27 Yanvar 10:01
2 467
12 Punto 14 Punto 16 Punto 18 Punto

1913-cü il yanvarın 23-də Osmanlı İmperiyasında İttihad və Tərəqqi liderlərinin hakimiyyətə tam nəzarəti ələ keçdiyi hərbi çevriliş baş vermişdi. Olayı maraqlı edən isə aşağı rütbəli zabitlərin dövlətin ən yüksək vəzifələrində yer alan hərbçiləri öldürməsiydi. Xüsusilə bu çevriliş zamanı hərb naziri (bugünkü müdafiə naziri) Nazım Paşanın öldürülməsi böyük səs-küyə səbəb olmuşdu.

Teleqraf.com Osmanlı İmperiyasındakı bu olayla bağlı materialı təqdim edir.

1912-ci ildə - son dövrlərində Osmanlı İmperiyasının onun suverenliyi altında olan Balkan dövlətləri tərəfindən məğlub edilməsi İstanbulda böyük təpki və kədərlə qarşılandı. Makedoniya, Saloniki və Bitola kimi şəhərlərin itirildiyi bu prosesin sonunda hakimiyyətdə olan İttihad və Tərəqqi Komitəsinin rəhbərləri Ənvər və Tələt paşalar hakimiyyəti tamamilə öz nəzarətlərinə almaq istədilər.

Sədrəzəm Kamil Paşa ordunun siyasətə qarışmamasını istəyir və Ənvər Paşanın mövqeyini laxladırdı.

1913-cü ilin əvvəlində çevriliş hazırlığı sürətləndi. Osmanlı ordusunun Balkan dövlətlərinə məğlubiyyəti ilə hökumət çıxılmaz vəziyyətə düşdü, üç aydır işğal altında olan Ədirnənin daha müqavimət göstərə bilməyəcəyi məlum olduqdan sonra paytaxtın İstanbuldan Anadoluya köçürülməsindən danışılırdı.

İmperiyanın keçmiş paytaxtı Ədirnənin süqutu ehtimalı böyük mənəvi çöküntü gətirdi. Bolqar ordusu İstanbula çox yaxın idi.

Sədrəzəm Kamil Paşanın mövqeyi daha da zəifləmişdi, rəhbərlik etdiyi hökumət dağılırdı.

1913-cü il yanvarın 23-də Ənvər Paşa və İttihad birlikləri hökumət və Müdafiə Nazirliyinin yerləşdiyi Babı-Ali adlı binaya gəldilər. İttihadçılar qəzəblə binaya daxil oldular. Kamil Paşanın dəftərxanasına doğru gedərkən hərb naziri Nazım Paşa ilə qarşılaşdılar.

Ənvər Paşanın yanında ən sadiq fədaisi və dostu Yaqub Cəmil vardı. Ondan qat-qat yüksək rütbədə olan hərb nazirinin qarşısında qeyri-ixtiyari susan Ənvər Paşa hökumətin istefa verməli olduğunu söyləməklə kifayətləndi.

Nazım Paşa qəzəbləndi: “Mən sənə siyasətə qarışma demədimmi?!”

Ritorika sərtləşəndə Yaqub Cəmil silahını çəkdi...

Türkiyənin mərhum prezidenti Cəlal Bayarın xatirələrinə görə, Yaqub Cəmil arxadan yaxınlaşaraq, silahını Nazım Paşanın sağ gicgahına dirəyərək tətiyi çəkir. Yerə yıxılan hərb naziri elə oradaca canını tapşırır.

Ənvər Paşa heyrət içində dönüb Yaqub Cəmilə dedi:

“Buna nə ehtiyac vardı? Dəli olmusan?”

Yaqub Cəmil elə o an tarixə düşən sözləri dilinə gətirir

“Bir də durub bu adama söz başa salacaqdıq?!”

Hadisədən sonra Ənvər Paşa ilə Tələt Paşa Kamil bəyin kabinetinə girərək zorla istefa ərizəsini yazdırdı. Ərizəni saraya elə Ənvər Paşanın özü aparıb.

Hərb nazirinin başına gələnləri görən sədrəzəm Kamil bəy heç bir etiraz və tərəddüd etmədən istefa verir. Bu hadisədən sonra Ənvər Paşa Osmanlı İmperiyasının ən nüfuzlu və güclü simasına çevrilir.

Ənvər Paşa Osmanlı İmperiyasının Birinci Dünya Müharibəsinə girdiyi 1914-cü ildən atəşkəs şərtlərini qəbul etdiyi 1918-ci ilədək hakimiyyətini davam etdirib. O illərdə sadiq fədaisi Yaqub Cəmil də yanındaydı. Amma 1916-cı ildə Ənvər Paşa ilə yolları ayrılan Yaqub Cəmil həbs olundu. Ənvər Paşanı devirməyə cəhd ittihamı ilə edama məhkum edildi. 1916-cı il sentyabrın 11-də güllələndi.

Yaqub Cəmil haqda çoxlu əfsanə və iddialar var. Bunlardan biri də edam zamanı əsgərlərə “atəş” əmrini şəxsən verməsi ilə bağlıdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər