Xalq artisti Aygün Bayramova Teleqraf.com-a müsahibə verib.
Müsahibəni təqdim edirik:
- Aygün xanım, Ağdam rayonu işğaldan azad edildi. Rayonun Sarıhacılı kəndindənsiniz, təəssüratlarınız necədir?
- Təəssüratlarım çox gözəldir. Allahıma şükürlər olsun ki, torpaqlarımız işğaldan azad edildi. Şəhidlərimiz var, onların ruhu, anaları qarşısında baş əyirəm (kövrəlir). Həm sevincli, həm də kədərliyik. Onlar ölməyiblər, sadəcə şəhid olublar. Onlara ömrümüzün sonuna qədər borcluyuq. İgidlərimiz var ki, daşın, torpağın içində yatır, torpaqlarımızə göz-bəbəkləri kimi qoruyurlar.
Ali Baş Komandana təşəkkür edirəm ki, bu sevinci bizə yaşatdı. Ermənilər torpaqlarımızı dağıdıblar, o yerləri cənnətə döndərəcəyik. Onlar öz vəhşiliklərini, şərəfsiz olduqlarını bir daha göstərdilər. Bizim gəncliyimiz, tələbəlik illərimiz müharibə dövrünə düşdü. Hansı faciələri görmədik ki... Torpaqlarımızın işğalını gördük, erməni vəhşilikləri ilə üzləşdik, bunları unutmamalıyıq, Xocalı faciəsi, Gəncə və Bərdəyə atılan raketlər, hamısını yaddaşımızda saxlamalıyıq...
Fikrimcə, Tərtər rayonuna "Qəhrəman şəhər" adı verilməlidir. Mənim bacım da Tərtər rayonunda yaşayır. Müharibə vaxtı evlərini tərk etmədilər. Dedilər, burada öləcəyik. Qardaşımın balaları müharibəyə getdilər, yaralanan da oldu. İndi də Kəlbəcərdədirlər. Demək istəyirəm ki, bu Vətən hamımızındır. Vətənin daim keşiyində durmalıyıq.
- Doğma evinizə gedəndə ilk olaraq nə edəcəksiniz?
- Ağdamın bir neçə kəndi bizdə idi, oraya gedərkən düşünürdük ki, Vətənimizin yarısı görsənir, amma ora ayaq basa bilmirik. Bu, çox çətin idi. Bilmirəm... Torpağı qucaqlayıb, bağrıma basacam. Torpaqlarımız işğal ediləndə sonra neçə il "Qarabağ şikəstəsi"ni oxumadım. Sanki özümə bunu sığışdırmırdım.
İndi Qarabağ torpaqlarında "Qarabağ şikəstəsi"ni daha ürəklə oxuyacam. Ağdama getməyi səbrsizliklə gözləyirik. Təbii ki, dövlət başçımızın dediyi kimi oranı yenidən yaradacağıq. Hər şeyi düzəldəcəyik, hər qarışını cənnət edəcəyik.
- Doğma kəndinizdən çıxarkən nə isə götürə bilmişdiniz?
- Onda heç nə gətirə bilməmişdik. İndi atamın ruhu şaddır. Vətənini, torpağını hədisz sevən bir insan idi. Bu günü görmək ona qismət olmadı. Doğmalarım, əzizlərim əvvələr deyirdilər ki, torpaqlarımızı xilas edə bilməyəcəyik. Çünki real görünmürdü. Amma şükürlər olsun, bu gün bizə qismət oldu.
İnsan ömrüdür, nə qədər yaşadığımızı bilmirik. Arzu edirdim ki, Allahım o günü bizə göstərsin, Qarabağımız azad edilsin.Belə bir xoşbəxt ömrü yaşamağa nə var!..