“Mən Üzeyir Hacıbəylini ilk dəfə dinləyəndə, bildim ki, bu klassik musiqi tarixində inqilabdır”.
Bu sözləri Azərbaycandan minlərlə kilometr uzaqda – İspaniyada yaşayan hüquqşünas tələbə Natalia Cosio dedi. Natalia Madriddə doğulub və hazırda da orada yaşayır. Tələbədir, Pantificia de Camillas Uuniversitetində təhsil alır. Uşaq yaşlarında pianino dərslərində iştirak edən Nataliada klassik musiqiyə böyük sevgi var. Məhz bu sevgi də onu Azərbaycana, Üzeyir Hacıbəyli ilə tanışlığa gətirib.
“Himniniz məndə fəxr hissi yaratdı”
- Ən başlıca sualım, siz Üzeyir Hacıbəyli yaradıcılığı ilə necə və harada tanış oldunuz?
- Mən uşaq yaşlarımdan xalq mahnıları və klassik musiqilərin həvəskarıyam. Ölkənizi qədimiliyinə görə çox sevirəm. Üzeyir Hacıbəyliyə sevgim isə tamamilə təsadüfən başladı. Mən 3 il əvvəl Bakıda keçirilən beynəlxalq tədbir zamanı sizin himninizi dinlədim. Mən ispanam, amma bu himn məndə ani olaraq, bir fəxr hissi yaratmağa başladı. Sanki öz ölkəmin himnini dinləyirdim. Amma sözləri anlamırdım. Dediyim kimi mən musiqini, özəlliklə də klassik musiqini çox sevirəm. Buna görə də dərhal bəstəkarın kimliyi ilə maraqlanmağa başladım. Bununla da dahi bəstəkarınız Üzeyir Hacıbəylini kəşf etdim.
“Bunu yalnız dahi bacarar”
- Bəs bundan sonra, heç onun başqa əsərlərini dinlədinizmi? Hansı əsərlərini bəyəndiniz?
- Əlbəttə, dinlədim. Axı bu cür bəstəkarı necə dinləməyim? Tamaşaları, operaları, bəstələri. Hətta “O, olmasın, bu olsun” filmi, “Ər və arvad”, “Arşın mal alan”a baxdın... Mən heç bilmirdim ki, Şərqdə belə tamaşalar var. Xeyr, bu Avropasayağı səhnələr deyildi. Xeyr. Bu uzaq Şərq də deyildi. Bu tamam başqa bir imic idi. Bizə tanış olmayan. Ən çox sevdiyim əsəri “Koroğlu” üvertürasıdır. Mən sizə deyim niyə. Çünki burada mən opera dinləyirdim. Amma yox, axı orada başqa alətlər də var. Tar, kamança, saz... bunlar bizə tanış alətlər deyil. Amma bəstəni necə də möhtəşəm tamamlayırlar. Bunu yalnız dahi bacarar.
“Bu, Şərq musiqisini dəyişən inqilab idi”
- Sizcə, Üzeyir Hacıbəylinin özəlliyi nədə idi? Onun başqa Qərb bəstəkarlarından fərqi nə idi?
- Aha, dayanın... Mən əvvəl onu da deyim ki, bəstəkarınız haqqında çox fakt oxumuşam. Bilirəm ki, o, Şərqdə ilk operanın banisidir. Axı Şərqdə XX əsrdə opera necə olmayıb? Mən sizə deyim niyə. Çünki heç kəs operanı, klassik musiqini tanımırdı, anlamırdı. Sizin Üzeyir Hacıbəyli isə anlayıb və tamam fərqli bir əsərlər yaradıb. XIX-XX əsrlər Şərq, qatı islam ölkələri. Bu, inqilab idi. Şərq musiqisini dəyişən inqilab. Mən sevdiyim bəstəkarların həyatlarını da oxuyuram. Onlar çox çətinliklərdən keçiblər. Üzeyir bəy də həmçinin. Təsəvvür edin, ilk dəfə operaya gəlirsiniz. Şərq adamı. Bilmirsiniz, nə baş verir. Lakin sonda hər şeyi bəyənirsiniz. “Leyli və Məcnun” operası... Axı, bu bizim “Romeo və Cülyetta”dır. Ancaq İslam dünyasında. Üzeyir Hacıbəyli də Motsart, Şubert kimi yeniliklər edib. Amma o, bunu tamam başqa cür və tam yeni bir stildə edib.
“Klassik musiqi Qərbi cahillikdən azad etdi”
- Niyə düşünürsünüz ki, Üzeyir Hacıbəylinin yaradıcılığı Şərqdə tam yeni bir üslub yaratdı? Sizcə niyə? Bu üslub nədən ibarət idi?
- Qısaca desəm, bu, Şərq və Qərbin qovuşmasıdır. Ümumiyyətlə, klassik musiqinin özəlliyi bilirsinizmi, nədir? Klassika insanlara öz davranışlarını nizama salmağa yardım edir. Onları sakitləşdirir. Başqa və tam yeni bir dünyaya aparır. İnsanlar bu musiqiyə qulaq asarkən, daha dərin düşünürlər. Daha çox şey anlayırlar. Klassik musiqi Qərbi cahillikdən azad etdi. Musiqi insanlara yeni bir yol göstərdi. Şərqdə də bunu edəcək bir nəfər lazım idi. Öz musiqisi ilə qəlbləri sakitləşdirməyi bacarmalı idi. Sizin bu cəhətdən bəxtiniz gətirib. Düşünün, bəstəkarları olmayan ölkələr nə etsin?
“Bakını çox sevirəm”
- Danışdıqlarınız məndə o qədər sual yaratdı ki... Bəs sizin ölkənizdə necə, belə bəstəkarlar varmı? Bu cür fərqli əsərlər yaradan...
- İspaniyada çox təəssüf ki, klassik musiqi dinləyən çox deyil. Katoliklər klassik musiqini çox dinləmirlər. Müasir gənclər isə daha çox “Salsa”, “Tanqo” və digər yerli rəqs və musiqiləri sevirlər. Bizim operalar gözəldir, amma onlar da Qərb üslunundan çox fərqlənmir. Dünyada ən məşhur opera və bəstələr alman və ingilislərə məxsusdur. Opera ağır təbiətli insanlara məxsusdur. İspanlar isə istiqanlı xalqdırlar. Əslində sizin millət də bizə bənzəyir. İstiqanlı və qonaqpərvərsiniz. Artıq 3-cü dəfədir Bakıya gəlirəm. Yenə də gələcəyəm. Bu şəhəri çox sevirəm. Burada çoxlu dostlarım var. Avropaya gəlmək çətindir, uzaqdır. Eybi yox. Mən sizə gələrəm.
“Karvan”ı dinləyəndə sanki Mərakeşdə yol gedirəm”
- Bir sual daha vermək istəyirəm, bəs Azərbaycandan olan başqa bəstəkarları dinləmisinizmi? Daha kimlərin bəstələri ilə tanışsınız?
- Təbii ki, qulaq asmışam. Fikrət Əmirovun bəstələri gözəldir. Aha birini də xatırladım – qardaşı, Üzeyir Hacıbəyovun qardaşı, Soltan Hacıbəyovun “Karvan” üvertürası. Sanki səhradan yol gedirəm. Mərakeşdə. Ya da Ərəbistanda. Yol bitmir. Bax, o çox gözəl bəstədir. Daha sonra bir neçəsi də var. Adları qəliz olduğundan xatırlamıram. Sizə də bir nəçə ispan bəstakarı məsləhət görəcəyəm, onları da dinləyin. Daha sonra fikirlərinizi mənə deyərsiniz..
“Bakıda Şərqi yalnız abidələrdə görürəm”
- Bir də, necə düşünürsən, Azərbaycan qərb, ya şərq ölkəsidir?
- Çətin sualdır. Şəhərinizi gəzdikdən sonra sizə şərqli demək olmaz. Belə deyim – Azərbaycan Qərb ideologiyasını, Qərb həyat tərzini mənimsəmiş Şərq ölkəsidir. Ölkəniz hər il daha çox dəyişir. Şübhəsiz ki, müsbətə doğru. İnsanlarınız alicənabdır. Hətta bir şeyi deyim ki, bəzən sizin insanlar bir çox avropalıdan daha yaxşıdır. Kobud deyillər. Gülər üzlüdürlər. Mən burada Şərqi yalnız abidələrdə görürəm. Müasirlik isə Amerika səviyyəsindədir.
- Təşəkkürlər Natalia, səninlə olan söhbətimizdən sonra bir daha dahi bəstəkarımızla fəxr etdim! Təşəkkür edirəm!
- Buyurun, siz sağ olun! Əksinə. Mən minnətdaram!