22 Dekabr 2022 09:14
4 550
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bütün Latın Amerikası ölkələrində zənci və qarışıq əhali nisbəti kifayət qədər yüksəkdir. Amma Argentinada mənzərə bir qədər fərqlidir. Bu ölkədə qaradərili insanlar demək olar ki, yoxdur. Yaxşı, amma niyə?

Teleqraf.com oxucularına Argentinanın tarixi ilə bağlı maraqlı gələ biləcək məlumatları təqdim edir.

Argentina Qətərdə keçirilən dünya çempionatının qalibi oldu. Lionel Messinin kapitanı olduğu komanda finalda Fransanı məğlub edərək, mundialın ən yüksək pilləsinə qalxdı. Milyonlarla insanın azarkeşi olduğu Argentina millisinin heyətində qaradərili oyunçunun olmaması da diqqət çəkirdi. Bəs Argentinanın qaradərili insanlarına nə oldu?

XVIII əsrin sonunda Argentinada əhalinin üçdə biri qaradərili idi. 1778-ci ildə qaradərililərin əhali arasındakı nisbəti 37 faiz olduğu halda, 1850-ci illərdə bu 15-ə enir. Bu gün bu nisbətin 2-5 arasında olduğu təxmin edilir. Bununla bağlı dəqiq rəqəm demək mümkün deyil.

Afrikadan ilk qullar 1587-ci ildə Buenos-Ayresə gəliblər. Argentinanın paytaxtında 100 ilə yaxın əsas ticarət qul alveri ilə bağlı olub.

1700-cü illərin sonlarında ölkənin mərkəzi bölgələrində əhalinin təxminən 50 faizi zənci idi. Buenos-Ayres şəhərinin sakinlərinin 30-40 faizi qaradərili və ya qarışıq irq olub.

Argentina 1810-1816-cı illərdə İspaniya ilə müstəqillik uğrunda mübarizə aparıb. Məlum tarixi həqiqətdir ki, bu müharibədə zəncilər ön cəbhəyə göndərilib.

Cəbhəyə getməyən qaradərililər vəba, malyariya kimi epidemiyaların məngənəsində qalırdı. Ya da digər Cənubi Amerika ölkələrinə köçmək məcburiyyətində...

1895-ci ilə qədər Argentinada o qədər az qaradərili insan qalmışdı ki, o dövrün hökuməti Afrika əsilli insanları siyahıya belə almamışdı. Həmin illərdə xüsusilə İtaliya və İspaniyadan gələn “Avropa köçü ilə əhalini ağartmaq” siyasəti həyata keçirilmişdi.

Qaradərili qadınlar Avropadan gələn ağlarla evlənməyə məcbur edilmişdilər. Bu irqçi siyasətin sonunda Argentina bu gün də bütün Cənubi Amerika ölkələri arasında ən aşağı qaradərili əhali nisbətinə malikdir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər