25 Yanvar 2017 13:48
1 618
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanı Soçidə “KiViN-2017” Şən və Hazırcavablar Klubunun 28-ci beynəlxalq festivalında təmsil edən “Bakı yığması” ən yüksək liqanın tərkibinə düşüb. “Bakı yığması” komandasının rəhbəri Rəşad Əzizov 1993-cü ildən sonra ilk dəfə Azərbaycan komandasının ən yüksək liqaya düşməsinin sevincini Teleqraf.com-la bölüşüb. O, qondarma Dağlıq Qarabağ Respublikasının festivaldakı təxribatından, “Bakı yığması”nın növbəti turlarda iştirakından danışıb.

- Rəşad bəy, “KiViN-2017” siyasi təxribatla ilə başladı. Bu, ümumi ab-havaya necə təsir göstərdi?
- Əslində Soçidə baş verənləri möcüzə adlandırmaq olar. “KiViN-2017” festivalı Azərbaycanı bu yarışda təmsil edən “Bakı yığması” üçün çox ağır oldu. Siyasi təxribat vəziyyətimizi çətinləşdirmişdi. Ancaq çalışdıq ki, məsələnin həllini tapaq və şükürlər olsun ki, festivalın gedişatında operativ və ədalətli qərar qəbul edildi. Bu qərara görə “KVN” Beynəlxalq Birliyinin rəhbərliyinə minnətdarıq. Amma təbii ki, bu hal ümumi əhvalımıza böyük təsir göstərdi. Eyni zamanda qorxurduq ki, komandamıza olan münasibət dəyişə bilər. Sözün düzü, hiss olunurdu da. Bütün bunlarla yanaşı yığmamız gecə-gündüz işlədi, gərgin hazırlıqlar oldu və bu əziyyətimizin bəhrəsini gördük.

- Bəs yarışdan əvvəl bu təxribatın qarşısını almaq olardımı? Necə olur ki, qondarma respublikanın komandaları yarışa dəvət edilir?
- Festivalda iştirak üçün 600-ə yaxın komanda qeydiyyatdan keçir. Lakin festivalda iştirak üçün 100 komanda seçilir. Bu komandalara “AMİK” Televiziya Yaradıcılıq Birliyinin və “KVN” Beynəlxalq Birliyinin prezidenti Aleksandr Maslyakov şəxsən özü baxır. Ən yüksək liqanın tərkibini isə Maslyakovun başçılığı ilə tanınmış münsiflər mövsüm iştirakçıları sırasından seçir. Bildiyiniz kimi, “KiViN” festivalı sadəcə, yumor yarışı deyil, orada siyasi nüanslar olduğunu hamı bilir. Klubun rəsmi mövqeyi belədir ki, “Artsax” və ya digər qondarma komandaları rəsmi olaraq qəbul etmirik. O komandaların bu yarışda iştirak etmək ixtiyarı yoxdur. Qondarma respublikanın komandaları yarışa necə gəlmişdilərsə, eləcə də qayıtdılar, məqsədlərinə nail ola bilmədilər. Biz etirazımızı bildirəndən sonra rəsmi şəkildə festivaldan uzaqlaşdırıldılar. “KiViN”ə bütün ölkələrdən bir neçə komanda qatıla bilər. Rəhbərlik say çox olduğundan qəbul prosesinə nəzarət edə bilmir, sadəcə seçim turunda siyasi provakasiyaları görəndə həmin komandanın festivalkda iştirakına icazə verilmir. Rusiya və Azərbaycan arasında münasibətlər baxımından da qondarma respublikanın komandaları yarışdan uzaqlaşdırıldı.

- 24 il sonra Azərbaycan klubu - “Bakı yığması” ən yüksək liqaya seçildi. Növbəti turlardan gözləntilər nədir?
- Biz bu nəticəni əldə etmək üçün uzun yol qət etmişik. “Bakı yığması”na verilən şansı qaçırmaq olmazdı. 3 ildir dayanmadan bu nəticəni əldə etmək üçün var qüvvəmizlə işləyirdik. Komandamız qələbəyə görə çox şaddır, əslində heç başqa nəticə də gözləmirdik. 1993-cü ildən bəri Azərbaycanın heç bir komandası ən yüksək liqada iştirak edə bilməmişdi. Əlbəttə, bu, çox böyük nailiyyətdir. Təəssüf ki, bizim uğurumuza düşmənlərimizlə yanaşı Bakıda da sevinməyənlər var. Bizi qısqananlar çoxdur. Bütün bunlara rəğmən, bizə etimad göstərən ölkə rəhbərliyi, Azərbaycan xalqını sevindirmək üçün qalib gəlmək istəyirik. Əgər dəstək olsa və hər kəs “Bakı yığması” ətrafında birləşsə, bu, qarşımıza qoyulan tapşırığın yerinə yetirilməsi üçün əsas ola bilər. Başa düşmək lazımdır ki, Rusiyanın birinci kanalındakı “KiViN” informasiya propaqandası deyil, bu, bizim ölkəmizin, gənclərimizin mövqeyidir. Yarışa çox təcrübəli komandalar qatılır. Burada yaxşı ssenari və təcrübəli aktyorlarla yanaşı, tamaşaçı dəstəyi də mühüm rol oynayır. Biz əcnəbi ölkədə öz izləyicilərimizi tapmalıyıq və sübut etməliyik ki, bizim təqdim etdiyimiz nömrələr həqiqətən də maraqlıdır. Bəziləri adət etdiyi yumoru görmək istəyir. Biz düşünürük ki, yumor bir yerdə dayanmamalı və daim hərəkətdə və inkişafda olmalıdır. Daim həyatın nəbzini tutmalıyıq. Həyatda baş verənlər yumorda da öz əksini tapmalıdır. Çox təəssüf ki, bəzən illərlə bir layihə fəaliyyət göstərir və heç dəyişmir.

- “Bakı yığması” neçə nəfərlə təmsil olunur? Komandaya olan dəstəkdən razısınız?
- Komandamızın əsas heyəti 10 nəfərdən ibarətdir. Ancaq komanda tək aktyorlardan ibarət deyil. Burada ssenari müəllifləri, texniki işçilər də var. Komandanın genişləndirilmiş heyəti 80 nəfərdən də ibarət ola bilər. Bir ssenarini reallaşdırmaq çox böyük zəhmət tələb edir. Başqa cür mümkün deyil. Azərbaycan Gənclər və İdman Nazirliyinin son 3 ildə göstərdiyi dəstək sayəsində bizdə 30-dan çox gənc KVN komandaları yaradılıb. Onlar inkişaf edirlər və gələcəkdə böyük nəticələr əldə edə bilərlər. “Bakı yığması”na gəlincə, indi daha məsuliyyətli olacağıq. Son 3 il komanda üçün çox çətin olub və bu illərdə çoxlu xoşagəlməz hadisələr baş verib. Bəziləri komandanı hər üsulla məhv etməyə çalışırdılar. Onlara əsas cavabımız gələcəkdə əldə edəcəyimiz uğurlar olacaq və Azərbaycan izləyiciləri öz komandası ilə yenidən fəxr edəcək.

- Ən yüksək liqadakı ilk yarışınız nə zaman olacaq?
- Bizim oyunumuz martın 11-də Moskvada olacaq. 6 komanda, o cümlədən “Bakı yığması” mübarizə aparacaq.

Qeyd edək ki, “KiViN-2017” Şən və Hazırcavablar Klubunun 28-ci beynəlxalq festivalının başlanğıcında Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribata cəhd olmuşdu. “KVN” Beynəlxalq İttifaqı və “AMİK” Televiziya Yaradıcılıq Birliyi Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim adından fəaliyyət göstərən “С хлебом и солью” və “DeleYaman” KVN komandalarını festivala dəvət etmişdi. Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi və Gənclər və İdman Nazirliyi etiraz bəyanatı yaymışdı. Daha sonra komandalar festivaldan uzaqlaşdırılmışdı. Ermənistanın isə festivalda iştirak edən bütün komandaları məğlub olaraq mübarizəni dayandırıb.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər