14 Aprel 2023 23:27
4 907
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Kosmos Agentliyi (ESA) Yupiterin əsas peyklərini öyrənmək və orada həyat üçün əlverişli şəraitin olub-olmadığını müəyyən etmək məqsədilə missiyaya başlayır.

Teleqraf.com BBC-yə istinadla xəbər verir ki, bu, ən iddialı ESA missiyalarından biridir və “Yupiter Icy Moons Explorer” (“Juice”) adlanır.

Missiyanın dəyəri 1.6 milyard avrodur. Zondda 10 cihaz quraşdırılıb. Bunlar kameralar, hissəcik detektorları, səma cisimlərinin səthi altında relyefi skan etmək üçün radar və yerüstü relyefin üçölçülü xəritələrini çəkmək üçün istifadə edilən lidardır. Ən vacib cihazlardan biri Böyük Britaniyada xüsusi olaraq hazırlanmış maqnitometrdir.

Missiyanın məqsədi Kallisto, Avropa və Qanimed peyklərində həyatın ən sadə formalarını belə dəstəkləmək üçün şəraitin olub-olmadığını müəyyən etməkdir. Bununla belə, “Juice”nin missiyası təkcə həyatı aşkar etməkdən ibarət deyil.

Göyərtəsində kosmik zond olan “Ariane-5” raketi Fransa Qvianasındakı Kuru kosmodromundan havaya qalxacaq. Qaz nəhənginə və onun peyklərinə gedən yol səkkiz il çəkəcək. Raketin zondu birbaşa Yupiterə göndərmək üçün kifayət qədər enerjisi olmayacaq. Buna görə də, zondu Günəş sisteminin daxili hissəsindəki trayektoriyaya aparacaq, oradan sürətlənmə üçün Yer kürəsi və Veneranın cazibə qüvvəsindən istifadə edərək, bu sistemin ən böyük planetinə uçacaq.

Səyahət uğurlu olarsa, zond 2031-ci ilin iyulunda qaz nəhənginə çatacaq. Bundan sonra “Juice” bir neçə il Yupiter ətrafında fırlanacaq, peyklərinin yaxından uçuşlarını həyata keçirəcək, arabir onların səthindən 400 km məsafəyə yaxınlaşacaq, 2034-cü ildə Qanimedin ətrafında orbitə çıxacaq. Qanimeddən əldə ediləcək məlumatların kifayət qədər təfərrüatlı olacağı gözlənilir. 2035-ci ildə missiya başa çatacaq.

Astronomlar kütləsi Yupiterdən iki dəfə böyük olan “isti” planet tapıblar. Bu nəhəng uzaq bir “cırtdan ulduz”un ətrafında fırlanır.


Müəllif: Mənsur Rəğbətoğlu