Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin həllinin hüquqi əsaslarını BMT Təhlükəsizlik Şurasının qətnamələri təşkil edir. Bu qətnamələrin müddəalarında Azərbaycanın suverenliyi və ərazi bütövlüyü, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu bir daha təsdiq olunur. Ermənistanın Azərbaycana qarşı gücdən istifadə etməsi kəskin şəkildə pislənilir və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılması tələb olunur.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün kifayət qədər ciddi baza hazırlandığı barədə fikirlərini şərh edərkən deyib.
Hikmət Hacıyevin sözlərinə görə, danışıqlar prosesinin məğzini BMT Təhlükəsizlik Şurasının qətnamələri təşkil edir:
“Münaqişənin həlli ilə əlaqədar planlarda həyata keçirilən tədbirlər də məhz bunun əsasında olmalıdır. Xüsusilə qeyd etmək istərdim ki, BMT Təhlükəsizlik Şurasının 853-cü qətnaməsindən çıxış edərək Ermənistan qoşunlarının Azərbaycandan çıxarılmasını özündə ehtiva edən təxirəsalınmaz tədbirlər haqqında cədvəl də hazırlanıb və danışıqlar prosesində bu cədvəldə olan məqamlar, yəni Ermənistan qoşunlarının qısa vaxt çərçivəsində Azərbaycan ərazilərindən çıxarılması kimi addımlar ciddi şəkildə nəzərə alınmalıdır”.