1 Oktyabr 2015 19:11
1 165
12 Punto 14 Punto 16 Punto 18 Punto

“AXCP-nin fəalları, onun az-çox tanınan üzvləri açıqlama veriblər və bu partiyada demokratiyanın qətiyyən olmadığını, partiyanın bir nəfərin iradəsi ilə idarə olunduğu bildirir. Bu, AXCP-nin keçirdiyi qurultayda da öz əksini tapdı. Gizli səsvermə olsaydı, ola bilsin Əli Kərimlinin yenidən AXCP sədri seçilməsi üçün ciddi problemlər yarana bilərdi. Bunu nəzərə alaraq Əli Kərimli və onun tərəfdarları seçkinin açıq səsvermə yolu ilə keçirilməsinə üstünlük verdi. Bir daha öz məsləkdaşlarının iradəsinin sərbəst şəkildə ifadə etməsinə imkan vermədi. Bu, faktiki olaraq AXCP-nin bütün mahiyyətini nümayiş etdirdi”.

Bunu Teleqraf.com-a müsahibəsində Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı bildirib. Müsahibəni təqdim edirik:

- Fəzail bəy, noyabrın 1-də keçiriləcək parlament seçkilərində deputatlığa namizədliyiniz qeydə alınıb. İmzatoplama kampaniyası zamanı hər hansı maneyə rast gəldiniz ki? Bir qrup müxalifət təmsilçisi müəyyən əngəllərin yaradıldığını iddia edir.
- Qarşıdan gələn parlament seçkilərinin indiki mərhələsi Seçki Məcəlləsinin müddəalarına uyğun olaraq həyata keçirilir. Bütün namizədlər üçün tam bərabər imkanlar yaradılıb, hər bir namizədə qarşı tələblər eynidir. Biz bunu apardığımız müşahidələr nəticəsində, eyni zamanda partiya olaraq irəli sürdüyümüz namizədlərin verdiyi məlumatlara söykənərək deyirik. Kimsə hər zaman olduğu kimi parlament seçkilərinin gedişinə, onun növbəti mərhələlərinə və nəticələrinə kölgə salmaq ənənəsinə sadiq qalaraq yenə də bu meyarlarla prosesə yanaşırlarsa, onların yanaşması tamamilə qərəzlidir.

- Seçkidən gözləntiləriniz nədir? Hakim partiya daxil olmaqla bir sıra partiyaların irəli sürdüyü namizədlər sırasında gənclərin və qadınların sayı əvvəlki illərə nisbətən çoxluq təşkil edir. Bu seçkilərdə yeniliklər olacaqmı?
- Tamamilə əminəm ki, parlament seçkiləri Azərbaycanda demokratik, azad, sərbəst seçki ənənələrinin daha da güclənməsinə öz töhfəsini verəcək. Bu seçkilər şəffaf, demokratik seçki kimi tarixə yazılacaq. Növbəti parlamentin formalaşması Azərbaycan xalqının iradəsi ilə həll olunacaq. Ümidvaram ki, Azərbaycan xalqı peşəkarlara, dövlətçiliyimizə sədaqətli olanlara, məmləkətimizə, müstəqilliyimizə sədaqət nümayiş etdirənlərə üstünlük verəcək və onları növbəti 5 il üçün parlamentdə təmsil etmək hüququnu verəcək. Buna tamamilə əminəm. Çünki Azərbaycan xalqı dünyada gedən prosesləri görür, regionda baş verən hadisələrin birbaşa izləyicisidir. Bu gün fərqli, üstün dəyərlərə, prinsiplərə söykənərək idarə olunan Azərbaycanda tam əmin-amanlıqdır. Ölkəmizdə bu və ya digər formada kataklizmlərin olması gözlənilmir. Anti-Azərbaycan qüvvələri və onların içərisində yer alan anti-milli qüvvələrin səyinə rəğmən Azərbaycan Prezidenti və xalqımızın möhkəm birliyi anti-Azərbaycan layihələrinin həyata keçirilməsinə imkan vermir. Bu vəziyyətdə seçkilərin yüksək səviyyədə keçiriləcəyinə əminəm. Bilirəm ki, dairə seçki komissiyaları, məntəqələrdə Seçki Məcəlləsinə və qanunvericilik aktlarına, onun müddəalarına əsaslanaraq seçki prosesin müvəffəqiyyətlə başa çatdırılması reallaşacaq. Beləliklə, növbəti parlament formalaşacaq. Milli Məclisin tərkibində yeniliklər gözlənilir. Əvvəlki parlament seçkilərində iştirak edib mandat qazanan lakin seçicilərin, yaxud mənsub olduqlarını partiyanın hansısa formada etimadını qazana bilməyənlər, deputatlıq funksiyasını yerinə yetirməkdə çətinlik çəkənlər yeniləri ilə əvəz olunacaq. Bu da təbii prosesdir. Bu, dünyanın bütün parlamentlərində özünü ifadə edən ənənədir. İnanıram ki, seçicilər iradəsini ortaya qoyub ən layiqli namizədlərə səs verəcək, seçilənlər isə Azərbaycan Milli Məclisini təmsil edəcək, müstəqilliyimizə, dövlətçiliyimizin möhkəmlənməsinə öz töhfələrini verəcəklər.

