Şahin Zəkizadə imzası klip, reklam bazarında daha çox məşhurdur. Çünki o da sənətə gələndə öz yaşıdları kimi məhz bu sahədə özünü göstərməyə, özünü sınamağa başladı. Amma o nəslin bütün rejissorları kimi içində hər zaman kino çəkmək arzusu gizlənirdi. Nəhayət, bu il arzusu çin oldu.
- Şahin bəy, səhv etmirəmsə, “100 kağız” filmi sizin ilk filminizdir.
- Bədii film kimi ilk işimdir. Amma bundan öncə serial və sənədli filmlər çəkmişəm.
- Necə cəsarət edib belə böyük bir işə imza atdınız? Kimləri və necə inandırsınız?
- Mənim həmkarlarım və özüm bu sənətə böyük kino çəkmək arzusu ilə gəlmişdik. Bizim sahədə rejissor üçün ən böyük nailiyyət tammetrajlı film çəkməkdir. Gəlməmişəm ki, ömrümün sonuna kimi klip, reklam, sənədli film çəkim. Ancaq rejissor bunları da bacarmalıdır. Çünki bunlar rejissor peşəsinin istiqamətlərindəndir. “100 kağız”ın ideyası 14 ildir ki, beynimdə dolanır. Amma heç cür onu reallaşdıra bilmirdim. Dostlarım mənə arxa-dayaq olduğundan, cəsarətlənib birgə işə başladıq. Həmin dostlarımla dörd ay öncə “Fridens Film” adlı prodakşn yaradaraq qərara gəldik ki, ilk çəkəcəyimiz film komediya janrında olsun.
- Ssenarini özünüz yazmışdınız?
- Ssenari üzərində üç nəfər adam işləyib. Öncə mən, sonra Fərid Rzayev, ən son nöqtəni isə İlqar Fəhmi qoydu. Fəridə ideyanı danışdım, filmin dramaturji xəttini onunla birgə tapdıq. Ssenarinin mükəmməl formaya salınmasında İlqar Fəhmiyə müraciət etdik.
- Bəs niyə komediya janrında film çəkmək istədiniz?
- “100 kağız”da daha çox həyatımızın reallığı əksini tapacaq. Mən insanların pula bağlılığını və buna görə başımıza gələnləri filmdə əks etdirmək istəyirdim. Biz filmdə pulun heç kəsə qismət olmamasını da nümayiş etdiririk. Filmdə baş qəhrəman yalnız və yalnız 100 kağızdır. Film “happy end”lə bitir. Bu filmin başqa komediyalardan fərqli cəhəti tragikomik olmasındadır. Mən saat yarımlıq şou çəkmək istəmirdim ki, insanlar gəlib baxıb, gülüb getsinlər. İstəyirdim ki, insanlar heç olmasa, filmdən bir saat sonra da bu barədə düşünsünlər. Bu mənada, Qurban İsmayılovun yaratdığı bomj obrazı filmə tragikomik çalarlar verib. Demək olar ki, həyatda rastlaşdığınız çox obrazları bu filmdə görəcəksiniz. Həkim, falçı, və s. Azərbaycanın tanınmış komediya ustalarını bu filmə dəvət etmişik: Bəhram Bağırzadə, Azər Axşam, Arif Quliyev, Qorxmaz Əlili. Filmdə böyüklü-balacalı 52 aktyorla işləmişəm.
- Filmdə Roza Zərgərlini çəkməyinizin xüsusi səbəbi varmı?
- Filmin ssenarisində müğənni obrazı var idi. Bu rola kimi çəkməklə bağlı seçim qarşısında idim. Roza Zərgərli Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. Bu keyfiyyət onu deməyə əsas verir ki, o, sənətin müəyyən fazalarını bilir. Mən də o insanı seçdim ki, onun bu sahədə təhsili var. Fikrimcə, peşəkar yanaşma budur.
- Filminizin maliyyəsi barədə açıqlama vermək istəmirsiniz ki?
- Bu məbləğ açıqlanacaq. Amma indi yox. Maliyyə baxımından yaxın dostlarım mənə çox kömək olub. Əlbəttə ki, aktyorları qane edəcək qonorar verə bilmədik. Onlar bizə yardım ediblər, çünki bu, mənim birinci filmimdir və bizim aramızda dostluq münasibəti var. Filmə qoyulan vəsait yalnız aktyorların qonorarı ilə kifayətlənmir, burada texnikadan, qrafik keçidlərdən istifadə edilib. Bu filmdə biz dünyada mövcud olan müasir kino üslublarının çoxuna müraciət etmişik. Filmin bəstəkarı Natiq Qəzənfəroğlu bizə təmənnasız dəstək olub. Elə Roza Zərgərlinin özü filmə təmənnasız çəkilib.
- Azərbaycan kinosunun bu günü barədə düşüncələrinizi bilmək istəyirəm.
- Azərbaycan kinosunun indiki durumunu analiz etsək, bircə söz deyə bilərəm: kinomuz dirçəliş mərhələsindədir. Əminəm ki, bizim film də bu dirçəlişdə böyük iş görəcək. Şirkətimizin də yaranma səbəblərindən biri filmlər çəkməkdir. Təbii ki, burda reklam, klip sifarişləri də olacaq.
- Çəkilən və təqdim olunan son kommersiya filmlərinə baxmısınızmı?
- Yaxın dostum Samir Kərimoğlunun çəkdiyi “Xoxan” filminə baxmışam. Samir çox istedadlı rejissordur. Filmə bilet alıb getmişəm, hətta biletin fotosunu çəkib Samirə də göndərmişəm. Aktyor ifası baxımından Elməddinlə Fərda filmdə tamamilə fərqli oyun tərzi nümayiş etdiriblər. O da Samirin əməyidir. Digər filmlərə isə baxa bilməmişəm, çünki başım “100 kağız”a qarışıq idi. İlkin Həsəni də, Müşfiq Şahverdiyev də bizim dostumuzdur və yaxınlarda onların istehsal etdikləri filmlərə gedib baxacam.
- Şahin bəy, həmkarlarınızın bəziləri: Samir Kərimoğlu, Elxan Qasımov, Ülviyyə Könül dövlət sifarişi ilə film istehsal ediblər. Siz niyə buna cəhd etməmisiniz? Ümumiyyətlə, indiyə kimi nazirliyə bununla bağlı müraciət etmisiz?
- Dəfələrlə müraciət etmişəm. Amma hər dəfə “yox” cavabı almışam və küsmüşəm. Özüm Mədəniyyət və İncəsənət Universitetinin yetirməsiyəm. Fərqlənmə ilə bitirmişəm. Müəllimin Tariyel Vəliyev olub. Filmin əvvəlində də qeyd edəcəm ki, film ustadım Tariyel Vəliyevə həsr olunub. Daha sonra təhsilimi Moskvada davam etdirmişəm. Kino təhsilim var. Yəqin ki, vaxt gələr dövlət sifarişli filmlər də çəkərik.
- Azərbaycanda rejissor olmaq çətindirmi?
- Çətindir. Amma şükürlər olsun ki, ölkə rəhbərliyinin incəsənətə düzgün yanaşması var. Elə buna görə də incəsənətin bütün sahələri gündən-günə inkişaf edir. Kino da nə vaxtsa dirçəlməli idi. Özünüz bilirsiniz ki, hazırda “Əli və Nino” filminin çəkilişləri davam edir. Hesab edirəm ki, bu da Azərbaycanı dünya səviyyəsində tanıdacaq bir film olacaq.
- Film çəkən bəzi həmkarlarınız deyirlər ki, daha klip çəkməyəcəyik. Məsələn, Kənan M.M.
- Kənan deyir, amma sonra gedib Türkiyədə klip çəkir. Yaxın dostumuzdur, xətrini də çox istəyirəm. Mən heç vaxt elə söz işlətmərəm. Dünya praktikasında da var: neçə-neçə filmlər çəkən Devid Finçer, Stivin Spilberq və başqaları klip sahəsində də çalışırlar. Bu da mütləq şəkildə lazımdır. Reklam sahəsində də işimi davam etdirəcəm. Başdan böyük danışmaq istəmirəm. Deyə bilmərəm ki, bundan sonra böyük filmlər çəkəcəm. Allah qismət edib, bu filmi çəkmişəm, yenə qismət etsə, başqalarını da çəkərəm.
- Amma bildiyim qədər, siz klip sahəsində uzaqlaşmışdınız...
- Doğrudur, doqquz ildir ki, bu sahədən uzaqlaşmışdım. Tək mən yox, başqa həmkarlarım da bu addımı atmışdı. Bunun da müəyyən səbəbləri vardı. Elə bir dövr gəldi ki, artıq klip bazarı mənim və həmkarlarım üçün maraqlı olmadı. Çünki bu sahədə mədəniyyəti, istedadı olmayan çox maraqsız insanlar peyda oldular. Maraqlı insanlar isə daha klip çəkdirmədilər. Artıq hər şey bazara dönmüşdü. O qədər bəsit forma almışdı ki, şəxsən mən iyrəndim. Dediyim həmin maraqsız insanlarla işləyəndə başa düşdüm ki, maliyyə cəhətdən təmin olunuram, amma başqa tərəfdən itirirəm. Həm də mənə elə gəlirdi ki, bu, sənətim üçün ləkədir. Bilirsiniz, hər şeyi ucuzlaşdırmışdılar, hiss edirdim ki, mənim sənətimin də ucuzlaşmağa doğru gedir, onda “stop” dedim. Ona görə qərara aldım ki, bu sahədən uzaqlaşım, təki sənətim ucuzlaşmasın. Amma mən öz fəaliyyətimdə idim. Belə ki, verilişlər, sənədli filmlər istehsal edirdim, 20 seriyadan ibarət “Həkimlər” adlı seriala imza atdım və ən çox reklam bazarında çalışdım. Reklam bazarı elə bazardır ki, orada adın səslənməsə də, daim fəaliyyətdəsən.
- Elə ən çox da o dövrlərdə müğənnilər əcnəbi ölkələrdə kliplər çəkdirirdilər. Uzaqlaşmağınızda bunun hər hansı rolu varmı?
- Mən xarici ölkədə klip, reklam çəkdirənləri başa düşmürəm. Bu, anormal bir şeydir. Çünki Azərbaycanda bu sahədə çalışan kifayət qədər peşəkar insanlar var.
- Amma naşıları da çoxdur. Gəlin, bunu danmayaq...
- Yox, danmıram. Sizinlə tamamilə razıyam. İndi kimsə əlinə obyektiv alır və bilmir ki, bu operatordur, yoxsa rejissordur. Bir çoxu bu sənətin dərinliyə, əsl özəyinə varmadan işə girişirlər. Məncə, bu da normaldır. Zamanla onlar ələkdən süzülmürlər və yox olurlar. Bilirsiniz, bizim sənət kənardan çox asan görünür, adama elə gəlir ki, kameranı götürüb, rakursu seçib, başlayırsan çəkməyə, amma qətiyyən belə deyil. Çox gözəl olardı ki, bu sahəyə savadlı gənclər gəlsinlər.
- Klip çəkəndə ssenarini siz təklif edirsiniz, yoxsa sifarişçi?
- Klip, reklam çəkilişində indiyə kimi bütün mövzuları özüm işləmişəm. Yəni ssenari üçün kiməsə müraciət etməmişəm. Təkliflə gələnlər də olub, amma məni qane etmədiyinə görə qəbul etməmişəm. Klip çəkən zaman öncə mahnıya qulaq asıram. Çünki rejissorun fikrində yaranan ideya, fantaziya mahnıdan qaynaqlanır. Hər bir musiqinin audiovizual əsəri klipdir. O, ekranlara çıxanda mahnıya ikinci həyat vermış olur. Vizual görüntü heç də mahnıdan, ifadan geri qalmamalıdır. Bu aspektdən yanaşanda çalışmışam ki, standart düşüncədən kənar situasiyaları lentə alım. Ondan başqa çox çalışıram ki, tamaşaçı yaratdığım əsərə baxanda onun sonunu təxmin edə bilməsin. Sonluğu məhz rejissor verməlidir. Bu, rejissorun fərqləndirici cəhətidir.
- Şahin bəy, filminizin maliyyəsini açıqlamadınız, amma ümid edirəm ki, çəkdiyiniz kliplərin qiymətini deyərsiniz.
- İnanın, elə kliplər olub ki, oradan heç qonorar da almamışam.
- Hansılardır?
- Faiq Ağayev üçün çəkdiyim “Biləydin kaş” klip Azərbaycanda birinci və sonuncu animasiya klipi idi. Səhv etmirəmsə, 7 min dollara başa gəlmişdi. O klipdən bir manat da qazanmamışam. Eləcə də, Elarizin “Doroqo” mahnısına çəkilən klipdən qonorar almamışam. Bu siyahını davam etdirmək olar.
- Yaxşı, onda Azərbaycanın klip bazarında minimal və maksimal qiymətlər necədir?
- Onu bilin ki, bizdə qiymətlər dünya standartlarından çox-çox aşağıdır. Yaxşı klip ucuz maliyyə ilə başa gəlmir. Süjetsiz klip üçün Azərbaycanda orta məbləğ 3-4 min manatdır. Yəni bu məbləğ işin başlanğıcıdır. Süjetli klip isə ssenaridəki məkanlara, qrafik elementlərə görə və s. bu kimi keyfiyyətlərə görə baha başa gəlir.
Nərmin Muradova