8 Dekabr 2015 13:16
899
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Suriya probleminin yaxın vaxtlarda həll ediləcəyini gözləmək sadəlövhlük olardı. Amma Suriya məsələsində kifayət qədər irəliyə addım atılır. Fransada baş verən terror aktından sonra dünyanın terrora münasibəti bir qədər dəyişmiş oldu. Bu terror aktı əslində İraqda və Suriyada hər gün baş verir, lakin rezonans doğurmur. Bu mənada Qərbin özünün terror təhlükəsinə məruz qalması Bəşər Əsədə olan münasibəti dəyişdi. Əslində, Bəşər Əsəd İŞİD adlı qurumla mübarizə aparır, yəni terror təşkilatı ilə. Belə bir zamanda Qərbin Bəşər Əsədə qarşı mübarizə aparması bir qədər məntiqli görünmür. Odur ki, Qərb dairələri artıq silahlarını İŞİD-ə qarşı çevirib. Belə bir situasiyada, yəqin ki, Bəşər Əsədlə gizli danışıqlar aparılacaq və Əsədin müəyyən müddətə hakimiyyətdə qalması razılaşdırılacaq”.

Bunu Teleqraf.com-a müsahibəsində AXCP-nin narazı qanadının sədri Razi Nurullayev bildirib. Müsahibəni təqdim edirik:

- Razi bəy, AXCP-nin Əli Kərimli qanadını məhkəməyə vermisiniz. Prosesə necə hazırlaşırsınız?
- Hüquqşünaslarımız məhkəmə prosesinə hazırlaşır. Sənədlərimizi Ədliyyə Nazirliyinə vermişdik. İndi də məhkəməyə təqdim edəcəyik. Həm qurultayın sənədlərini, həm qarşı tərəfin bizim əlimizə çatan qüsurlu sənədlərini, çatışmazlıqları, həm də sentyabrın 27-nə qədər mövcud olan qanunsuzluqlar, nizamnamə pozuntularını təqdim edəcəyik.

- Məhkəmə prosesinin nəticəsindən nə gözləyirsiniz?
- Təbii ki, məhkəmə prosesi keçiriləcək, araşdırmalar aparılacaq. Məhkəmənin sonunu bizim üçün xeyirli olacağı düşüncəsindəyəm.

- Hansı səbəblərdən belə düşünürsünüz və arqumentləriniz nədən ibarətdir?
- Öncə deyim ki, Ədliyyə Nazirliyi qarşı tərəfin sənədlərini geri qaytarıb. Başqa sözlə, artıq Azərbaycanda bir təmsilçilik üçün iki təşkilatın mövcud olduğu təsdiq edilib. İkincisi, artıq qarşı tərəf nizamnamə tələblərini ciddi şəkildə bir neçə dəfə pozub. Nizamnaməyə görə, sədrliyə dörd ildən bir qurultay keçirilməlidir. İndi yeni nüans ortaya çıxıb. Belə ki, nizamnaməyə dəyişiklik edilsə də, zamanında Ədliyyə Nazirliyinə təqdim edilməyib. Və yaxud edilib-edilmədiyi haqqında konkret məlumat yoxdur. Bilinmir ki, sədr iki ildən və ya dörd ildən bir seçilməlidir. Mərhum Əbülfəz Elçibəydən sonra keçirilən qurultayda bu dəyişikliklərin necə edildiyi bəlli deyil. Əgər edilibsə, bu nizamnamədə qeyd olunmalıdır. Edilibsə və nazirlik bunu təsdiq etməyibsə, biz artıq qanun pozuntusu haqqında danışa bilərik. Mövcud nizamnaməyə görə, qurultay iki ildən bir keçirilməlidir. Amma biz bunu dəyişərək dörd ildən bir etdik. İndi belə çıxır ki, Əli Kərimlinin nizamnaməsində qurultayın iki ildən bir keçirilməsi nəzərdə tutulsa da, bu şəxs 4-5-6 ildən bir qurultay keçirir. Yəni ürəyi istəyəndə bunu edir və özünü sədr elan edir. Hesab edirik ki, çox ciddi qanun pozuntuları var və bu pozuntulara əsasən, biz məhkəmədə udacağıq. Hüquqşünasların da dediyinə görə, Əli Kərimlinin AXCP sədri olaraq tanınması üçün heç bir şansı yoxdur.

- Sizin qurultayınızdan bir neçə ay keçir. Hazırda ümumi durum necədir, proses arzuladığınız şəkildə getdimi?
- Təbii ki, getdi. Hesab edirəm ki, bizim fəaliyyətimiz göz qabağındadır. Uğurlu partiya və media qura bilmişik. Bu gündə Azərbaycanda ciddi siyasi gündəm yarada bilmişik. Bu proses yay ayından indiyə qədər davam edir. Azərbaycanda siyasət nə qədər passiv olsa da, biz siyasətə müəyyən mənada aktivlik gətirə bildik. Digər tərəfdən, artıq çox uğurlu nəticələrimiz olub. Cəmiyyətə mesajlar verdik ki, köhnə siyasi liderlər artıq siyasətdən çəkilməli, cəmiyyətin yeni simalara, yeni siyasi ideologiyalara ehtiyacı var. Müxalifət düşərgəsinin tamamilə yeniləşməyə ehtiyac var və cəmiyyətimiz də bu cür düşünür, qəbul edir. Doğrudan da, köhnələr artıq köhnəlib, cəmiyyətə yeni nəfəs lazımdır. Biz bunu edə bildik. Bütün siyasi partiyalar anladı ki, Azərbaycanda yeni siyasi nəsil yetişir, onlar köhnələri indiki formatda qəbul etmir. Bunun üçün də bütün siyasi partiyaların daxilində bir narazılıq yaranıb. Deyərdim ki, hər bir partiyaların daxilində növbəti inqilablar dalğası başlayacaq. Beləcə, köhnə liderləri atacaqlar və yerlərinə yeniləri gələcək. Cəmiyyətdə yeni simalara və yeni siyasi yanaşmalara ehtiyacın olduğunu ortaya qoya bildik. Bunu da ictimai rəy qəbul etdi. Bu da bizim uğurumuzdur.

- AXCP adına hər iki tərəf iddia edir və qurultaylarını keçirib. Qurultaydan sonrakı durum necədir, yeni üzvlər gəlirmi?
- Artıq Əli Kərimlinin yanında olan çoxlu sayda insan bizi seçib, yanımıza gəlib. Zaman-zaman bu proses davam edəcək. Düzdür, indi sürətli deyil, amma bu axın davam edir. Sadəcə, biz daha bu halları xəbərə çevirmirik, başımız partiya quruculuğuna qarışıb. Kənardan da gələnlər çoxdur. Artıq yalnız cəbhəçilərin bura gəlişi baş vermir. Bu, ilkin mərhələ idi və başa vurmuşuq. İkinci mərhələdə bizim üçün Azərbaycan xalqı, vətəndaşı var. Qapımız hər kəsin üzərinə açıqdır. Biz açıq qapı siyasətini davam etdiririk və düşünürük ki, bunun nəticəsi də olur.

- Başqa müxalifət partiyalarından sıralarınıza qoşulan varmı?
- Bu barədə hələlik danışığımız olmayıb.

- Bundan sonrakı planlarınız nədən ibarətdir?
- Hazırda 2018-ci il prezident seçkilərinə hazırlaşırıq. Bununla bağlı proqram işlərini yerinə yetirməklə məşğuluq. Biz 2016-2018-ci illə bağlı proqramlarımızı açıqlamaqda davam edəcəyik.

- Digər partiyalarla münasibətləriniz hansı səviyyədədir?
- Hələlik müəyyən mərhələni keçirik. Siyasi partiyalar bizimlə əməkdaşlıq etmək niyyətində olarsa, bunu müzakirə etməyə hazırıq. Amma əlahiddə olaraq özümüzün hansısa təşkilata əməkdaşlıqla bağlı müraciətimiz olmayıb.

- Ancaq siz ADR Hərəkatı ilə birləşməyə hazır olmağınızla bağlı da fikir irəli sürmüşdünüz...
- Əvvəla hesab edirəm ki, hər bir zaman əməkdaşlığa ehtiyac var. Azərbaycanı sevən, demokratiya haqqında düşünən hər bir təşkilatla əməkdaşlığa hazırıq. İkincisi, bizim ADR Hərəkatına heç zaman təklifimiz olmayıb. Siz nəzərdə tutduğunuz medianın uydurması idi. Mən sadəcə olaraq jurnalistin bu istiqamətdə verdiyi sualı cavablandırmışdım. Həmin jurnalist də fikirlərimi başqa formatda yazmışdı. İndi də qeyd edirəm ki, kim bizə əməkdaşlığa dair müraciət edərsə, bu təklifi müzakirə etməyə hazırıq. Yəni hər kəslə əməkdaşlığa hazırıq.

- Siyasi analitik kimi hazırda regionda yaranan gərgin Türkiyə-Rusiya münasibətlərinin mümkün inkişafı istiqamətləri haqqında nə deyə bilərsiniz?
- Təbii ki, Rusiya-Türkiyə arasında geniş miqyaslı müharibənin olacağını görmürəm. Həm də indi siyasətdə müharibə bizim düşündüyümüz klassik müharibə anlamında baş vermir. Ancaq Türkiyə-Rusiya arasında ciddi qarşıdurma, informasiya müharibəsi gedir. Həm də ictimai rəy hər iki dövlətin başçısını elə həddə gətirib ki, nə Putin geri çəkilə bilir, nə də Ərdoğan. Onun üçün də qarşıdurmanın bir müddət davam edəcəyi düşüncəsindəyəm. Rusiyaya məxsus təyyarənin vurulması türk iqtisadiyyatına ciddi zərər vursa da, ümumi qlobal miqyasda Türkiyənin imicinə müsbət təsir göstərib. Dünya Türkiyənin böyük dövlət olduğunu bir daha gördü. Həmçinin, Türkiyənin hakimiyyətdə olan partiyasının nüfuzu kifayət qədər qalxdı. Eyni zamanda Türkiyə belə cəsarətli addım atmaqla NATO və Amerikanın simpatiyasını qazanmış oldu. İctimai rəy də bunu qəbul etdi. Bu səbəbdən Türkiyə rəhbərliyi nə üzr istəyəcək, nə də rəqibin qarşısından geri çəkiləcək. Amma təbii ki, Ankara Rusiya ilə münasibətlərin yenidən düzəldilməsində maraqlı və hazırdır. Amma bu münasibətlər düzələcəksə, bundan Moskva ziyan çəkəcək.

- Nə mənada ziyan çəkəcək?
- Rusiya təyyarəsinin vurulması həm də Putinin reytinqinə vurulan zərbədir. Düşünürəm ki, Putin bu məsələni belə qoymaq istəmir. Əksinə, bunun əvəzini çıxacaq. Birinci dalğada Türkiyə ilə olan iqtisadi münasibətlər tamamilə dayandırılıb, siyasi kontaktlar rədd edilib. İkinci dalğada, ola bilsin ki, PKK silahlandırılsın. Eləcə də, münasib zamanda Türkiyəyə ağır zərbə vurulması ehtimalı böyükdür. Bu zərbənin təsiri təyyarənin vurulması zərbəsi qədər əks-sədalı ola bilər. Rusiyanın davranışlarını bu cür analiz etmək olar. Bu mənada, iki ölkə arasında münasibətlər yaxın zamanda düzəlməyəcək.

- Bəllidir ki, bütün problemlərin kökündə Suriya böhranı durur. Sizcə, məlum hadisədən sonra Suriya probleminin çözülməsi üçün ciddi addımların atılması gözləniləndir?
- Suriya probleminin yaxın vaxtlarda həll ediləcəyini gözləmək sadəlövhlük olardı. Amma Suriya məsələsində kifayət qədər irəliyə addım atılır. Fransada baş verən terror aktından sonra dünyanın terrora münasibəti bir qədər dəyişmiş oldu. Bu terror aktı əslində İraqda və Suriyada hər gün baş verir, lakin rezonans doğurmur. Bu mənada, Qərbin özünün terror təhlükəsinə məruz qalması Bəşər Əsədə olan münasibəti dəyişdi. Əslində, Bəşər Əsəd İŞİD adlı qurumla mübarizə aparır, yəni terror təşkilatı ilə. Belə bir zamanda Qərbin Bəşər Əsədə qarşı mübarizə aparması bir qədər məntiqli görünmür. Odur ki, Qərb dairələri artıq silahlarını İŞİD-ə qarşı çevirib. Belə bir situasiyada, yəqin ki, Bəşər Əsədlə gizli danışıqlar aparılacaq və Əsədin müəyyən müddətə hakimiyyətdə qalması razılaşdırılacaq. Artıq bunun ilkin təzahürləri görünməkdədir. Bu yaxınlarda Fransanın xarici işlər naziri belə fikir səsləndirib. İkincisi, hazırda Əsəd Rusiya ilə birlikdə İŞİD-ə və özünün hakimiyyətinə qarşı olan digər qruplarla konkret mübarizə aparır. Bu proses davam edəcək. Bu da Əsədin hakimiyyətdə qalması ehtimalını artırır. Bu mənada Qərbdə Əsədin hakimiyyətdə qalması ilə müəyyən müddət üçün razılaşa bilər. Üçüncüsü, Qərbin, Rusiyanın və Türkiyənin marağındadır ki, İŞİD məsələsi aradan qaldırılsın. Bu aradan qaldırılmayana qədər Bəşər Əsədin və Suriya problemlərinin həlli görünmür. Beynəlxalq ekspertlərin düşüncəsinə görə, İŞİD məsələsi yaxın iki ilə həll edilə bilər. Demək olar ki, biz iki il ərzində Suriyada münaqişənin şahidi olacağıq.

Nemət Orucov


Müəllif:

Oxşar xəbərlər