- Oğlunuz Elçin Ağamalı partiyanın Mərkəzi Aparatının rəhbəridir. Açıqlamanızın birində bildirmişdiniz ki, seçkilərdə oğlunuza güzəştə gedə bilərsiniz. Siz artıq namizədsiniz, bəs oğlunuz seçkilərdə iştirak edəcək? Ümumiyyətlə, Ana Vətən Partiyası neçə mandat üçün iddialıdır?
- Oğlum parlament seçkilərində iştirak etməkdən imtina etdi. Bu, onun seçimidir, mən də, partiya da onun bu seçiminə hörmətlə yanaşdıq. Oğlum kifayət qədər fundamental təhsil alıb. Neçə ildir müstəqil şəkildə fəaliyyətini qurub. Həm partiyada təşkilati məsələlər üzrə müavin, həm də Mərkəzi Aparat rəhbəri kimi çalışır. Bir gənc kimi öz imkanları daxilində AVP-yə, partiya xətti ilə dövlətimizə xidmətlərini göstərir. Müzakirələr zamanı o, deputatlığa namizədliyinin irəli sürülməsi ilə bağlı təkliflə razılaşmadı. Seçki prosesinə qoşulmaq niyyətində deyil. Özüm seçkilərdə yenidən iştirak edirəm. Rəhbərlik etdiyim partiya tərəfindən 60 saylı Salyan-Neftçala seçki dairəsindən namizədliyim irəli sürülüb. İmza vərəqələrini oradakı tərəfdarlarımın əməyi nəticəsində doldurub müvafiq dairə seçki komissiyasına (DSK) təqdim etdik və namizədliyim qeydə alındı. Digər namizədlərimiz də var, artıq onlar da imza vərəqələrini doldurub DSK-lara təqdim ediblər. Biz artıq imza vərəqələrinin təsdiqini gözləyirik. Baxaq görək neçə nəfərlə rəsmi olaraq seçki marafonunun növbəti mərhələsinə qədəm qoyuruq. Bu da yəqin ki, gələn həftə məlum olacaq.

- Müxalifətin böyük kəsimi seçkilərə qatılsa da, bir qrup seçkini boykot taktikasını seçib. Belə çağırışlara münasibətiniz necədir? Müxalifətin seçkidəki şanslarını necə dəyərləndirirsiniz?
- Mən müxalifətin parlament seçkilərində hər hansı uğur qazanıb-qazanmayacağı barədə fikir söyləsəm, bu, onlar tərəfindən əks-təbliğat kimi istifadə oluna bilər. Lazım gələrsə, təbliğat kampaniyası zamanı bu barədə mövqeyimizi ifadə edəcəyik. Özündə güc hiss edən hər bir siyasi partiya bu prosesdə iştirak etməlidir. İştirak etməyənlər nə seçkiyə qatılmaqla özünü təsdiq etmək arzusundadırlar, nə də demokratik proseslərdə fəal iştirak etmək niyyətindədirlər. Bu cür partiyaların verdiyi bəyanatlar da qərəzli xarakter daşıyır və əslində onların zəifliyinin ifadəsidir.

