11 Yanvar 2016 17:42
1 069
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu müşavirədə cənab Prezidentin qarşıya qoyduğu məsələlər var. 2015-ci ilin yekunları və 2016-cı ildə qarşıda duran məsələlərlə bağlı hökumətdə, eləcə də vətəndaşlarda aydınlıq yaratdı. Şübhəsiz ki, Azərbaycan bundan sonra da öz müstəqil siyasətini davam etdirəcək, qeyri-neft sektorunun inkişafına daha da önəm verəcək. Ölkəmizdə kiçik və orta sahibkarlığın, ümumiyyətlə biznesin inkişafı üçün münbit və şəffaf şərait yaradılacaq. Korrupsiya və inhisarçılıqla bağlı ciddi tədbirlər daha geniş miqyasda davam etdiriləcək. Ölkədə sosial-iqtisadi inkişaf, ələlxüsus qeyri-neft sektorunun inkişafı üçün lazım olan tədbirlər həyata keçiriləcək”.

Bunu qəzetimizə müsahibəsində Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü Musa Quliyev bildirib. Müsahibəni təqdim edirik:

- Prezident İlham Əliyev ABŞ-da keçiriləcək nüvə sammitinə dəvət edilib. Bu dəvəti necə qiymətləndirirsiniz?
- Azərbaycan müstəqilliyini elan etdikdən sonra həmişə özünün sülhpərvər siyasətini prioritet istiqamət kimi beynəlxalq siyasətdə irəli sürüb. Hələ ümumilli liderin Azərbaycana rəhbərlik etdiyi dövrdə Azərbaycan-Amerika münasibətləri bərabərhüquqlu tərəfdaşlıq və yüksək səviyyədə əməkdaşlıq səviyyəsində qurulub. Ondan sonrakı illərdə cənab Prezident bu siyasəti davam etdirib. Azərbaycan-Amerika siyasətində heç vaxt dövlətlər səviyyəsində gərginlik baş verməyib. Azərbaycan bütün dünyada hər zaman sülhü dəstəkləyən, terrorizmə qarşı çıxış edən, həmrəyliyi və haqq-ədaləti müdafiə edən tərəfdaş kimi Amerikanın yanında olub. Barak Obamanın Prezidenti nüvə sammitinə dəvət etməsi bu tərəfdaşlığın yeni müstəvidə davamı və inkişafı deməkdir. Amerika Konqresinin ortaya atdığı cəfəngiyyat layihəsi məsələsinə gəldikdə, ABŞ-ın Azərbaycandakı səfiri də, Dövlət Departamentinin məsul şəxsləri də bildirdilər ki, Amerika Konqresinə çoxlu sayda bu kimi layihələr daxil olur. Bizim parlamentə də çoxlu sayda layihələr daxil olur, kifayət qədər təkliflər səsləndirilir. Deputatların layihələrini görürük, amma bu bütövlükdə parlamentin münasibəti deyil. İndi Kristofer Smitin də irəli sürdüyü layihənin, yəqin ki, Amerika dövlətinə aidiyyəti olmayacaq və Konqres bu layihəni qəbul etməyəcək. Amma hər halda bu, kifayət qədər ürək bulandıran bir məsələdir.

- Amma bunun qarşısını almaq üçün hansısa addımlar atılmalıdır…
- Hesab edirəm ki, bizim müvafiq qurumlarımız da aktiv şəkildə işləməlidir. O cümlədən Amerikadakı diaspora təşkilatlarımız, Xarici İşlər Nazirliyi, Diaspora üzrə Dövlət Komitəsi, ayrı-ayrı QHT və sivil toplumlar bu məsələdə aktiv olmalıdır. Bilinməlidir ki, Kristofer Smitin bu layihəsinin ideyası haradan yaranıb, burada məqsəd nədir. Təbii ki, bu, erməni lobbisinin dəstəyi ilə ortaya çıxıb. Biz bu kimi halları ciddi tənqid edirik. Amma biz də bu illər ərzində orada öz lobbimizi yaratmalı və bu işləri həyata keçirməli idik. Əlbəttə, bu, ayrı bir mövzudur. Ancaq biz bu məqamı da nəzərə almalı, bundan sonra orada aktiv olmalıyıq. Cənab Prezidentin bu sammitə dəvət edilməsi Amerika dövlətinin Azərbaycan dövlətinə bir əməkdaşlıq və müttəfiqlik siyasətinin təzahürüdür. Mən bu səfərə dəvəti yüksək qiymətləndirirəm. Hesab edirəm ki, bu səfərdən sonra bizim münasibətlərimiz daha isti müstəvidə davam edəcək.

- Qeyd etdiniz ki, arada ürək bulandıran proseslər də olur. Məsələn, Smitin layihəsi, Qarabağla bağlı həmsədrin bəzi açıqlamaları, separatçı rejimin Amerikada hansısa səviyyədə qəbul edilməsi və s. Bu səfər ortada olan problemləri birdəfəlik aradan qaldıra bilərmi?
- Heç şübhəsiz ki, bu səfərin münasibətlərin inkişafında müsbət və əhəmiyyətli təsiri olacaq. Ancaq nəzərə almalıyıq ki, dövlətin bir neçə strukturu var və biz bu istiqamətlərin hər biri ilə işləməliyik. Bu, bizi heç də arxayınlaşdırmalı deyil ki, sabah ikinci bir Kristofer Smit ortaya çıxmayacaq. Yaxud başqa bir dövlətin parlamentində bir deputat Azərbaycan əleyhinə fikirlər söyləməyəcək. Demək istəyirəm ki, cənab Prezidentin səfəri və ya Obamanın dəvəti öz yerində və bu, çox yaxşı haldır. Ancaq biz hər şeyi bu səfərlə sığortalamamalıyıq. Amma şübhəsiz ki, münasibətlərin istiləşməsi, irəli aparılması və dost münasibətə çevrilməsi üçün bu səfərin böyük əhəmiyyəti olacaq.

- Ötən həftə Prezident hökumətin müşavirəsini keçirdi. Necə düşünürsünüz müşavirə dünyada müşahidə olunan böhran şəraitində problemlərin həllinə təsir edəcəkmi?
- Birinci növbədə deyim ki, cənab Prezidentin müşavirəsinə qədər, dekabrın 21-də devalvasiya prosesi baş verdi. Ötən müddət ərzində Azərbaycan cəmiyyətində bir narahatlıq var idi. Müəyyən sahələrdə ajiotaj var idi. O cümlədən banklar, əmanətlər, manatın taleyi ilə bağlı. Bazarda müəyyən işbazlar bu durumdan istifadə edib qiymətləri qaldırırdılar. Cənab Prezidentin söylədiyi kimi bu malların dollar-manat münasibətinə o qədər aidiyyəti yox idi. Ölkə daxilində istehsal edilən məhsullar idi. İki gün əvvəlki müşavirə, cənab Prezidentin inamlı çıxışı və hökumət üzvlərinə müvafiq tapşırıqların verilməsi bu ajiotajın müəyyən qədər aradan qalxmasına səbəb oldu. Azərbaycan insanları, xüsusilə aztəminatlı vətəndaşlarımız əmin olacaqlar ki, Azərbaycan dövləti və Prezidenti onların yanındadır, müvafiq qayğı göstəriləcək. İkincisi, bu müşavirədə cənab Prezidentin qarşıya qoyduğu məsələlər var. 2015-ci ilin yekunları və 2016-cı ildə qarşıda duran məsələlərlə bağlı hökumətdə, eləcə də vətəndaşlarda aydınlıq yaratdı. Şübhəsiz ki, Azərbaycan bundan sonra da öz müstəqil siyasətini davam etdirəcək, qeyri-neft sektorunun inkişafına daha da önəm verəcək. Ölkəmizdə kiçik və orta sahibkarlığın, ümumiyyətlə biznesin inkişafı üçün münbit və şəffaf şərait yaradılacaq. Korrupsiya və inhisarçılıqla bağlı ciddi tədbirlər daha geniş miqyasda davam etdiriləcək. Ölkədə sosial-iqtisadi inkişaf, ələlxüsus qeyri-neft sektorunun inkişafı üçün lazım olan tədbirlər həyata keçiriləcək. Üçüncüsü, müşavirdə Prezident həm də xalqın sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün görülməli tədbirlər haqqında danışdı. Hökumətə konkret tapşırıq verildi ki, araşdırma aparılsın, pensiya, təqaüd və müavinətlərin artırılması istiqamətində təkliflər irəli sürülsün. Bu təkliflərdən sonra cənab Prezident müvafiq qərar verəcək. Doğrudan da, araşdırma aparılması fikri məni çox qane etdi. Niyə? Biz bəzən havadan götürürük ki, devalvasiya 50 % baş veribsə, mütləq maaşlar 50 % faiz artırılmalıdır. Bu, belə deyil. Bu yanaşma və artımla biz bazarda manatın bolluğunu yaradacağıq və yenidən qiymətlər artacaq. Bu şəkildə də qiymət artımı davam edəcək. Buna görə də, tam araşdırmaq lazımdır ki, əhalinin vacib tələbatları nəyədir. Ərzaq, qeyri-ərzaq və vacib xidmət sahələrində nə qədər artım baş verib. Buna uyğun da əmək haqları və pensiyalar artırılsın. Hesab edirəm ki, hökumət cənab Prezidentin təkliflərini uzatmalı deyil, əksinə, yaxın dövrdə öz araşdırmalarını və təkliflərini ona təqdim etməlidir. İnsanlarımız da yaxın bir ayda maaşları alarkən artımı müşahidə edə bilsinlər. Eyni zamanda, cənab Prezident bəyan etdi ki, bazarda bolluq yaranmalıdır. Xüsusilə, müəyyən istehlak mallarının bolluğu özünü göstərməlidir. Bu, həm qıtlığın qarşısını alacaq, həm də qiymət artımını aradan qaldıracaq. Şübhəsiz ki, süni şəkildə qiymət artımına gedən işbazlara qarşı da ciddi cəza tədbirləri görülməlidir. Bu vəziyyətdən istifadə edib möhtəkirlərin insanlarımızı daha ağır vəziyyətə salmasına yol vermək olmaz. Bu mənada Prezidentin müşavirəsini əhəmiyyətli hesab edirəm. Düşünürəm ki, müşavirədə Prezidentin qarşıya qoyduğu məsələlər hökumətin müvafiq qurumları tərəfindən qısa müddətə yerinə yetiriləcək. Ən əsası da, Prezident qeyd etdi ki, ictimai nəzarət güclənməlidir. Biz də vətəndaş aktivliyimizi ortaya qoymalıyıq.

- Möhtəkirlik halları çoxdurmu, doğrudanmı, işbazlar bu kimi durumlarda dövləti və milləti deyil, ancaq qazanclarını güdürlər?
- Birinci dalğa zamanı bu hal oldu. Lakin süni bahalaşma sonda onu yaradanın ziyanına işləyir. Bazar mexanizmi tələb-təklif əsasındadır. Sən qiyməti süni şəkildə bahalaşdırsan, insanlar birinci gün səndən alacaq, sonrakı günlər isə almayacaq. Sənin də malın ya xarab olacaq, ya da qiyməti aşağı salacaqsan. Ona görə, bir qədər ağıllı hərəkət etmək lazımdır. 10-15 gün əvvəl mövcud olan ajiotaj artıq mövcud deyil. Amma bahalaşma da tələb və təklifə uyğun olmalıdır. Möhtəkirlik halları var. Ancaq hansısa möhtəkirin qiymət bahalaşdırması ölkə iqtisadiyyatına və əhalinin şəraitinə bir o qədər mənfi təsir göstərmir. Ən çətini odur ki, monopolist qiyməti bahalaşdırmasın. Bazarda malın dövriyyəsinə daha çox nəzarət edən şəxs və ya şirkət kimdirsə, ona qarşı mübarizə aparılmalıdır ki, malını adekvat və insafla satsın. Eyni zamanda insanlarımızda sosial ədalət prinsipi, vətəndaşlıq duyğusu olmalıdır. Biz bütün dünyada baş verən böhranı müşahidə edirik. Bu böhran Azərbaycana da mənfi təsir göstərirsə və bu durumda kimsə az təminatlı insanın hesabına varlanmağı qarşısına məqsəd qoyursa, bu, normal insani dəyərlərə uyğun deyil.

Nemət


Müəllif: