28 May 2014 19:53
1 375
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlhan Askın: "Bu haqsızlığa son qoyulmasını tələb edəcəyik"

Diaspor təşkilatlarımızın rəhbərlərilə müsahibələrimizi davam etdiririk. Bu dəfəki müsahibimiz Hollandiyada Azərbaycan Türk kültur dərnəyinin sədri İlhan Askındır. .

- Azərbaycan Türk kültur dərnəyi nə vaxtdan fəaliyyət göstərir və əsas işi nədən ibarətdir?
- Bizim Hollandiyada Azərbaycan Türk kültür dərnəyimiz 20 ildən artıqdır ki, fəaliyyət göstərir və Azərbaycan -Turkiyə birliyini layiqincə təmsil edir. Neçə illərdir soydaşlarımız Hollandiyada yaşayır və fəaliyyət göstərirlər. Bu dərnəyin ərsəyə gəlməsinin əsas səbəblərindən biri, milli kimliyimizi qoruyub saxlamaq, özümüzü və millətimizi cəmiyyətə tanımaq, eyni zamanda dünyada millətimizlə bağlı gedən proseslərdə yer almaq və mübarizə apararaq, ölkəmizə dəstək olmaq idi.

- Bildiyim qədər, dərnəyiniz konkret bir fəaliyyətlə məşğul deyil...
- Dərnəkdə fəaliyyət göstərən qollar müxtəlifdir. Qadınlar qolu və gənclər qolu var. Qadın qollarında fəaliyyət gostərən qadınlar, qızlarımız ictimai həyatında önəmli olan təşkilatlara qoşulublar. Biz mütəmadi olaraq onlarla görüşür, lazım olan sahələrdə informasiyalar veririk. Bələdiyyə ilə birlikdə Hüquqları pozulmuş qadınlara, bəzi səbəblərdən uşaqları əllərindən alınmış analara yardım edilir. Lazım olsa, müvafiq təşkilatlardan adamlar gətirilir. Sağlamlıq barəsində də, problemli ailələrə də yardımçı oluruq. Yaşlı insanlara da kömək göstərilir.

- Təşkilat olaraq, hər hansı müsabiqə və yarışmalarda iştirak edirsinizmi?
- Dərnəyimizdə folklor qrupu da fəaliyyət göstərir. Mütəmadi olaraq, folklor yarışmalarında iştirak edirik, müxtəlif ödüllərə layiq görülmüşük... Bu yaxınlarda Utrext şəhərində folklor yarışması keçirildi və bizim rəqs qrupumuz da orada iştirak edib. Tamaşaçıların göstərdiyi maraqdan, səslənən alqışlardan qazanılan rəğbəti görmək olardı. Tədbirlərimizdə həmişə milli mətbəxə, rəqslərimizə, musiqimizə yer veririk. Bu da yerli əhali tərəfindən çox maraq və istəklə qarşılanır. Hətta rəqslərimizi öyrənməyə cəhd edənlər də olur.

- Respublika Günü ilə əlaqədar tədbirlər planınız varmı?
- Bu il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının növbəti ildönümü qeyd olunur. Bu tarixi gün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olub. Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti, istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirdi. Hər il olduğu kimi, bu il də 28 may tarixinə dair konfrans keçirəcəyik və bu konfransda 1918-ci ildə baş verənləri, cümhiryyətimizin elan olunması prosesini gənc nəslə və avropalılara çatdıracağıq.

- İl ərzində hansı tədbirlər keçirilir?
- Mütəmadi olaraq Azərbaycan və Türkiyə ilə bağlı hər hansı bir hadisəyə öz reaksiyamızı verir, tədbirlər, mitinqlər keçirib, məktublar yazır, qarşılıqlı çağırışlara dəstək oluruq. Təşkilatlarımız tərəfindən qondarma "erməni soyqırımı", 20 yanvar faciəsi, Xocalı soyqırımı ilə əlaqədar tədbirlər keçirilir. Artıq neçə ildir ki, Den Haaq şəhərində Hollandiyada Azərbaycan Türk kültür dərnəyinin təşəbbüsu ilə, Xocalı soyqırımına dair monument ucaldılıb. Hər il biz orada yığışıb, faciə günümüzü anırıq. Cəmiyyət bu monumentin yərləşdirilməsi üçün bir çox təzyiqlər və çətinliklərlə üzləşdi. Amma bütün maneələri dəf edib, öz missiyamızı yerinə yetirdik. Bu il Hollandiyanın Almelo şəhərində qondarma "erməni soyqırımı"nı anım abidəsi ucaldılıb. Bununla əlaqədar, bizim cəmiyyət iyun ayının 1-də adı çəkilən şəhərdə böyük bir mitinq təşkil edəcək. Təşkilat olaraq, bu haqsızlığa son qoyulmasını tələb edəcəyik. Bu arada, Azərbaycan soyqırımı günü, aprel hadisələri ilə bağlı da tədbir və yüruşlərimiz olur. Mayın 19-da Gənclik və idman, uşaq günü kimi olan tədbirlərə yer veririk.

- Təşkilatın ofisi harada yerləşir?
- Dərnək Den Haaq şəhərində yerləşir və fəaliyyət göstərir. Den Haaq böyük şəhərdir və orada yaşayan soydaşlarımızın sayı da çoxdur. Amma başqa şəhərlərdə olan soydaşlarımızla tez-tez görüşlər keçirilir, onların da problemləri ilə maraqlanırıq. Dərnəyin aktiv üzvlərindən olan Altan Golali, Baycan Günəş və başqa üzvləri bu şəhərlərdə olan tədbirlərdə yaxından iştirak edirlər, lazım olanda öz köməklərini əsirgəmirlər.

- Təhsil və sosial adaptasiya prosesi necə reallaşır?
- Hollandiya hökuməti gənclərin intellektual bazasının təməli olması üçün hər bir şərait yaradır. Bizim də istədiyimiz budur ki, gənclərimiz təhsil alıb, intellektual səviyyələrini artırsınlar və bizi yüksək kürsülərdən təmsil etsinlər. Onlar da öz növbələrində mükəmməl təhsil alırlar, dərnəklərdə iştirak edir, müxtəlif layihələrdə yaxından iştirak edib, öz köməklərini əsirgəmirlər və bizi layiqincə təmsil edirlər. Biz əminik ki,onlar bizim işimizi daha da irəli aparacaq və layiqli davamçılarımız olacaqlar.

- Ən çox aktivlik göstərən təbəqə hansıdır?
- Əvvəlki illərdən fərqli olaraq Avropada yaşayan xanımlarımzda da dəyişikliklər var. Son illərdə onlar da dili mükəmməlləşdirir, müxtəlif sahələrdə təhsil alır və işgüzar xanımlara çevirilirlər. Bu da sevindirici haldır ki, xanımlarımız artıq Avropaya tam inteqrasiya olunaraq onun ictimai-siyasi həyatına qatılırlar.

- Bəs həmyerlilərimizdə holland dilinin bilik səviyyəsi nə yerdədir?
- Hollandiyada Azərbaycan Türk kültürü dərnəyinin nəzdində holland dili kursları da fəaliyyət göstərir ki, həmyerlilərimiz qısa zamanda holland dilini mükəmməlləşdirə bilsinlər.

- Dəstək baxımından, orada olan digər təşkilatlar bir-biri ilə əməkdaşlıq edirmi?
- Bizim Avropanın başqa şəhərlərində olan diasporalarımızla da çox sıx və dostluq münasibətlərimiz var. Mütəmadi olaraq görüşür, onlarla fikir mübadiləsi aparırıq. Lazım gəldikdə, öz təcrübəmizlə bölüşür, təşkil olunmuş tədbirlərə dəvətlər alırıq.

Ülviyyə


Müəllif: