16 Noyabr 2015 19:34
964
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əslində, hər şey ölkənin içindən asılıdır. Cəmiyyətdə ədalətin olması vacibdir. Şübhəsiz ki, ən ədalətli cəmiyyətlər, demokratik ölkələr belə terror hadisəsindən sığorta olunmayıb. Məsələn, Norveçi, İsveçi götürək. Bu ölkələr ən demokratik məmləkətlərdir. Lakin orada da terror aktları baş verir. Ən gurultulu, böyük səs-sorağa səbəb olan terror hadisəsi Amerikada baş verib. Yəni heç bir ölkə terror aktından sığortalanmayıb, bu hadisə hər bir ölkədə baş verə bilər. Rusiyada xeyli sayda ölümə səbəb olan iri miqyaslı terror hadisələri baş vermişdi. Bütün bunlar həqiqətdir. Yəni heç kəs bundan sığortalanmayıb”.

Bunu qəzetimizə müsahibəsində politoloq Zərdüşt Əlizadə bildirib. Müsahibəni təqdim edirik:

- Parisdə baş verən terror hadisəsi, çoxlu sayda insanın öldürülməsi və yaralanması ciddi müzakirə mövzusudur. Hadisəyə münasibətiniz necədir?
- Ümumiyyətlə, terror aktlarını müxtəlif səviyyələrdə və istiqamətlərdə aparılan yanlış siyasətin qaçılmaz nəticəsi kimi qiymətləndirirəm. Çünki dünyada terrorun səbəbləri ilə deyil, nəticələri ilə mübarizə aparırlar. Bu isə mənasız tədbirlərdir. Əgər terroru doğuran səbəblər aradan qaldırılmasa, bu vəhşiliklər, amansız qətllər, partlayışlar sonsuzluğa qədər davam edə bilər. Bu da dünya miqyasında hökm sürən ədalətsizlikdir. Sözdə bir, əməldə isə başqa bir siyasətin yeridilməsidir. Əgər beynəlxalq qanunun, habelə ölkələr daxilində qanunların aliliyi təmin edilməsə, bu ədalətsizlik davam edərsə, insanların məyusluğu, ədalətə inamsızlığı son nəticədə terroru doğuracaq. Bu, dəqiqdir. Odur ki, baş verən terrorun törətdiyi nəticələri deyil, terrorun özünü yaradan səbəblərin üzərinə getmək daha vacibdir. Hələlik isə biz bunu müşahidə etmirik.

- Parisdə baş verən amansız terror aktlarının siyasətə aidiyyəti varmı?
- Təbii ki, var. Əgər siyasət doğru qurulmursa, demək, belə hallar olacaq. İkincisi, əgər Parisdə baş verən terror hadisələri deyildiyi kimi İraq Şam İslam Dövləti adlı silahlı qurumla bağlıdırsa, deməli, birbaşa siyasətlə bağlı aktlardır. Yəni bu partlayışların İŞİD tərəfindən törədildiyi dəqiqləşsə, deməli, burada siyasət məsələsi var. Konkret olaraq Qərb ölkələrinin Yaxın Şərqdə yürütdüyü, habelə Yaxın Şərqdəki sərhədsiz hakimiyyətə malik olan şəxslərin apardığı siyasətlə bilavasitə bağlıdır.

- Nəyə görə terrorçular Avropada Fransanı, paytaxt Parisi seçdilər?
- Çünki Fransaya məxsus hərbi hava qüvvələri, qırıcıları Suriya ərazilərini bombalayır. Fransa Qərb koalisiyasının ən mötəbər üzvlərindən biridir. Yəqin, bu səbəbdən Paris hədəf olaraq seçilib. Ancaq bir daha qeyd edirəm ki, bunu İŞİD adlı qurumun törətdiyi konkretləşdirilərsə, dediklərim ciddi qəbul oluna bilər. Çünki Qərb koalisiyası İŞİD-i vurur.

- Terrordan sonrakı proseslər necə olacaq, xüsusilə Suriya probleminin birdəfəlik həlli məsələsi reallaşa bilərmi?
- Təəssüflər olsun ki, dünyanın siyasi rəhbərliyinin Suriya məsələsini həll edəcəyinə inamımı itirmişəm. Onlarda vicdan, siyasi iradə və uzaqgörənlik çatmayacaq ki, Suriya məsələsini həll etsinlər, habelə dünya miqyasında yürüdülən ədalətsiz siyasəti dəyişsinlər. Daha ədalətli əsaslar üzərindən siyasət aparsınlar. Bunu etməyəcəklərsə, terror da davam edəcək.

- Paris terrorundan sonra müsəlmanlara, islam dininə qarşı hücumlar gözlənilirmi?
- Ağlı olanlar buna diqqət etməyəcək. Düşünəcəklər ki, dinin, müsəlmanlığın bu məsələyə aidiyyəti yoxdur. Ağlı olmayanlar təbii ki, özlərini göstərmək, hansısa siyasi qazanc əldə etmək naminə nəsə edəcəklər, deyəcəklər, addımlar atacaqlar. Kimlərsə öz maraqları naminə, hansısa dividendlər əldə etmək məqsədilə istifadə edəcək.

- Parisdə terror edənlər silahı Suriyadan gətirməyiblər. Bəs onda bu silahları Fransada necə əldə ediblər?
- İstənilən ölkədə silah-sursat tapmaq mümkündür. Əgər pul olarsa, qara bazardan silah almaq mümkün olur. Qara bazar Parisdə də, İstanbulda da var.

- İraqda, Suriyada hər gün terror aktları baş verir, yüzlərlə insan öldürülür. Lakin bu dünya miqyasında rezonans vermir. Ancaq Avropada baş verən istənilən terror ciddi rezonans yaradır. Buna səbəb nədir?
- Çünki o şey ki, adi hal alır, ona ciddi reaksiya olmur. O şey ki, çox nadir hallarda baş verir, bu, ciddi əks-səda doğurur. Yaxın Şərqdə, müsəlman dünyasında, ərəb ölkələrində, Afrikada insanların kütləvi şəkildə qırılması, öldürülməsi, bombalanması, partladılması, girov götürülməsi, zorlanması, evini və həyatını itirməsi adi şeydir. Ancaq Avropa sivil, sakit həyatı olan məkandır. Orada bu tipli terror hadisələri çox nadir hallarda baş verir və bu da, təbii ki, diqqəti cəlb edir.

- Suriya böhranının həlli imkanı varmı?
- Suriya məsələsində maraqları toqquşan böyük dövlətlər var. Onların ortaq məxrəc tapacağına, gözəl xalq və məmləkət olan Suriyanı bu bəladan xilas edəcəklərinə ümid edirəm. Lakin bunun belə olacağına inamım çox zəifdir. Suriya bir zamanlar dünyanın ən gözəl məmləkətlərindən biri idi. İndi bu dövlət xarabazarlığa çevrilib.

- Suriyada çalışmısınızmı?
- Mən Misirdə işləmişəm. Lakin eyni zamanda qısa müddətə olsa da, Suriyada da fəaliyyətim olub. Onu deyə bilərəm ki, çox gözəl ölkədir, insanları da mehribandır.

- Uzun illər Şərq ölkələrində çalışmışınız. Niyə dünyada terrorçu, pis, qəddar insanların ancaq Şərqdən çıxması görüntüsü yaradılır?
- Əslində, hər şey ölkənin içindən asılıdır. Cəmiyyətdə ədalətin olması vacibdir. Şübhəsiz ki, ən ədalətli cəmiyyətlər, demokratik ölkələr belə terror hadisəsindən sığorta olunmayıb. Məsələn, Norveçi, İsveçi götürək. Bu ölkələr ən demokratik məmləkətlərdir. Lakin orada da terror aktları baş verir. Ən gurultulu, böyük səs-sorağa səbəb olan terror hadisəsi Amerikada baş verib. Yəni heç bir ölkə terror aktından sığortalanmayıb, bu hadisə hər bir ölkədə baş verə bilər. Rusiyada xeyli sayda ölümə səbəb olan iri miqyaslı terror hadisələri baş vermişdi. Bütün bunlar həqiqətdir. Yəni heç kəs bundan sığortalanmayıb.

- Bəs, bütün bunlardan xilas olmaq üçün nə edilməlidir?
- İndi əsas sual odur ki, ölkələr bu bəladan xilas etmək üçün nə düşünür, həmin ölkələrin hökumətləri bununla bağlı hansı addımlar atırlar. Təbii ki, xüsusi xidmət orqanları, kəşfiyyat qurumları işləyir, ictimai asayişi qoruyan qurumlar var. Bu qurumlar başdanxarabları öncədən müəyyən etməlidir. Bu məsələnin bir tərəfidir. İkincisi, hökumətlər çalışmalıdır ki, qanunauyğun, ədalətli siyasət aparsın. Cəmiyyətdə insanlar inanmalıdır ki, əgər barələrində haqsız bir olay yaşanırsa, dərhal məhkəməyə müraciət edərək ədalətli qərarlara nail ola biləcək. Əgər belə olacaqsa, terror kəskin surətdə azalacaq. İndiki dövrdə dünyada terror dalğasını törədən bir neçə terror yuvası var. Bunlar terror mənbəyidir. Məsələn, biri Fələstindir. İsrailin qanunsuz olaraq Fələstin xalqının torpağını işğal etməsi, mənimsəməsi faktı var. Bu faktiki olaraq fələstinlilərin hüququnun kobud surətdə pozulması halıdır və bu proses davam edir. Bu da, müsəlman ərəb dünyasını Qərb dünyası ilə üz-üzə qoyur Müsəlmanlar texnika, elm baxımdan İsraildən geri qalırlar. Çarəsizlikdən ədaləti terrorda tapırlar və aktlar həyata keçirirlər. Bu yanlış mövqedir, amma onların izahı belədir ki, dövlət terroru fərdi terror doğurur. İkinci bir səbəb Qərbin öz maraqları naminə öz xalqına zülm edən ərəb ölkələrindəki iqtidarları müdafiə etməsi, onlara hər cür dəstək göstərməsidir. Bunu ola bilsin ki, Qərb neft və digər geosiyasi maraqlar naminə edir. Bu da, ölkələrdə Qərbə qarşı qəzəb və ikrah hissi doğurur. Onlar da Qərbdən qisas almağı terror vasitəsilə həyata keçirirlər. Ədalətsiz bölgü, ədalətsiz beynəlxalq münasibətlər, ölkələrin və xalqların istismarı terroru doğuran səbəblərdir. Xüsusilə, bu istiqamətdə mübarizə aparmaq lazımdır.

- İŞİD məsələsi ilk dəfə ortaya çıxanda bəyan etmişdiniz ki, bu qüvvə Qərbin özünün yaratdığı əsərdir və onlar vaxtilə Səudiyyə və digər ölkələrdə təlimlər keçiblər. İndi isə bəlli olur ki, İŞİD Fransada terror edir. Yəni Qərbin özünün yaratdığı qurum Qərbdə terror hadisəsi törədir. Bunu necə anlamaq olar, İŞİD də Əl-Qaidə və digər terrorçu təşkilat kimi Qərbin nəzarəti altından çıxıb?
- Məsələni düz qoyursunuz. Tamamilə haqlısınız ki, yaradılan terrorçu təşkilatlar müəyyən mərhələdən sonra nəzarətdən çıxır. Üsamə Ben Laden nəzarətdən çıxdı, Qərbin əsas düşməninə çevrildi. Eləcə də, Əl-Qaidə nəzarətdən çıxdı. İŞİD də sanki buna oxşayır. Əslində, belə hallara tez-tez rast gəlinir ki, alət nə zamansa öz sahibinə qarşı çevrilir və onu vurmağa başlayır.

- Yeni terror aktları baş verə bilərmi?
- Mən bunu istisna etmirəm. Ümumiyyətlə isə terroru doğuran hallar aradan qaldırılmayana qədər belə hadisələri gözləmək lazımdır.

Nemət


Müəllif: