Ömrünün son illərində borclanıb. Borclarını ödəmək üçün qurduğu teatrın binasını bələdiyyəyə satıb. İstanbulda inşa edilən həmin bina indi də teatr kimi fəaliyyət göstərir.

Muəmmər Qaraca 1978-ci il aprelin 28-də İstanbulda vəfat edib.


Müəllif: Mənsur Rəğbətoğlu