Teleqraf.com yazıçı Səfər Alışarlı ilə müsahibəni təqdim edir.
- Səfər müəllim, sonuncu kitabınızın çapından az qala, on ilə yaxın vaxt keçir. Əvvəllər bir-iki hekayə, publisistik yazıyla mətbuatda çıxış edirdiniz. Axır vaxtlar isə heç görünmürsünüz. Bu, nədir, fırtınaqabağı sakitlik, yoxsa küskünlük?
- Hə, 10 il keçib. Çap olunmamağım yazmamağım demək deyil. Vaxtilə yazmadığım hər günü “itirilmiş” sayırdım. Təəssüf ki, həyat və reallıqlar tamam başqa şeylər diktə elədi. Nəsr ayrı şeydi. Nəsr adamı daim öz dəyərlərinin mövcud olduğu qapalı dünyada yaşamalıdı, heç zaman oranı tərk etməməlidi: oradan yalnız onun əsərləri və meyiti çıxmalıdı. Bunu çoxları başa düşmür və ciddi pozalarla Nobeldən-zaddan danışırlar. Gülməlidir.
- Mənə elə gəldi ki, siz gənclikdə yazıçılıqdan kənarda elədiklərinizə görə müəyyən peşmanlıq hissi keçirirsiniz.
- Yox. Mən gəncliyimin böyük bir hissəsini ölkəmin istiqlal mübarizəsində keçirmişəm. Buna görə yalnız qürur duymaq olar.
- Sizin mənsub olduğunuz 80-ci illər ədəbi nəsli barədə "itirilmiş nəsil" ifadəsini işlədirlər. Səfər müəllim, siz harda itmisiniz?
- Ədəbiyyat üçün 10-15 il elə böyük zaman kəsimi deyil ki, orada bütöv bir nəsli itirmək mümkün olsun. Bu, bir gəzərgi metaforadır, Birinci dünya müharibəsi dövründən ədəbi aləmdə fırlanır. İndi gəlin başqa nəsillərə diqqət yetirək. Guya onların yaratdıqları büsbütün ədəbi şedevrlərdi? 30, 40, 50-ci illər ədəbiyyatına nəzər salın. Onun necəliyini mən deməməliyəm. Rəhmətlik İsa Hüseynov mənə danışırdı ki, 50-ci illərdə “Bizim qızlar” adında bir roman yazıb çap elətdiribmiş, bir qədər sonra Qorki adına Ədəbiyyat İnstitutunda başa düşüb ki, ay dadi-bidad, sən demə, ədəbiyyat ayrı şeymiş. Elə bil ki, o, Qazağa getməliymiş, amma gedirmiş Lənkərana. Fərq bu qədər.
Mən İsa Hüseynovu müasir Azərbaycan nəsrinin böyük ustadlarından biri sayıram. 60-cı illərdə onun ədəbiyyatımızda yeni yaradıcı obrazda peyda olması böyük bir nəslin fərqli, yəni tərənnümçülükdən uzaq, vəsf və pafos əndişəsinə girməyən ədəbi düşüncəsinə gətirib çıxardı.
Bununla belə, bu ədəbiyyat da qarşısında duran böyük maneələri tam aşa bilmədi. Milli istiqlal və milli azadlıq idealının ədəbi təcəssümünü gözün görə-görə kənara qoyub nədən yazsan, yazıçı olaraq səmimi və gərəkli olmayacaqsan. Öz azadlığı uğrunda düşünməyən, mübarizə aparmayan qulun yaşamağının və işləməyinin nə mənası var?! İndi bu nöqteyi-nəzərdən yanaşsaq, itirilmiş nəsil təkcə 80-cilərdimi? Həm maddi, həm də mənəvi-intellektual baxımdan Azərbaycan ədəbiyyatının problemləri var. Bəs itirilməmiş nəsillər niyə onları həll edə bilmir?
- Azərbaycan ədəbiyyatında, kinosunda müsbət dindar obrazına rast gəlmisinizmi? Niyə bizdə ruhanilər ancaq Molla Sadıq, Şeyx Nəsrullah kimi göstərilir? Halbuki, xristian dünyasının sənətkarları Mirieldən ("Səfillər") Don Piedroya (“Roma - açıq şəhər”) qədər onlarla işıqlı ruhani obrazı yaradıblar. Bizdə işıqlı ruhani olmayıb, yoxsa sənətkarlarımız işğalçılardan qorxub?
- Məni də həmişə narahat edən bir məsələdir. Din millətin mənəvi, sonra da maddi və fiziki mövcudluq keyfiyyətidir. Siz 50-60-cı illərin antidin xarakterli Azərbaycan bədii ədəbiyyatını oxusanız, dəli olarsınız. Burada da bütün orientirlər göz önündədir. Mən sizə başqa bir şey haqqında danışmaq istəyirəm. 1380-ci ildə ruslarla türklər arasında baş vermiş Kulikovo döyüşündə Dmitri Donskoya kömək üçün Rusiyanın xaç atası Serqiy Radonejski özünün iki ruhani şagirdini göndərmişdi. Onlardan biri rahib (inok) Peresvet döyüşdən öncə “məğlubedilməz” titullu türk döyüşçüsü Çələbi bəylə iki ordunun gözü qabağında vuruşa çıxır. Bu həmin Çələbi bəydir ki, adı Tibet kahinlərinin “ölməz döyüşçülər” siyahısında bu gün də durmaqdadır. Burada o dünya ilə alverdə insan ruhunun dəyişdirilməsi məsələsi var, təxminən Mefistofeldəki kimi, təfsilatına getmirəm. Peresvet Çələbi bəyi təkbətək döyüşdə öldürür və faktiki olaraq, rusların Kulikovo savaşında bu ölümün panikini yaşayan türk ordusu üzərində qələbəsinin əsasını qoyur.
Rəssam Vasnetsov, müəyyən təsvir yanlışlığı ilə də olsa, bu haqda rəsm əsərini 400 il sonra yaradır. İndi siz təsəvvür edin, həqiqi din və həqiqi din xadimi nə deməkdir. Belə çıxır ki, bir həqiqi din adamı böyük bir istilanı dayandıra bilər. Haqqa, zamana və Allaha təmənnasız bağlı olan bircə adam! Müqayisə aparmağa belə lüzum yoxdur. Dində “həm ziyarət, həm ticarət” anlayışı ola bilməz. Əgər bu varsa, onu heç bir mənəvi çərçivəyə sığışdırmaq mümkün deyil. Əgər yazıçı əsərində dini, din xadimini “ifşa edirsə”, deməli, o, insanın həyati varlıq fəlsəfəsini tamam yanlış təsəvvür edir. Belə yazıçı, əlbəttə, maraqsızdır. Ümumiyyətlə, ifşa və tərənnüm ədəbiyyatın işi deyil, bunlar felyetonluq məsələlərdi.
Sovet dövləti ateist dövlət idi. Amma mən, məsələn, Qorkinin, Platonovun və çoxlu sayda digər rus sovet yazıçılarının əsərlərində din xadimlərinə qarşı parodiyaya rast gəlməmişəm. Vasili Şukşin boyda sərt və acı müasirimiz belə bu məsələdə çox səliqəli davranıb. Bilirsinizmi niyə?
- Niyə?
- Çünki sovet məmurları o qədər harınlamışdılar ki, onların fonunda din xadimləri həqiqətən müqəddəs görünməyə başlamışdılar. Bizdə bu rüsvayçılığa hətta 60-cıların da əsərlərində rast gəlmək mümkündür. Burada başqa bir məsələ yazıçının həyati reallıqlara sədaqəti ilə əlaqəlidir. Cəmiyyət savadsız olanda, orada din əvəzinə xurafat hökmranlıq edir. Bu məsələləri birdən-birə həll etmək yəqin ki çətindir. Onları yalnız müstəqil dövlətçilik üsul-idarəsində xalqın və millətin gələcəyi naminə düzgün tənzimləmək mümkündür.
- Əgər sizdən asılı olsa, Azərbaycan ədəbi mühitində nəyi dəyişərdiniz, hansı islahatları həyata keçirərdiniz?
- Mən öz ruhumda yenilik cazibəsini daim hiss edirəm. Amma yazıçılar aləmi ilə bağlı hər hansı bir islahat resepti verməyə bu gün çətinlik çəkirəm. Çünki nə edirsən-et, sonda gəlib çıxacaqsan istedad məsələsinə. İstedad uğrunda vuruşacaqsan, amma qazananlar yenə də istedadsızlar olacaq. Bilirsən niyə? Məşədi İbad demişkən, bunu mən dəfələrlə yaşamışam. Təkcə ədəbiyyatda deyil, başqa sahələrdə də istedadsızların, savadsızların yaxşı ara qarışdırmaq, rəy yaratmaq, bulanıq suda balıq tutmaq qabiliyyəti var. Həqiqi yaradıcılıq istedadı olan adamlar onlarla vuruşa bilməz, rəzillik rəqabətinə girə bilməz. Görmürsənmi, nə qədər sonradangəlmə “qəhrəman”, “əməkdar”-filan peyda olub?!
- Bəzən gənc yazarlar deyirlər ki, Azərbaycan dili böyük ədəbi əsərlər yaratmaq üçün yetərli deyil, sizcə, bu fikir nə dərəcədə doğrudur?
- Burada müəyyən həqiqət var. Yüz illər boyu böyük türk dili müxtəlif ləhcələr orbitində qapanaraq geniş inkişaf imkanlarından məhrum olub. Bu, təsadüfən baş verməyib. Acı tarixi reallıqların nəticəsi olaraq bu gün də dünya türklərinin ümumi ədəbi dilini formalaşdırmaq müəyyən çətinliklərlə üzləşir. Bunun üçün türk xalqlarının ümumi mənəvi dəyərləri, ümumi təhlükəsizlik sistemi, bazarı, ordusu-filanı, bir sözlə, ümumi dövləti olmalıdır. Əgər bu baş verərsə, türklər dünyanın ən qabaqcıl xalqı, türk dili isə dünyanın yenidən danışmağa başlayacağı ən çevik və populyar dili ola bilər. Əminəm ki, onda onun ifadə imkanlarının genişliyi hər kəsi heyran edər. İndiki halda isə bizim yazdığımızı 300 milyon türkdən yalnız 300 nəfər oxuyur. Belə məhdud bazarda dil dünyanın inkişaf templəri ilə necə ayaqlaşsın?
- Ömrünüzün yerdə qalan hissəsini harada yaşamaq və nəylə məşğul olmaq istəyərdiniz?
- Yaşamaq və yazmaq üçün dünyanın gözəl yerləri, şəhər və kəndləri çoxdur. Məsələn, Paris. Məsələn, Alışar kəndi. Di gəl, imkan və Allahdan qismət ola...
Kəramət Böyükçöl