Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli Teleqraf.com-a müsahibə verib.
Müsahibəni təqdim edirik:
- Fərhad müəllim, cəbhə bölgəsində baş verən hadisələri necə dəyərləndirirsiniz? Təəssüratınız necədir?
- Həddindən artıq qələbə ab-havası üçün hələ tezdir. Bu, hələ başlanğıcdır. Əhali məsuliyyətini daha da artırmalıdır, bayram ab-havasına tələsməyək. Gəlin, bir az praqmatik olaq. Biz şəhidlər veririk, Allah onlara rəhmət eləsin! Hazırda daha çox ciddi və məsuliyyətli hərəkət etmək lazımdır. Xahiş edirəm ki, real düşünək.
Düşmənin çox böyük havadarları var, hələ bilmirik necə olacaq. Biz addım-addım, ehtiyatla irəli getməliyik. Hər tərəfdən düşmənimiz var. Azərbaycanı sevməyən ölkələr az deyil. Ona görə bütün xalq cənab Prezident İlham Əliyevə dəstək verməlidir.
Siyasi partiyalara səslənirəm ki, ambisiya vaxtı deyil. Siyasi mübarizəni qələbədən sonraya saxlamalıdırlar. Siyasi partiyalardan, müxalifət liderlərindən xahiş edirəm ki, ordumuza dəstək versinlər. Əsas məsələ budur, bu, çox vacibdir.
- Yeddi kəndimiz işğaldan azad edildi, Murov zirvəsini və Talış istiqamətində bir sıra yüksəklikləri geri aldıq. Mövcud prosesin davamını necə təsəvvür edirsiniz?
- Bu günlər ərzində bütün imkanlarımızı ortaya qoymalı və erməniləri torpaqlarımızdan azad etməliyik. Çünki növbəti danışıqlarda bu qələbə çox mühüm rol oynayır. Ermənilərlə başqa cür danışmaq lazımdır. İndi onlar başa düşdülər ki, Şuşada çalıb oynamaq, orada parlament yaratmaq olmaz. Bizi qıcıqlandırmaq təhlükəli idi. Onlar bunu indi başa düşdülər.
Biz nə istəyirik? Bütün rayonlarımız işğaldan azad edilsin. Biz Ermənistana getmirik, öz torpaqlarımızı istəyirik, Vətənimizdə vuruşuruq. Əgər danışıqlar olsa, bütün erməni silahlı qüvvələri Azərbaycandan çıxmalıdırlar. Başqa yolu yoxdur. Əgər bu olmasa, müharibə davam edəcək.
- Qardaş Türkiyənin ölkəmizin yanında olmasını necə dəyərləndirirsiniz?
- Çox gözəl... Atam hər zaman 1918-ci ildə Nuru Paşanın Bakıya gəlməsini yada salırdı ki, onda çox böyük bir bayram idi. Türkiyə olmasaydı, Bakıda bir nəfər azərbaycanlı qalmazdı. Türklərin Azərbaycanın yanında olması bizə böyük bir ruh yüksəkliyi verir. Mən türk qardaşlarımıza və İstanbulda, Ankarada, İzmirdə olan dostlarıma salam göndərir və təşəkkür edirəm. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və yüksək rütbəli dövlət məmurları Azərbaycana dəstək verdilər.
Bu, bizim üçün çox sevindirici və önəmlidir. Mən ürəkdən deyirəm: Türkiyə var ol!
- Belə bir çətin vəziyyətdə insanlara tövsiyələriniz nələrdir?
- Ölkəmizdə müharibə gedir, bu, çox ciddi məsələdir. Bir az səbrli olmalıyıq. Rəsmi məlumatlara inanaq. İnternetin məhdudlaşması böyük bir problem deyil. Çünki dezinformasiyalar yayıla bilərdi. Hərbi vəziyyətdir və ciddi qəbul etməliyik.
- Şəhid ailələrinə sözünüz varmı?
- Düşünürəm ki, ölkəmizdə “Şəhidlik haqqında” qanun qəbul edilməlidr. Şəhid ailələri və əsgərlərimiz bilməlidir ki, Allah eləməsin, şəhid olarsa, onun ailəsinin gələcəyini maddi və mənəvi baxımdan dövlət öz üzərinə götürəcək. Fikrimcə, bu barədə xüsusi qanun qəbul edilməlidir.
Şəhid ailələri daim bizim diqqətimiz hiss etməlidirlər və necə ki indi də bunu görürlər. Millət vəkillərimiz buna diqqət etməlidirlər. Bu, böyük bir məsələdir.
- Fərhad müəllim, təşəkkür edirik, əlavə edəcəyiniz hər hansı sözünüz varmı?
- İnşallah, Şuşada görüşərik!