27 May 2022 17:20
548
12 Punto 14 Punto 16 Punto 18 Punto

"O ki qaldı, ermənilərin Azərbaycanda yaşamasına, bu tarixi də hər kəs yaxşı bilir. Rus-İran müharibəsindən sonra XIX əsrin əvvəllərində İrandan və Şərqi Anadoludan ermənilər kütləvi surətdə köçürülüb və Azərbaycanda, Qarabağda məskunlaşdırılıb. Bunu biz hamımız yaxşı bilirik".

Teleqraf.com xəbər verir ki, bunu Prezident İlham Əliyev Zəngilan rayonunun Ağalı kəndində ictimaiyyətin nümayəndələri ilə görüşdə çıxış edərkən bildirib.

"O ki qaldı, 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılmasına, onun da heç bir əsası yox idi"- deyən dövlət başçısı qeyd edib ki, bu, qanunsuz bir addım idi, sadəcə olaraq, bir saat bombasını Azərbaycanın canına yerləşdirmək, istənilən an onu partlatmaq və xalqımızı məhv etmək məqsədi daşıyırdı: "Heç bir əsası yox idi ki, orada hansısa bir muxtar vilayət yaradılsın. Özü də Şuşanı da salmışdılar onun içinə.

Mən nə üçün bunu deyirəm, çünki Ermənistanda faşistlər hələ, necə deyərlər, baş qaldırmağa cəhd göstərirlər və onlara elə gəlir ki, əgər onlar hakimiyyətdə olsaydılar müharibənin nəticələri başqa cür ola bilərdi. Qətiyyən yox! Onlara elə gəlir ki, əgər onlar hakimiyyətə gəlsələr, nə isə əldə edə bilərlər. Qətiyyən yox! Əksinə, əgər istəmirlərsə ki, onların başı bir daha əzilsin, otursunlar və bu tərəfə heç baxmasınlar. Biz hələ ki, səbirlə bu mənzərəni izləyirik. Amma bunu Ermənistan faşistləri - bizə hürməyə çalışan faşistlər bilsinlər ki, hər an onların dərsini verməyə bir daha hazırıq, necə ki, İkinci Qarabağ müharibəsi zamanı. İndi kimdir Ermənistanda meydan sulayan? İkinci Qarabağ müharibəsi zamanı Qarabağdan dovşan kimi qaçan Sarkisyan-Köçaryan cütlüyü. Əgər onlar belə qəhrəman idilərsə, niyə qaçmışdılar? Oturardılar, vuruşardılar. Hər ikisi Xankəndidə idi, o cümlədən onların keçmiş müdafiə naziri. İndi bizi hədələməyə çalışırlar. Niyə qaçmısınız dovşan kimi? Axı, gərək bunu unutmasınlar. Bizim gücümüzü hər an görüb buna adekvat addım atsınlar".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər