BMT Təhlükəsizlik Şurası Qarabağ münaqişəsinə görə, dörd qətnamə qəbul edib. Bu qətnamələr BMT nizamnaməsinin altıncı fəsilinə uyğun qərara alınmışdı və əməl edilməyəcəyi təqdirdə güc tətbiqi nəzərdə tutulurdu. Hazırda Qarabağ konfliktinə dair əməliyyat Azərbaycan daxilində həyata keçirilir. İndi BMT Təhlükəsizlik Şurasında hər hansı bir qərar çıxsa, əvvəlki qətnamələr əsasında altıncı fəsilə uyğun formada çıxarılmalıdır.
Bu fikirləri Teleqraf.com-a hüquqşünas Fərhad Mehdiyev bu gün BMT-nin Təhlükəsizlik Şurasının qapalı məsləhətləşmələr formatında Dağlıq Qarabağdakı vəziyyətlə bağlı təcili müzakirəsi zamanı qəbul edilə biləcək mümkün qərarlar haqqında danışarkən deyib.
Hüquqşünas bildirib ki, Azərbaycanın BMT-dəki nümayəndəsi toplantıda iştirak etməsə də, öz fikirlərini təqdim edə bilər:
“Yəni qeyd edilə bilər ki, BMT qətnamələri indiyə qədər icra edilməyib və hazırda Bakı BMT tərəfindən verilən qətnamələrin icrasını həyata keçirir. Hesab edirəm ki, Azərbaycanın əli çox güclüdür. Məsələn, 822 saylı qətnamədə yazılıb ki, erməni gücləri tutduğu ərazidən çıxmalıdır. Heç Ermənistanın adı qeyd edilməyib. Son 28 ildə erməni güclərini bu ərazillərindən kimsə çıxarıbmı?”
F. Mehdiyev qeyd edib ki, hətta Azərbaycanın hərbi əməliyyatları dayandırmasına dair qərarın çıxması belə vəziyyəti dəyişə bilməz:
“Erməni güclərinə qarşı belə qətnamələr çıxıb. Ancaq onlar bu sənədlərə əməl etməyib. Nəticəsi nə olub? Bizə də qarşı belə qətnamənin çıxması heç nəyi dəyişə bilməz”.
Hüquqşünas əlavə edib ki, Azərbaycan ordusu əməliyyatlarını davam etdirməlidir:
“Bunu dayandırmaq olmaz. Qətiyyən dayandırmaq olmaz. Ən pis ssenari Azərbaycana qarşı sanksiya tətbiqi ola bilər. Ancaq bu da BMT nizamnaməsinin yeddinci fəsilinə əsasən qərara alınmalıdır. Mən bunu gözləmirəm”.
Fərhad Mehdiyev hesab edir ki, Azərbaycan Müdafiə Nazirliyi və ya Xarici İşlər Nazirliyi münaqişə ilə bağlı daha çox informasiya verməlidir:
“Bu vacib məsələdir. Nəzərə almaq lazımdır ki, hazırda erməni tərəfi Azərbaycanı beynəlxalq humanitar hüququ pozduğunu iddia edir və bundan sonra daha çox iddia etmək xəttini seçəcək. Bizim müvafiq strukturlar münaqişə zonasındakı gedişatla bağlı beynəxalq xəbər agentliklərinə daha çox məlumat verməli, xüsusi beynəlxalq humanitar hüquqa diqqətlə yanaşdığımız dilə gətirməlidir ki, beynəlxalq arenada bizə qarşı hər hansı bir fikir formalaşmasın. Hesab edirəm ki, bu vacib məsələdir”.
Xatırladaq ki, bu gün BMT-nin Təhlükəsizlik Şurası Dağlıq Qarabağdakı vəziyyətlə bağlı təcili müzakirə keçirməyi planlaşdırır. Müzakirənin keçirilməsinə dair bir sıra Avropa ölkələri təşəbbüslə çıxış edib.
Qeyd edək ki, məsləhətləşmələrin formatı Təhlükəsizlik Şurasının 15 ölkəsindən olan diplomatların münaqişə tərəflərinin nümayəndələri olmadan iştirak etmələrini nəzərdə tutur.