- Son günlər müxalif cameədə müzakirəyə səbəb olan məsələlərdən biri də AXCP sədrinin gizli səsvermə olmadan yenidən sədr seçilməsidir. Gizli səsverməni demokratiyanın göstəricisi sayanlar sözügedən prosesə ironiya ilə yanaşır. Sizin yanaşmanız necədir?
- AXCP-nin fəalları, onun az-çox tanınan üzvləri açıqlama veriblər və bu partiyada demokratiyanın qətiyyən olmadığını, partiyanın bir nəfərin iradəsi ilə idarə olunduğu bildirir. Bu, AXCP-nin keçirdiyi qurultayda da öz əksini tapdı. Gizli səsvermə olsaydı, ola bilsin Əli Kərimlinin yenidən AXCP sədri seçilməsi üçün ciddi problemlər yarana bilərdi. Bunu nəzərə alaraq Əli Kərimli və onun tərəfdarları seçkinin açıq səsvermə yolu ilə keçirilməsinə üstünlük verdi. Bir daha öz məsləkdaşlarının iradəsinin sərbəst şəkildə ifadə etməsinə imkan vermədi. Bu, faktiki olaraq AXCP-nin bütün mahiyyətini nümayiş etdirdi.

- Ermənistan Prezidenti Serj Sarkisyanın BMT tribunasında Azərbaycana qarşı ittihamlarını, bütünlükdə bəyanatını necə şərh edərdiniz?
- Əlbəttə, bu bəyanatı sərsəm bəyanat saymaq olar. Sarkisyanın bəyanatı reallığı, obyektivliyi əks etdirməyən, böhtan, iftira dolu ifadələrlə zəngin olan bəyanatdır. Deyərdim ki, həyasızlığın son həddidir. Bu bəyanat bir daha Ermənistanın təcavüzkar dövlət, orada hakimiyyətin kriminal rejim olduğunu ifadə etdi. Eyni zamanda ən təəccüblüsü və təəssüf doğuran məqam ondan ibarət oldu ki, o, Birləşmiş Millətlər Təşkilatının tribunasında sərsəm fikirləri söyləməklə bu qurumun Təhlükəsizlik Şurasının Ermənistanın dərhal işğal olunmuş Azərbaycan torpaqlarını azad edilməsi ilə bağlı qəbul etdiyi qətnamələrin üstündən xətt çəkdi, ATƏT-in Minsk qrupunun fəaliyyətinə tüpürdü, birmənalı olaraq özünün mürtəce xarakterini və mahiyyətini ortalığa qoydu. Düşünürəm ki, bu, beynəlxalq ictimaiyyətə, BMT-yə, eyni zamanda Minsk qrupunun bütün fəaliyyətinə ən böyük hörmətsizlik, arxa çevirmək və onlara həm də meydan oxumaq idi. Gözləyək, görək özünə hörmət etməyi bacaran beynəlxalq təşkilat olaraq BMT və dünyanın idarə olunmasında həlledici mövqedə dayanan ATƏT-in Minsk qrupu və onun həmsədrlərinin mövqeyi necə olacaq? Bu, əlbəttə, bizim üçün maraqlıdır. Çıxarılan nəticə bundan ibarətdir ki, Ermənistan torpaqları danışıqlar yolu, sülh vasitəsilə azad etmək niyyətində deyil. Ona görə də biz əlverişli şəraitdə torpaqlarımızı işğaldan azad etməliyik və Ermənistana elə ciddi zərbələr vurmalıyıq ki, o, bir daha özünə gələ bilməsin. Nəinki Qarabağı və işğal olunmuş torpaqlarımızı, eyni zamanda Naxçıvanı Azərbaycanla birləşdirən, vaxtilə Sovet imperiyası tərəfindən xüsusi olaraq Mikoyanın çox böyük təkidi, Stalinin birbaşa müəllifliyi ilə Azərbaycandan alınaraq Ermənistana verilən Zəngəzuru da qaytarmalıyıq. Buna bizim kifayət qədər hüququ və mənəvi əsaslarımız var, haqqımız çatır. Biz əlverişli şəraitdən istifadə edərək hərbi yolla öz torpaqlarımızı azad etməliyik. Mənə elə gəlir ki, beynəlxalq aləmdə əlverişli şərait yaranmaqdadır və biz o şəraiti əldən verməli deyilik.

- İndiki situasiyada Azərbaycan tərəfinin konkret olaraq Sərkisyana cavabı necə olmalıdır?
- Biz ciddi şəkildə müharibəyə hazırlaşmalıyıq.

Nərgiz Ehlamqızı


Müəllif: