28 Sentyabr 2020 12:52
597
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məlum olduğu kimi, təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi Cenevrə Konvensiyası ilə üzərinə düşən öhdəliklərini yerinə yetirməyərək beynəlxalq humanitar hüququn əsas norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhalini, çoxsaylı ev və mülki obyektləri, təsərrüfat təyinatlı məntəqələri ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.

Baş Prokurorluğunun mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, hədəf kimi əhalinin kompakt olduğu məntəqələr - rayon və kənd mərkəzləri, mülki infrastruktur obyektlər - xəstəxanalar, tibb məntəqələri, məktəb binaları, uşaq bağçaları seçilir.
Hazırkı vaxtadək ümumilikdə mülki əhalidən 27 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilmişlər.
Dərin kədər hissi ilə qeyd edirik ki, bu gün düşmənin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə qrad qurğularından atəşə tutması nəticəsində Ağdam rayonu, Evoğlu kənd sakini 1979-cu il təvəllüdlü Paşayev Coşqun Ənvər oğlu həlak olmuşdur.
Faktla bağlı Ağdam rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 100.2 (təcavüzkar müharibəni aparma) və digər maddələri ilə cinayət işi başlanmışdır.
Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerində döyüş şəraiti nəzərə alınmaqla mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən müxtəlif cinayətlər törətmiş Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilərək cəzalandırılmalarını təmin etmək məqsədi ilə zəruri sənədləşdirilmə aparılır və müvafiq qaydada sübütlar toplanılır.
İctimaiyyətə mütəmadi olaraq məlumatların verilməsi təmin ediləcəkdir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər