8 Fevral 01:10
4 573
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tədqiqatçı Yohan Reynhard 1995-ci ildə And dağlarının soyuq zirvəsində olduqca maraqlı kəşfə imza atdı – Xuanita və ya Ampato qızı kimi tanınan gənc qadının mumiyasını gün işığına çıxardı.

Teleqraf.com xəbər verir ki, elm adamları qızın yaşının 13-14 civarında olduğunu təxmin edirlər.

İnklərin dövründə yaşamış qızın üzü üçölçülü texnologiyadan istifadə edilərək yenidən yaradılıb. Tədqiqatda Polşanın Santa-Mariya Katolik və Varşava universitetlərinin tədqiqatçıları da iştirak ediblər.

İnklər üçün müqəddəs dağ olan Ampatoda tapılan mumiya elm adamları və tarixçiləri həyəcanlandırıb.

Yaxşı qorunmuş mumiya İnk İmperiyası, onun mədəniyyəti və Xuanitanın özü haqda maraqlı məlumatlar verir. “Time” jurnalı onu “ilin ən böyük kəşflərindən biri” (2023-cü ilin) adlandırıb.

Peru, Polşa və İsveçdən olan tədqiqatçılar Xuanitanın ölməzdən əvvəl son görünüşünə yaxın olan canlı üzünün silikon modelini yaradıblar. Silikondan hazırlanmış büstü qabarıq yanaq sümükləri, qara gözləri və tünd dərisi olan gənc qızın təsvirini verir.

İsveçli arxeoloq və heykəltəraş Oskar Nilsson Xuanitanın üzünün modelləşdirilməsinin təxminən 400 saat çəkdiyini açıqlayıb.

Xuanitanın kəllə sümüyünün analizindən sonra Reynhard qızın ağır kəllə-beyin travmasından öldüyünü müəyyən edib. Onun fikrincə, qız inklərin digər insan qurbanları kimi qamış tarlaları və kəndləri su ilə təmin etmək üçün tanrıya qurban verilib.

Nəhayət, kəşfindən 28 il sonra dünyanı valeh edən mumiyanın bir üzü oldu.

Reynhardın dediyinə görə, qız qorxsa da, ölümdən sonra gözəl bir həyat arzulayaraq, qurban olaraq seçilməkdən şərəf duymuş ola bilərdi.

İnk İmperiyası Cənubi Amerikanın And dağlarında yaranan ən böyük imperiya olub. İnklərin imperiya və sivilizasiyası 1438-ci ildən 1533-ci ilədək Peru, Ekvador, Boliviya, Kolumbiya, Çili və Argentinanı əhatə edib. Paytaxtı Kusko şəhəri olub. İnklərin əhalisi 1438-dən 1533-ci ilə qədər 12-20 milyon nəfər, ərazisi 800 000 – 2 000 000 km² idi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər